Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:17

"Bu nə dərddi belə, a? Axı niyə?"


Valeriy Ronşin
Valeriy Ronşin

-

"İlahi, İlahi... Bu  nə dərddi  belə, a? Axı  niyə? Oğlum – şikəstdir. Qoca anamın  başı xarab olur. Səhərdən  axşama  kimi - iş! iş! iş!  Uşaq  vaxtı isə balet  məktəbinə gedirdim. Balerina  olmaq  istəyirdim."

 

"Qərara  gəlmişəm  ki, özümü  asım,  sizə  də  məsləhət  görürəm. Ancaq, əvvəl məktəbi bitirməlisiniz...”

Azərbaycan dilində ilk dəfə OXU

 

Valeriy Ronşin - rus yazıçısı. 1958-ci ildə doğulub. Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur. Elektrik, çilingər, radioteleqrafçı, müəllim kimi müxtəlif işlərdə işləyib. 30-dan artıq kitabın müəllifidir. Uşaq hekayələri də yazır. Əsərləri müxtəlif ölkələrdə nəşr olunub.

Rus dilindən tərcümə: Ziya Fazil

 

XRİSTOLYUBOVUN 1957-Cİ İL İSTEHSALI LAMPALI RADİOQƏBULEDİCİ İLƏ SÖHBƏTLƏRİ

 

Xristolyubov oturub öz otağında, zülmət qaranlıqda, döşəmədə, kürəyini istilik batareyasına söykəyib, gözlərini yumub radioya qulaq asır.

Köhnə , 1957-ci il istehsalı olan lampalı radioqəbulediciyə. Radio qadın səsi ilə danışır:

- Dünən Parisdə...

- Parisdə, - Xristolyubov ləzzətlə pıçıldayır, - Parisdə...

- Sabah Sinqapurda... - radio deyir.

- Sinqapurda, - Xristolyubov sözün tamını tutmağa çalışır, - Sin-qa-pur.

Qapının bərk taqqıltısı onu şirin xəyallardan ayırır.

- Kimdir orda? - az qala ürəyi dayanmış Xristolyubov soruşur.

- Açın, gestapodur! - qapı arxasından cavab verirlər.

Xristolyubov açır. Dəhlizdə dayanan bakirə Raisadır. 37 yaşlı. 96 kiloluq. Əlində nəhəng ağ çanta tutub.

- Təsəvvür eləyirsiniz, hansısa gicbəsər təp-təzə çantanı zibilliyə atıb. Amma mən qüruruma sığışdırdım, - götürdüm. Dükana gedəndə özümlə aparacam. Mətbəxə gedin! İndi gəlirəm...

Xristolyubov könülsüz mətbəxə sürünür. Bilir ki, ki Raisa ona növbəti erotik  filmdən danışacaq. Bu qız hər gün erotikaya baxır. Hər axşam da Xristolyubovun qarşısında onu söyür, ağzına gələni deyir .

Xristolyubov mətbəxin işığını yandırır. Sarı-qızılı tarakanlar dəlmə-deşiklərə soxulurlar. Qapıda nəhəng xalata bürünmüş Raisa peyda olur.

Dərhal  da içinə donuz piyi doğranmış böyük tavanı qaz plitəsinə qoyur (Piy qovurması  üçün sinov gedir) və növbəti seks-filmi xırdalıqlarınacan Xristolyubova danışmağa başlayır.

- Ətim töküldü! Hələ adına bax: “Açılmış dodaqlı qızlar”. Duydunuz,  nəyə işarə vururlar?

- Duyuram, - əslində,  qovrulan donuz piyinin iyindən başqa heç bir şey duymayan Xristolyubov başı ilə təsdiqləyir.

Raisa qəti qərara gəlir:

- Heç vaxt! Eşidirsiniz, Xristolyubov, heç vaxt! Kişiyə təslim olmayacağam! Kimsə mənə nəsə dürtsün?!

Ölürdüm elə. Hələ ağlımı itirməmişəm. Yazıq qadıncıqlar! Bu heyvanlar onların başına nə oyunlar açırlar. Baxmaq olmur.

Adamın ürəyi bulanır! Hələ sabah “ Get, soyun , qızcığaz”  filmi var. İyrəncliyin dərəcəsini indidən təsəvvür eləyirəm! Bilet almışam artıq.

Raisa diqqətini sevdiyi piylərə yönəldir. Xristolyubov - sərbəst! - sevimli radiosunun yanına tələsir.

Qəbuledici kişi səsi ilə danışır:

- Rio-de-Janeyro zooparkından Cülyetta ləqəbli puma qaçmışdır...

- Cülyetta... - Xristolyubov xəyala dalır... Gözləri önündə qeyri-adi  gözəlliyə malik qız canlanır. İri gözləri mavi rəngdədir. Qarabəniz dərisi var. Hələ üzünün nəcib cizgiləri... Mülayim  külək gur saçlarını  tərpədir, büzməli ətəyini qaldırır... Ətəyin altında isə - heç nə yoxdur! Yooo, yəni ayaqlar, əlbəttə  ki, var... Amma, belə baxanda: lüm- bə-ləm-lüt!   

Cülyetta Xristolyubova tərəf qaçır! Xristolyubov Cülyettaya tərəf  qaçır! Köpüklü  hündür dalğa kimsəsiz sahilə tələsir!

- Cülyetta, artıq, bir balaca qızı və iki qarını yemişdir... - radio yeknəsəq səslə xəbər verir. Və uzunayaqlı qızın sürəti getdikcə zəifləyir... sönür... itir...

Qapının o üzünü isə bayaqdan qarı nənə Utkina  cırmaqlayır. Xristolyubov dəhlizə boylanır. Raisa artıq öz otağında xoruldayır. Qarı nənə Utkina barmağı ilə çağırır:

- Gəl, gəl, gözümün işığı...

Xristolyubov ürkək əli ilə nahamar divarda işığın düyməsini axtarır.

- Yandrmayın  işığı, - Utkina  qarı qorxur, - Onlar görə bilərlər!

- Kim ?

- ONLAR.

Xristolyubov kibrit dənələrini qutuya çırpır... Birini... ikisini... üçünü... Nəhayət, dördüncünün titrəyən alovunda qırış-qırış ovuc  görünür.

İçində isə bircə dənə dəmir  20 qəpikllik.

- Oğlum, Allah xatirinə, çörək dükanına  get, - Utkina qarı acizanə yalvarır, – Nənəyə  kökə  al.

- Nənə, - Xristolyubov nədənsə oğru kimi boylanıb alçaq səslə pıçıldayır, - Gecə saat üçdür. Bütün  dükanlar  bağlıdır.

- Bir də süd, əzizim... - Utkina  qarı  qulaq  asmır, - Kökə və süd.  Amma, bax ha, qalığını unutma.

İyirmi qəpikdən hələ qalıq da istəyir...

- Özləri  nə  istəyirlər  yeyirlər, - Utkina qarı  ağlamsınmağa  başlayır, - Gözləyirlər,  mən yatan  kimi durub  xımır-xımır  tıxırlar. Məni  acından  öldürürlər .

Xristolyubov pulu götürür:

- Sabah alaram.

Utkina qarı çətinliklə əyilir, şkafın qapısını aralayır:

- Bax bura , gözümün işığı , qoyarsan. Mən isə xırda-xırda götürərəm və  yeyərəm, - Utkina qarı bir-iki dəfə dişsiz ağzıyla gülür, - Götürərəm və yeyərəm. Götürərəm və...

Birdən Xristolyubovun arxasında nəyisə görür, sir-sifəti tamam dəyişir. Xristolyubov dəhşət içində geri  dönür... Mətbəx  gur işığa qərq olur. Qapıda Seryojka dayanıb. Qarının  nəvəsi. Əlində  qəzet  tutub.

- Sən neynirsən  burda, İt Sümüyü? - Bu onun Utkina qarıya verdiyi ləqəbdir.

- Heç nə, Seryojinka,  heç  nə? - qarı  çox mülayim, mehriban  səslə deyir. Və  tez-tələsik qapı arxasında itir.

- Xristolyubov, -  Seryojka  həqarətlə  deyir, - əmgəyinə hələ balta vuran olmayıb?

Xristolyubov başını yelləyir. 

- Onda,  ala, oxu! - Seryojka  deyib qəzeti onun gözünə soxur .

Xristolyubov  oxuyur:

“Ruhi xəstələrin yaradıcılığı ...”

- Keyqulu, hamısını  yox, altından xətt çəkiləni!

Xristolyubov xətt çəkilən yerləri oxuyur :

“... şizofrenik   S.-in “Ət dükanı” rəsmi xüsusi təəssürat yaradır. Biz, dükanın  yardımçı otağında ət doğramaq üçün səthi sinklənmiş uzun stol görürük.

İki  qəssab  səliqəylə üçüncü qəssabın cəmdəyini doğrayır.  Qan şoralanıb, ağ-qara  tava daşlarıyla düzəldilmiş döşəməyə, oradansa kanalizasiya lyukuna  bulaq  suyu  kimi axır. 

Arxa  plandakı açıq qapıdansa piştaxtanın arxasında böyük ət tikələrini tərəzidə  çəkən ağ xalatlı satıcı  qadın və  uzun növbə  görünür.  Şizofrenik  S.-in güclü  fantaziyasına hətta Salvador Dali də həsəd aparardı...” 

Xristolyubov küt  nəzərlə Seryojaya  baxır. Heç  nə anlamır. Seryoja  etinasız  tərzdə :

- Şizofrenik  S. – mənəm! Yadındadı, keçən  il məni dəlixanaya  salmışdılar? - deyir.

...Xristolyubov yenə öz  sakit  guşəsindədir. Sevimli  radiosunun  böyründə.  Və  radio  xımır-xımır  Xristolyubovla  danışır:

"Ölüm  həyata qarşı  deyil. Ölüm – həyatın  davamıdır. Yaşamağın  öz  vaxtı  var, ölməyinsə öz vaxtı. Düşünün bu haqda."

Xristolyubov  düşünür.  Və  qapı  arxasında, şanlı  inqilabi  keçmişi  olan  köhnə  bolşevik  Yakov Aronoviç Berlyandın tualetdən ayaqlarını  sürüyə-sürüyə  qayıtdığını  eşidir.  

Çox  yavaş  yeriyir, dəfələrlə  ayaqları  kilidlənir,  yerimir.  Amma  belə  hallar  üçün o, özüylə  qamçı  gəzdirir.  Ayaqları  qıc  olan  kimi  Yakov  Aronoviç  qamçıyla  belinə “şap-p! şap-p!” ilişdirir.

Bir  az  da yeriyir. Ancaq,  Xristolyubovun  otağının  qabağında  Yakov  Aronoviç  yenə  ilişir.

Xristolyubov  tez  yerindən  sıçrayır - köməyə!  Cavan, güclü  əllərlə  kürəyə  qamçı  çəkməyə!   

Lakin, Yakov Aronoviç  təkəbbürlə  köməkdən  imtina  edir.

- Siz,  Xristolyubov, -  yoldaş  Berlyand  ağıl  öyrədir, - sizin  növbəniz  olanda ictimai  yerlərdə  təmizliyə  daha  ciddi   riayət  etməlisiniz, - və məğrur  görkəmlə  öz  otağına  yönəlir.  Xatirələrini  yazmağa.

Bəli, Yakov Aronoviçin gələcək  nəsillərə  danışacağı  çox  şey  var. Məsələn,  cavan, yaradıcılığa yeni  başlamış  heykəltəraş Yaşaya, partiyanın   –  hələ də şəhərin  mərkəzi  meydanını  bəzəyən  İliçin  abidəsinin  sol  ayağını  yapmaq  tapşırığı  haqqında . 

Bəli, Yakov Aronoviçin  deyiləsi sözü, yazılası xatirələri var...

- Əlbəttə ki,  müftə  yox, - yoldaş  Berlyand  həmişə  qeyd  edir, – Məni  Siyasi  Nəşriyyat   maliyyələşdirir.  Ço-o-ox  ibrətamiz  bir  kitabça  alınacaq. Cild-cild  kitablara  dəyəcək...

...Şüşə  arxasında  isə  dəli-divanə külək dəmirləri  silkələyir... Şüşə  arxasında  isə  güclü   yağış vəhşicəsinə  yolu-izi, damları  döyəcləyir... Radioda  isə : ti-ti-ti-ta-ta-ta-ti-ti-ti.  Üç  nöqtə. Üç tire. Üç nöqtə. 

Xristolyubov  bilir nədir  bu.  Bu – SOS-dur.  Kimsə  uzaq  dənizdə  batır. Bəlkə  də  okeanda. Nəhəng dalğa  ağır-ağır  göyərtədən aşır.

Kimisə yerə yıxır.  Göyərtədən suya  atır. Bəlkə  də, göyərtəyə çırpır. Dəhşət!  Fəlakət!

Xristolyubovsa – kefdədir. Quru  yerdə. Batareya  kürəyini  qızdırır.  Qaranlıq  sakitləşdirir. 

Səsi  də   azaldırsan. Lap  mahnı  kimi  səslənməyə  başlayır :  tititi -  tatata - tititi...

Xristolyubov  morzenin  cıvıltısına özü  də  hiss  etmədən  yuxuya  gedir.

- Xristolyubov! – Raisa  yumruğuyla  divarı  döyəcləyir, – Karsınız?!  Telefonun zəngini eşitmirsiniz?!

Gecə  saat  üçdə Xristolyubov kimə  lazım ola  bilər, görəsən?

Xristolyubov qorxa-qorxa telefon  stoluna  yaxınlaşır.

- Xristo-prodavtsev,  satqın?!! –  Enerjili  komandir  nəriltisi  az  qalır qulaq  pərdələrini  deşsin. 

- Xristo-lyubov,  vurğun, - Xristolyubov ehtiyatla  düzəliş  verir.

- Əh,  dəxli  yoxdur! -  nərilti  başından  eləyir, -  Hərbi  komissar  Qryazev  danışır, blə!  Bu  gün  siz  hərbi  komissarlığa  gəlməlisiniz, blə! Siz  mənim sərəncamıma keçirsiniz, blə!  Özünüzlə  qaşıq, dəmir qab, iki  günlük  azuqə  götürürsünüz. Səhra  geyim  formasında! Vəssalam, blə!

- Yaxşı, -  Xristolyubov  üzüyola,  başıaşağı  razılaşır, - Mən gələrəm.

- Yaxşı - yox! Oldu - blə! - Hərbi komissar Qryazev telefonda  özünü  cırır.

- Oldu, - Xristolyubov  mızıldayır.

- Ba  belə,  ha-a. Gələrsən, sabah  sənə azad-dığı  və  vət-tənimizi  sevməyi  öyr-r-rədərəm, blə !

 DÜT – DÜT - DÜT – DÜT... Qısa  siqnallar...

Xristolyubov  təlaş  içində dəstəyi  asır. Və tez tualetə təpilir. Bura  da  onun  rahatlandığı  guşələrdən biridir.

Xristolyubov oturub, düz  burnunun  ucunda  isə üç  torba  var.  Hər  birində də - cırıq  qəzet  vərəqləri. Kim  nəyə  yazılıb: Utkin  ailəsi  “Pravda”  alır, Raisa  “Moskovskiy  komsomolets” qəzetinə  üstünlük  verir.

Köhnə  kommunist  Berlyand  isə  ancaq “Sovetskaya  rossiya” qəzetindən  istifadə  eləyir.

Xristolyubov isə  heç  nəyə  yazılmayıb.  Növbəylə gah Utkinlər   ailəsindən,  gah  Raisadan,  gah  da köhnə  kommunist  Berlyanddan  oğurlayır. İndi  oxuduğu “Moskovskiy  komsomolets”  cırığıdır.

“Salam,  əziz  redaksiya, - orada  yazılıb, - Mən  bir  oğlanı  sevdim.  O  söz  verdi  ki,  mənimlə  evlənəcək,  amma sonra  harasa  yoxa  çıxdı.

Mən də abort eləməyə  məcbur  oldum. Sonra,  başqa  bir  oğlanı  sevdim. Yenə  də  məcburi  abort elədim.

Necə yaşayım bundan sonra? Heç yaşamaq istəmirəm. Katya. 6 “b” sinif şagirdi”

Bundan  xəbər  tutan  atam  içməyə  başladı  və  içməkdən  öldü.

Anam  fahişəliyə  başladı  ki,  bizim  xərclərimizi  ödəyə  bilsin, çünki  kiçik  qardaşım  Alyoşa  narkomandır, narkotiklər isə çox bahadır. 

Mənsə  kişilərə  olan  bütün  inamımı itirdim və passiv lesbiyanka  oldum. Necə  yaşayım bundan sonra? Heç  yaşamaq  istəmirəm.  Katya. 6 “b” sinif  şagirdi”.

Katyanın  cavabını psixoloji  elmlər  doktoru A.V. Naumov verir.

“Əziz  Katya, - doktor  yazır. - Mən  başqa  nəslə  mənsub  olsam da, sizi  çox  gözəl  başa  düşürəm! Məndə  də  hər  şey  tar-mardır. Nənəmi  babamla  birlikdə  qolçomaq  kimi  sürgün elədilər. 

Atamı  1937-ci  ildə  güllələdilər. Anamı  isə - 1952-ci  ildə. Mənim  arvadım  da  sizin  ananızın  yolu ilə getdi. Mən özüm - aktiv homoseksualistəm. Mən  də  yaşamaq  istəmirəm.

Qərara  gəlmişəm  ki, özümü  asım,  sizə  də  məsləhət  görürəm. Ancaq, əvvəl məktəbi bitirməlisiniz...”

...Birdən tualetin  qapısı laxlamış rəzələrinin üstündə müdhiş  bir rəqsə başladı.

- Xristolyubov! - Raisa əlimyandıda bağırır, - Sən  yenə tualetdəsən?!

- Bu  dəqiqə! Bircə  dəqiqə! - Gücənməkdən qıp-qırmızı olmuş Xristolyubov  tələsir.

- Xristolyubov! Sənin  ki,  xəbərin  var,  mən  dözə  bilmirəm! - Raisa  özünü  qapıya  çırpır.

- İndi! İndi! - Xristolyubov donquldanır. Onun  xəbəri var!

Onun Raisanın  fədakar arıqlamaq  cəhdindən, kişi  kimi 10  gün dözdüyü  tibbi  aclıqdan, sonra evə qaçıb fasiləsiz  yeməyindən,  tıxmağından,  qarınqululuğundan... və  onda  bizim  həkimlərin  işləyib  hazırladıqları  yeni  üsulu ona tətbiq etməklərindən xəbəri var. 

Həkimlər  onun  mədəsinin bir  hissəsinin  kəsib  götürdülər, o vaxtdan qida  həzm  olunmağa imkan tapmırdı, və  istədiyin  qədər,  kökəlmədən  yemək  mümkün  idi. Yeyilənin  yarısından  çoxu  həzm  olunmadan  çıxırdı...  

Xristolyubov tualetdən  güllə  kimi  çıxdı, çalışdı  ki, Raisa ilə nəzərləri  toqquşmasın.

Belə  qeyri-insani  gərginlikdən  sonra  radioqəbuledicinin yanında taqətsiz yerə sərildi. Və sədaqətli radio ona güc-təpər  verdi.  Xoş  qadın  səsi  ilə  qulağına  pıçıldamağa başladı:

- Hamının  gecəsi  xeyir  olsun.  Salam. İndi, dördə  beş  dəqiqə  qalıb. Ölümün  bizi  daha  çox  haqladığı  bir  vaxtdır.  Bir  dəqiqəliyə  təsəvvür  edin  ki,  mən  bu  sözləri  deyərkən  neçə  adam  həyatla  vidalaşır.

Yeri  gəlmişkən,  bu  gün  şair-konseptualist  Vyaçeslav  Panayev  qonağımızdır.  Vyaçeslav,  səhv  etmirəmsə,  elə  bizim  radio  verilişimizin  mövzusuna uyğun  yeni şeirləriniz  var?

Səhv etmirsiniz, - Vyaçeslav  deyir, -  Şeir elə  belə  də  adlanır: “Heç  vaxt”.  Və  dərhal da  şeiri  oxumağa  başlayır :

"Heç  vaxt,  heç  vaxt,  heç  vaxt. 

Heç  vaxt,  heç  vaxt,  heç  vaxt. 

Heç  vaxt,  heç  vaxt,  heç  vaxt. 

Heç  vaxt  çayda  su  axmar...

- Sağ  olun,  Vyaçeslav. Ancaq,  bəlkə,  hər  halda  , “axmaz”? - diktor konseptualistə   düzəliş  edir.

- Bunun  heç  bir  dəxli  yoxdur.  Əsas  odur  ki, heç  vaxt. 

- Bir  daha  çox  sağ  olun.  Hə,  əziz  dostlar,  əgər  siz  bizim  verilişə  qulaq  asırsınızsa, biz  sizə  təkidlə   məsləhət  görürük  ki,  ehtiyat  üçün  yoxlayasınız,  arvadınız,  əriniz  yatırmı, ata-ananız  qonşu  otaqda  yuxuya  gediblərmi,  qonşularınız  şirin  yuxudadılarmı... Yoxsa, artıq əbədiyyətə  qovuşmaq  yolundadırlar."

...Və  Xristolyubov  gedir  yoxlamağa. Birinci,  əlbəttə ki, Yarov  Aronoviçi. Tezliklə   əbədiyyətə  qovuşmağa  ən  ağlabatan namizəd  olduğu  üçün.  Ehmalca  qapını döyür...

- Yakov  Aronıç... E-ey,  Yakov  Aronıç... – Alovlu  inqilabçı  cavab  vermir.  Qapı  səssiz-səmirsiz  öz-özünə  aralanır. Sarsılmış  Xristolyubov  dəhşətlə  baxır.  Yoldaş  Berlyand  çarpayıda  uzanıb.  Amma əslində,  o,  yoxdur!

Pİ – Pİ – Pİ – Pİ – İ –İ... Xristolyubovun  lampalı  radiosu  laqeyd  səslə  xəbər  verir:

Moskva  vaxtı  ilə  saat  dörddür. Son xəbərləri dinləyin.

...Və  başlayır  xəbərləri   deməyə.

"Braziliyanı  su  basıb.  İnsan  tələfatı  var. Çində zəlzələ  olub. İnsan  tələfatı  var. “Stella”  qasırğası  Kuba  adasına tərəf  hərəkət  edir. İnsan  tələfatı  gözlənilir."

Ölü  Yakov  Aronoviç  uzanıb, donmuş  gözlərilə  tavana  baxır. Xristolyubov  əlyazma  oxuyur,  yoldaş  Berlyandın  yastığı  altında  tapdığını. Açılan  səhərin  alatoranlığında  əyri-üyrü  hərflər  görünür...

“ - Nə deyirsən, yoldaş  Berland ,- obkomun  birinci  katibi məndən  bir  kommunist  kimi  soruşdu. -  Çox    vacib   partiya  tapşırığıdır. Hər  adama  İliçin  ayağını  düzəltmək  xoşbəxtliyi nəsib  olmur. Bacararsınız? 

Bacararam,  yoldaş birinci katib, - lap  güllələnmə   gözləyənlər  kimi  dişlərimi  sıxıb  dedim.

Onun  sərt  ata   çöhrəsində  xəsis  təbəssüm  sezildi.  Və  əsil  yoldaş  kimi, var-gücüylə  mənim  beş  barmağımı  və  əlimi  sıxıb  dedi:

- Bolşeviklərin ala bilməyəcəyi  qala  yoxdur yer üzündə!”

...Xristolyubovsa  qalın  əlyazmanı vərəqləməkdədir. Uzanıb ölü,  yoldaş  Berlyand. 

Ağlamağa  heç  kəsi  yox. Kədərlənən  yox. Yoxdur  Yakov  Aronoviçin  nə  qohumu,  nə  yaxını. Verib  hər  şeyini  inqilabi  mübarizəyə... Bircə  İliçin  sol  ayağı  qalıb  ondan.   

...Dəhlizdə  isə - çox  sürülmüş  boz  at  kimi - Zinaida  Stepanovna   vurnuxur.  Şizofrenik  Seryojkanın anası. Utkina  qarının  qızı.

Tələsir, - işdən  qabaq  çay  içməyə. Sonra  isə - elektrik  qatarına!..  Sonra - metroya!.. Sonra  isə - avtobusa! Daha  sonra - filiz  fabrikinə. Dəzgah  arxasına!

Xristolyubov  onun  arxasınca  mətbəxə  gedir.  Zinaida  Stepanovna  dayanıb  yorğun  nəzərlərlə  qaz  plitəsinin  mavi  alovuna  baxır... Həm   öz-özünə  danışır,  həm  də  Xristolyubova  eşitdirir:

- On beş  ildi.  On  beş  ildi ayrı  mənzil  gözləyirəm. Axı  belə  olmaz! Mən  daha bacarmıram.  Mən  yorulmuşam.  YORULMUŞAM. 

Mən  artıq  inanmıram  ki,  nə vaxtsa  ayrı  mətbəxim  olacaq. ÖZ MƏTBƏXİM.  Mən,  yəqin  bütün  günü  orada  oturacam. Sadəcə  oturacam. Vəssalam...

"Dünənsə metro keçidi ilə gedirəm, əlimdə də çanta, içində buzlu balıq, nə görsəm yaxşıdır - lövhə, üstündə də: “Çıxış yoxdur” - yazılıb. Başa düşürsünüz, Xristolyubov? ÇIXIŞ YOXDUR!"

...Çaydan  artıq  qaynamaq  üzrədir. Gücü  tükənmiş  Zinaida Stepanovna qaz  plitəsinin yanındakı  stula  oturur.

- İlahi, İlahi... Bu  nə dərddi  belə, a? Axı  niyə? Oğlum - şikəstdir.  Qoca  anamın  başı  xarab  olur. Səhərdən  axşama  kimi - iş!  iş! iş!

Uşaq  vaxtı  isə  balet  məktəbinə  gedirdim.

Balerina  olmaq  istəyirdim.  Elə   rəqs  edirdim! Elə  rəqs  edirdim  ki!.. - dərindən  köksünü  ötürür, - Dünənsə  metro  keçidi  ilə  gedirəm,  əlimdə  də  çanta, içində  buzlu  balıq,   nə  görsəm  yaxşıdır - lövhə,  üstündə  də: “Çıxış  yoxdur” - yazılıb.  Başa  düşürsünüz,  Xristolyubov?  ÇIXIŞ  YOXDUR!

...Çaydanda  su  bayaqdan   qaynayır.  

Xristolyubov səssiz-səmirsiz  otağına  qayıdır.  O, başa  düşür. O, hər  şeyi  başa  düşür.

Xristolyubov oturub. Radionun  düyməsini fırladır.  Kişi  diktoru  qadın  əvəz  edir:

"İndi  isə,  bu  iyrənc , yağışlı  günə  qədər  yaşamaq  səadəti  qismət  olmuş  dinləyicilərimiz  üçün  hamının  tanıdığı məşhur  müğənnimiz dillər  əzbəri  olmuş “Dostlar,  gəlin  ölək  bir  yerdə!” mahnısını  ifa  edəcək. 

Bu  mahnı  artıq  bir  neçə  həftədir  ki,  populyar  mahnıların  arasında  liderlik  edir.

Hamının  tanıdığı  məşhur  müğənni  melanxolik  səslə  oxumağa  başlayır:

“Dostlar,  gəlin  ölək  bir  yerdə !

Nə  tapdıq  həyatda  biz?

Uzanardıq  qəbirdə

Ölümdür  dənizimiz...”

Zal öz sevimlisinə  dəstək  verir :

Lya- lya-lya!  Lya- lya-lya!  Lya- lya-lya!"

Xristolyubov  da sakitcə - Raisa  oyanmasın  deyə:

- Lya- lya-lya ... 

Radionun  qırmızı  xətti  bir  az da  qabağa  gedir... Diktor  qadını  kişi  əvəz  edir...

- Səhər  gimnastikası. Yerində  qaçmaqdan  başlayırıq. Bir-iki-üç! Bir-iki-üç! Kifayətdir. İndi  otururuq. Otur - dur! Otur - dur!.. Kifayətdir.  Yerimizdə  hoppanırıq.  Bir – bir - bir - bir...

Xristolyubov gimnastika  eləyir.  Sağlamlığa  xeyirdir.

- İndi  isə  daha  kəskin  duyğular  həvəskarları  üçün  məşğələ. Hazırlaşın! – gözəgörünməz diktor  qaymaq  yemiş  pişik kimi dodaqlarını  yalayır, - Ayaq  üstə  durun, əllərinizi  divara  dirəyin. Dabanlar  bir  yerdə,  ucları   ayrı...

Birdən  musiqi  dayanır.  Sirkdəki qorxulu  nömrələrdən  qabaq  olduğu   kimi ,  təkcə təbil qalır: ta-ta-ta-ta-ta...

Və qəfil  əmr :

İndi isə, əllər  kənara! Bir-r!!!  Xristolyubov əllərini kənara açır. Əmrdəki  kimi.

Orkestr  təntənəli  tuş  çalır !!!

- Haha-hh-ha... -  gözəgörünməz  diktorun  şən   gülüşü  eşidilir, - Bu  xoş  zarafatla  da  bugünkü  məşğələmizi   bitiririk.  Diqqətinizə  görə minnətdaram.

...Beyni  silkələnmiş Xristolyubov  yerdə uzanıb. Bütün  otaq  aramla rəqs edərək  başına fırlanır, 1957 –ci il  buraxılışlı lampalı  radioqəbuledici  ilə bir  yerdə...

XS
SM
MD
LG