Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 06:06

Vəkil prezidentə müraciət edir


Vəkil Əlaif Həsənov
Vəkil Əlaif Həsənov

Bugünlərdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Əlaif Həsənovun kollegiyadan çıxarılması haqqında qərar qəbul edib. Vəkillər Kollegiyasından Turan İA-a deyilib ki, Həsənovun vəkillik səlahiyyətlərinə xitam verilməsi haqqında məhkəməyə müraciət edəcəklər.

Vəkilin kollegiyadan çıxarılmasına 240 saatlıq ictimai işlərə cəlb edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli məhkəmə qərarı əsas gətirilir. Cəzanın səbəbi Leyla Yunusun keçmiş kamera yoldaşı Nuriyyə Hüseynovanın iddiasıdır.

Əlaif Həsənov müdafiə etdiyi Leyla Yunusa istinadla açıqlama yaymışdı ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir. Nuriyyə Hüseynova isə vəkili məhkəməyə verərək təhqir və böhtana görə cəzalandırılmasını istəyib. Əlaif Həsənov CM-nin həmin maddələrlə təqsirli bilinərək 240 saat ictimai işə məhkum edilib.

İndi Əlaif Həsənov kollegiyanın ona qarşı addımını əsassız və qanunsuz sayır. Onunla bu mövzuda söhbət etmişik.

- Əlaif müəllim, vəkil səlahiyyətlərindən məhrum edilmisiz? Nə baş verir, qərarla tanışsızmı?

- Məni heç kim çağırmayıb, dəvət etməyib, heç bir sənəd təqdim etməyiblər. Ən maraqlısı odur ki, telefonla aldığım məlumata görə, Vəkillər Kollegiyası vəkillik fəaliyyətimə xitam verilməsi barədə birbaşa özü qərar verib, yəni heç məhkəməyə də müraciət etməyib. Amma hələ rəsmi sənəd əldə edə bilməmişəm.

- Məhkəmə qərarı olmadan Vəkillər Kollegiyasının bu addımı nə dərəcədə mümkün və qanunidir?

- Tamamilə özbaşnalıqdır. Əvvəla, az ağır və böyük ictimai təhlükə törətmiş cinayətlərə görə məhkum edilməmiş şəxslər barədə vəkillik fəaliyyətinə xitam verilməsi mümkünsüzdür, qanun buna yol vermir. Bu gün mənim barədə bu cür davranış müstəsna davranışdır.

- Vəkillər Kollegiyasının bu addımı necə əsaslandırması sizə bəllidirmi?

- Öz təşəbbüsümlə əldə etdiyim məlumata görə, haqqımda qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğuna görədir. Amma yazılı sənədi görməmişəm.

- Söhbət hansı məhkəmə hökmündən gedir?

- Yasamal rayon məhkəməsi 2014-cü ilin noyabrında Leyla Yunusun işi ilə bağlı mənim barəmdə bir hökm çıxarıb, məni ictimai işlər cəzasına məhkum edib. Mən hazırda bu cəzanı çəkirəm. Hər gün 4 saat ictimai işlərlə məşğulam. Məsələn, meşə təsərrüfatı idarəsində müxtəlif işlər görürəm, deyək ki, ot təmizləyirəm, bitkilərin toxumunu yığıram, suvarıram. Cəzanın əksər hissəsini artıq icra etmişəm. Və mənim haqqımda hər hansı narahatedici məlumat yoxdur.

- Əlaif müəllim, hadisə ilə bağlı sizin ehtimalınız nədir? Sizcə, nə baş verir?

- İnsafən, demək istəyirəm ki, bundan öncə Vəkillər Kollegiyası tərəfindən sıxışdırılmamışam. Heç bir hədə, qorxudan və ya digər açıq təzyiqdən söhbət gedə bilməz. Amma bütün halarda fəaliyyətimə kifayət qədər maneələr yaradılıb. Elə məsələn, sonuncu dəfə penitensiar xidmətdə mən və bir neçə vəkilin üst-başının yolverilməz formada yoxlanması, sənəd təqdim edilməməsi – bunlarla bağlı mən yazmışam. Ona görə də hesab edirəm ki, baş verənlər bir insan, vətəndaş kimi mövqeyimlə və vəkillik fəaliyyətimlə bağlıdır.

- Hansı müdafiə işləriniz yarımçıq qaldı və ən çox sizi narahat edəni hansılardır?

- Məni ən çox narahat edən Murad Ədilov və Ömər Məmmədovun işidir. Hesab edirəm ki, vəkillik fəaliyyətimdən məhrum edilməmdə Leyla Yunusun işi qədər Murad Ədilovun işinin də rolu olub. Çünki Murad Ədilovun işi o dərəcədə biabırçı, narahatedici işdir ki, hətta o özü desə ki, “həqiqətən üstümdən narkotik maddə tapılıb”, prosedur pozuntular o qədərdir ki, onun haqqında ittiham hökmünün çıxarılması mümkün deyil. Bu məsələ ilə bağlı mənim həm Vəkillər Kollegiyası, həm məhkəmə, prokurorluqla mübahisələrim olub. 2010-cu il parlament seçkisi ilə bağlı öz şikayətim də Avropa Məhkəməsində kommunikasiya mərhələsindədir və hökumətlə heç bir razilaşmaya getməyəcəyimi bildirmişəm. Bütün bunların hamısı mənim barəmdə belə bir qərar verilməsində rol oynayıb. Kimlərinsə səbr kasası dolub və belə “inqilabi” qərar veriblər.

- Hüquqi addımlar atmağı düşünürsüz?

- Hələ ki, Vəkillər Kollegiyası rəyasət heyətinin qərarı ilə tanış olmağı düşünürəm. Daha sonra ekspertlər, vəkillərlə, xaricdəki vəkil dostlarımla məsləhətləşəcəm, məsələni aydınlaşdırmağa çalışacam. Bəlkə elə doğurdan da Vəkillər Kollegiyası haqlıdır.

Düzdür, fəaliyyətim əsasında deyə bilərəm ki, Vəkillər Kollegiyası bu məsələdə qətiyyən haqlı ola bilməz, amma hər halda mən bütün qərarlara hörmətlə yanaşıram. Araşdırım, öyrənim, əgər hüququm aşkar şəkildə qanunsuz olaraq tapdanıbsa, öz hüququnu qorumaqdan imtina edən vəkil yəqin ki, heç vəkil adı uğrunda mübarizə də aparmamalıdır.

- Sizdən öncə də siyasi məhbusları müdafiə edən bir neçə hüquqşünas - Xalid Bağırov, Aslan İsmayılov, Elçin Namazov kollegiyadan çıxarılıb və bugünədək öz haqlarını geri qaytara bilməyiblər. Vəkillərin öz səlahiyyətlərini geri tələb etməkdə uğur qazana bilməməsinə münasibətiniz necədir? Sizcə siz bunu bacaracaqsız?

- Açığını deyim ki, mən bir neçə versiyanı nəzərdən keçirirəm. Onlardan biri də prezidentə şəxsi müraciətdir. Ona müraciət etmək istəyirəm ki, “bu ölkə doğrudan da belə olmalıdırmı? Bu ölkənin məhkəmə sistemində baş verənlər sizi narahat etmirmi?”

Mən təkcə özüm, müxalifətçilər, tənqidçilər üçün demirəm, bütün ölkə üçün narahatedici hadisələr baş verir. Azərbaycan məhkəmələri çox təhlükəli presedenstlər yaradır. Bu elə bir presedentlərdir ki, ölkəni yumşaq desək, yaxşı olmayan vəziyyətə gətirib çıxarar.

Məsələn, bu gün məhkəmələr Ömər Məmmədovun timsalında qanunsuzluğa yol verirlərsə, bu tendensiya baş alıb gedərsə, bütövlükdə Azərbaycan cəmiyyəti üçün faciəyə gətirib çıxarar. Sabah bütün bunların təkcə müxalifətə, tənqidçi jurnalistlərə, fəallara, onları müdafiə edən vəkillərə yox, məmurların öz övladlarına, onların yaxınlarına tətbiq edilməyəcəyinə təminat yoxdur. Bu cür vəziyyət ölkə rəhbərliyini narahat etməlidir.

XS
SM
MD
LG