Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Müharibə qəlpələri, bank kreditləri ilə müalicə, çarəsizlik...


Arxiv fotosu
Arxiv fotosu

-

Ağdam sakini olan Mehman İsmayılov müharibə əlilidir. Qarabağ döyüşlərində iştirak edib. Hazırda Binəqədi rayonu, 4 saylı fəhlə yataqxanasında yaşayır. İki övladı var. Əlil dolanışığından, təqaüdünün azlığından, dərmanların bahalığından, kreditlərdə "üzməyindən" danışır. Deyir, çarəsiz vəziyyətdədir. aldığı cüzi təqaüdün çox hissəsini müalicə üçün bankdan götürdüyü krediti ödəyir.

"MÜALİCƏ ÜÇÜN 5 MİN MANAT KREDİT GÖTÜRMÜŞƏM"

"Oğlum evlənmək yaşına çatıb, qızımsa gəlin köçmək yaşına. Mən onlara ata kimi heç nə verə bilməmişəm. Bu, bir tərəfə. Bu boyda övladlarımla bir otaqda yatırıq. Şəraitsiz yataqxanada bir otağa sığınmışıq. Bir-birimizdən xəcalət çəkə-çəkə yatıb-dururuq. Əliləm, mənə şərait, hava lazımdır. Qafamın bir hissəsi yoxdur. Belə vəziyyətdə şəraitsiz yataqxanada necə qalmaq olar?"

Əlilin sözlərinə görə, müvafiq orqanlara dəfələrlə müraciət etsə də, heç bir cavab almayıb.

"21 ildir yataqxanada yaşayıram. Bir dəfə qapımı döyən olmayıb ki, ay bu millətə görə, bu torpağa görə həyatını bədbəxt edən adam, ölmüsən, qalmısan? Bəlkə bir əl tutmaq lazımdır? Heç quru hal-əhval tutanım da yoxdur".

"Seyidli kəndində başımdan yaralandım. Hazırda qafa tasımın sol hissəsi yoxdur. Sadəcə, dəri olduğu üçün beynimin döyüntüsü görünür. Sinəmdəki yaranı isə Xocalı istiqamətində gedən döyüşlərdə almışam. Aldığım müavinətin yarısından çoxunu banka ödəyirəm".

Deyir, həyat yoldaşı da xəstədir. Bankdan götürdüyü 5 min manatla İranda həm özü, həm də həyat yoldaşı müalicə alıb. Ancaq bu müalicə sadəcə vəziyyətlərini yüngülləşdirmək üçün olub. İndi həmin krediti təqaüdlə qaytarır.

TƏQAÜDÜN ÇOX HİSSƏSİ BANKLARA, AZ HİSSƏSİ DOLANIŞIĞA...

Aylıq 300 manat civarında aldığı təqaüdün 130 manatı onundur. Qalan hissəsi banklara ödənilir. 130 manat 4 nəfər üzvü ailənin dolanışığıdır.

"Neft və qızıl səltənətində yaşayırıq. Ətrafa kürü paylayırıq. Mənim kimi müharibə əlilləri isə dərmanları bankdan kredit götürüb alır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə müharibə əlillərində dövlət qayğısının güclü olduğunu bildirir. Nazirlik bu kateqoriyadan olanlara vaxtaşırı avtomobil, mənzil verildiyini, sosial tələbatlarının imkan daxilində ödənildiyini iddia edir.

XS
SM
MD
LG