Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:14

Mən istəmirəm belə cənnəti...


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

"Mətbəx qapısının önündə, arabada oturan 15-16 yaşlı bir uşaq çəkirdi bu qəhqəhəni. Heç dayanmırdı, susmurdu, hər tərəfə, hər kəsə göz gəzdirib qəhqəhə çəkirdi."

Orxan Bahadırsoy

Sağlamlıq imkanları məhdud uşaqlar evində keçirdiyim bir saat...

Bir dostum uşaqlar evinə xeyriyyə tədbirinə dəvət olunduğunu dedi. Təklif etdi ki, mən də onunla bu tədbirə gedim.

Doğrusu, mən biraz belə yerlərdən uzaq durmağa çalışıram. Çünki uşaqlar evindəki kimsəsiz uşaqların simalarındakı məsumiyyət, tənhalıq, qayğı və nəvazişə olan ehtiyac məni hönkür-hönkür ağladır. Sonra ard-arda ürək dərmanları içirəm...

Sözün qısası, dostumun təklifi ilə razılaşdım. Birlikdə uşaqlar evinə yollandıq. Ünvana çatanda “Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbi” yazısını oxudum. İçəridə məni hansı mənzərənin gözlədiyini təsəvvür belə, etmirdim.

Dostum bu tədbirdə uşaqları əyləndirmək üçün kloun obrazını oynayırdı. O, öz tərəf müqabili ilə soyunub-geyinmə otağına yollandı. Mən isə internat məktəbinin həyətində tədbirin başlamasını gözləyirdim.

Çox keçmədi ki, ağ xalatlı qadınlar yerimə, görmə, eşitmə, danışma və başqa sağlamlıq imkanları məhdud olan uşaqların əllərindən tutub tədbirin keçiriləcəyi salona daxil etdilər.

Bu uşaqlar da bir-birinin əlindən, köynəyinin ətəyindən yapışmışdılar. Bəziləri ləng yeriyir, gedən dəstədən aralı düşür və məktəbin divarlarını tuta-tuta addımlayırdı.

Anladım ki, onların hamısı tutunmağa bir yer axtarır. Adam olsun, köynək olsun, ağac olsun, divar olsun – nə olursa, olsun, təki tutunmağa, sığınmağa nəsə olsun.

Bu, onların baxışlarında və titrək əllərindən hiss olunurdu. Bu səhnəni görəndə artıq ürəyim sancmağa başlamışdı...

Tədbir başladı. Çöldə gördüyüm səhnə məni inictsə də, içəri keçdim. Masaların üzərinə meyvələr, sular və yeməklər düzülmüşdü.

Ağ xalatlı qadınlar uşaqları masaların ətrafında əyləşdirir, onların boşqabına yemək çəkirdi.

Musiqi səsləndi, klounlar içəri daxil olub uşaqlarla oynamağa başladılar. Az əvvəl ağ xalatlı qadınların əlindən, bir-birinin köynəyindən, divarlardan tutan uşaqlar, indi klounların əlindən, köynəyindən tutmağa başladılar.

Hamısı da gülürdü. Elə ürəkdən gülürdülər ki...

Salonda durmadan qəhqəhə səsi eşidilirdi. Bu qəhqəhə çox şiddətli idi. Mən heç vaxt belə ürəkdən, belə dolu, belə şiddətli qəhqəhə eşitməmişdim. Səsin haradan gəldiyini axtarmağa başladım.

Mətbəx qapısının önündə, arabada oturan 15-16 yaşlı bir uşaq çəkirdi bu qəhqəhəni. Heç dayanmırdı, susmurdu, hər tərəfə, hər kəsə göz gəzdirib qəhqəhə çəkirdi.

Xeyriyyə tədbirini keçirənlərdən biri onun üçün stəkana su süzdü. O, təkcə suyu içəndə qəhqəhəsini kəssə də, bitirdikdən sonra yenə gülməyə başladı. Anlaya bilmirdim, bu nə gülüş idi?

Çölə çıxdım. Bir siqaret yandırıb divara söykəndim. O gülüşün mənasını tapmağa çalışırdım. Ağlıma hər cür fikir gəldi: xəstə olduğunu fikirləşdim, gülüş sindromudur dedim, yəqin

klounların görünüşü onu durmadan gülməyə vadar edir deyə düşündüm, bir tərəfdən də şairliyimə salıb həyata gülür, onun gülüşü ironiyadır dedim.

Siqaret bitdikdən sonra yenidən salona daxil oldum. Uşaqlar yemək yeyir, rəqs edir, toplarla oynayırdılar. O isə öz qəhqəhəsinə davam edirdi.

Bu qəhqəhənin fonunda bir ağlamaq səsi gəldi qulağıma. Hə, biraz aralıda arıq, cılız qızcığaz ağlayırdı. Yemək yemirdi, su içmirdi, danışmırdı, oynamırdı, elə hey ağlayırdı.

Dözə bilmədim, çıxdım yenə salondan. Həmin divara söykənib yenə siqaret yandırdım.

Ürəyim sancırdı, gözlərimdən su axırdı.

Axı niyə? Niyə bu insanlar bu həyatı yaşamağa məcburdurlar ki? Onların da bizim kimi heç kəsə möhtac olmadan yemək, içmək, danışmaq, gəzmək haqqı yoxdurmu?

Onların bunu düşünməyə belə, şüuru çatmır – bu haqsızlıq deyilmi? Onlar həyatdan imtina etməyi belə, düşünmürlər, daha doğrusu, düşünə bilmirlər – bu adildirmi?

Əgər yaşamaq bizim üçün sınaq və imtahandırsa, onlar üçün nədir? Bu imtahan ədalətli deyil axı. Əgər onlar bizə görk olmaq üçün yardılıblarsa, bizə görə əzab-əziyyət içində yaşamaqları nəyə lazım?

Sırf biz onlara baxıb ibrət alaq deyə, onları rahatlıqdan, rifahdan məhrum etmək onlara qarşı ədalətsizlik olmurmu?

Bir ömür boyunca tamam yad insanlara möhtac olub yaşamaq - arzusuz, xəyalsız, plansız, gələcəksiz, hər günü eyni cür yaşamaq ona görədir ki, sorğusuz-sualsız cənnətə gedəcəklər, hə?

Mən istəmirəm belə cənnəti...

Bəs onları dünyaya gətirən adamlar onlardan niyə imtina edib? O adamlara səslənirəm, onlar sizə yalvarmışdılar ki, “məni dünyaya gətir”? Onlar bunu sizdən xahiş etmişdilər?

Bu insanları dünyaya gətirib sonra da sağlamlıq imkanlarının məhdudiyyətinə görə onları tərk etmək qədər böyük hansı vicdansızlıq var?

Onsuz da rahat yaşamaq imkanı olmayan bu adamları siz ailə sevgisindən, doğmalıqdan, qayğı və nəvazişdən də məhrum etməklə niyə onları daha qəddar bir yaşamın caynağına atırsız?

Bu insanları dünyaya gətirmisiz, zəhmət çəkin, onlara məhdudiyyətləri hiss etdirməyəcək bir həyat sunun. Ya da doğmayın, törəməyin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG