Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:39

"Xədicənin işində cinayətlik bir şey tapmadıq"


Xədicə İsmayıl
Xədicə İsmayıl

.

Vəkilləri artıq araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılla bağlı istintaq materialları ilə tanış olublar. Cinayət işinin bu ayın sonunadək məhkəməyə göndəriləcəyi gözlənir.

İstintaq materiallarında Xədicə İsmayılın öz qeydləri də var, həm də zarafatından da geri qalmadan. AzadlıqRadiosuna müsahibəsində jurnalistin vəkili Fariz Namazlı cinayət işinin yekunlaşması, istintaqın gəldiyi qənaət və Xədicə İsmayılın qeydlərindən danışır:

- Fariz bəy, Xədicə İsmayılla bağlı iş materialları ilə tanış oldunuz, istintaqın yekununu necə qiymətləndirirsiz?

- İş materialları ilə tanış olduq, hazırda cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı vəsatət vermişik. Bu vəsatətə baxılacaq və əgər təmin olunmasa, artıq iş məhkəməyə göndəriləcək və işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Təxminən 2 həftəyə məhkəmə prosesinin vaxtı bəlli ola bilər.

Cəkil Fariz Namazlı
Cəkil Fariz Namazlı

- İstintaqın yekunlarını necə qiymətləndirirsiz?

- Hesab edirik ki, Xədicə İsmayılın əməllərində heç bir cinayət tərkibi yoxdur. İş materiallarında da hər hansı cinayətin şahidi olmadıq. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişik.

Təbii ki, bundan sonrakı proseslərdə də onun günahsızlığını sübut etməyə çalışacayıq. Gələcəkdə nə olacağını indidən demək mümkün deyil, amma onun təqsirsizliyi ilə bağlı sübutları məhkəməyə təqdim etməyə çalışacayıq.

- Tural Mustafayevin sonradan iddiasını geri götürməsi istintaq materiallarında öz əksini tapıbmı?

- İş materiallarında Tural Mustafayevin ərizəsi var. O, Baş Prokurorluğa ərizə ilə müraciət etmişdi ki, “Xədicə İsmayılla bağlı şikayətçi deyiləm, şikayətimi geri götürürəm, məni ona qarşı ifadə verməyə məcbur etmişdilər”. Hətta ona təzyiq göstərənlərin adlarını da çəkib.

Amma təəssüf ki, istintaq orqanı bu məsələni araşdırmadı. Baxmayaraq ki, Tural Mustafayev ciddi arqumentlər səsləndirib, onun şikayəti vermə səbəbləri araşdırılmadı. Prokurorluq sadəcə göstərib ki, Tural Mustafayevin şikayəti geri götürməsi hələ 125-ci maddə üzrə ittihamın xitam olunması üçün əsas deyil.

Turala deyilib ki, “məhkəmədə öz ifadəni verərsən”. Yəni 125-ci maddə üzrə ittiham qalır və bundan başqa da AzadlıqRadiosunda işlədiyi dövrlərlə bağlı verilən 4 ittiham.

Yeganə 284.2-ci maddə üzrə ittihama, yəni dövlət sirrini yayma ilə bağlı ittihama xitam verilib. Qalan maddələr üzrə iş çox güman ki, məhkəməyə göndəriləcək.

- AzadlıqRadiosu ilə bağlı ittihamlarda Xədicə İsmayıl konkret nədə günahkar bilinir?

- Xədicə İsmayıl 2008-2009-cu illərdə AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olub. İstintaq hesab edir ki, o, həmin dövrlərdə vəzifə səlahiyyətlərini aşıb, vergidən yayınıb, Bakı bürosunun fəaliyyəti üzrə maliyyə öhdəliyi daşıyan bir şəxsdir və buna görə də məsuliyyət daşımalıdır.

Xədicə İsmayıl isə göstərir ki, Bakı bürosunun rəhbəri maliyyə öhdəliyi daşıyan bir şəxs deyil, o, sadəcə koordinatorluq edir, yəni Bakı bürosu ilə Praqa bürosu arasında əlaqələndirici şəxsdir.

- Xədicənin istintaq materiallarında qeydləri varmı?

- Xədicə İsmayıl istintaq materialları ilə tanış olub və öz qeydlərini də edib. Bəzən zarafata da salıb nəsə qeydlər edib. Məsələn, rədd olunan vəsatətlərin yanında qəmgin “smile” qoyub. Və ya göstərilir ki, sizin iş materialları ilə tanış olmaq hüququnuz var, o da yazır ki, “Ay nə gözəl, nəhayət mənim də hansısa bir hüququm var”.

- Məhkəmənin Xədicə İsmayıla bəraət verəcəyinə inamınız varmı?

- Son məhkəmə proseslərinə nəzər salsaq, açığı inam yoxdur. Amma ən azından ümid edək ki, məhkəmə ədalətli və obyektiv keçəcək.

- Xədicə İsmayılla son olaraq nə vaxt görüşmüsüz və onun istintaqın yekunları ilə bağlı fikirləri nədir?

- Son olaraq Xədicə İsmayılla ötən həftə görüşmüşəm. Təbii ki, o da öz təqsirsizliyinə əmindir.

Xədicə İsmayılın həbsi ətrafında baş verən bütün hadisələr və
geniş məlumatları BURADA OXU.

XS
SM
MD
LG