Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:36

Ziyalı dediyimiz adamlar İsanın ölümünü dəstəkləyirlər


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

-

"Kimsənin kimsəni öldürməyə, kimsənin kimsənin haqqına girməyə, kimsənin kimsənin fikrinə, atdığı addıma müdaxilə etməyə haqqı yoxdur."

Hikmət Carçılı Orhun

Camaatın uşağı lesbiyan olacaq...

Hər dəfə bir süfrə başına gələndə allahdan, onun yaratdıqlarından; şır-şır axan bulaqlardan, möcüzəli şəlalərdən, üstünə ərəb əlifbası ilə “allah” yazılmış toyuq yumurtalarından, qoyun-quzu dərisindən ağız dolusu danışırıq.

Biz elə varlıqlarıq ki, insanı dirildən şeyx nəsrullahlardan tutmuş Quran ayələri ilə fal açan cadugərlərə qədər, - hər kəsə, hər şeyə inanırıq.

İnam yaxşı şeydir, ancaq hər zada inanmaq da bir zad deyil. Çox zad eləmədən mətləbə keçim. Yuxarıda da dediyim kimi, Allahın yaratdıqlarının yaratdıqlarına inandıq, onun özünün yaratdığı ən ali varlığa inana bilmədik ki, inana bilmədik.

Bineyi-qədimdən gözümüz çox şey gördü, qardaş-qardaşı, ata-balanı bir balaca qabağa gedən görüb sıradan çıxarmağa çalışdı.

Görə-görə, ağrısını çəkə-çəkə iyirmi birinci əsrə qədəm qoyduq. Nə özümüzlə, nə ailəmizlə, nə ətrafımızla mübarizə apardıq. Sadəcə inanmamağa gücümüz çatdı, gerisini buraxdıq allahın ümidinə, “allah kərimdir” dedik.

Əslində, “İnsana inam” bir o qədər də doğru səslənməyə bilər. Ona görə ki, ətrafımızda hərəkət edən, qaçan-qovan, vuran-tutan, toyuğunu tülküdən, it-pişikdən qorumaq üçün dama təpən, toyuq oğurluya-oğurlaya allahın ətəyindən yapışan hər kəs adamdır, ürəyi ətdən, dirəyi sümükdəndir.

Bir sözlə, plastilin kimi şeydir, bu gün belə danışar, sabah beyni durular, bir başqa prizmadan çıxış edər ki, qalarsan mat-məəttəl...

“İnsan” anlayışı hər şeydən üstdə dayanır. Yaşadığımız cəmiyyətdə, ümumiyyətlə, planetdə insan kimi özünü təsdiqləyən kəslər az-azdır.

Məscid və kilsə əhli deyir, peyğəmbərlər və onların davamçıları, qızları oğlanları, imamlar, papalardır. Ateistlər isə iddia edir ki, kimsə kimsədən yüksəkdə dayanmır, hüquqlar, məqsəd və məramlar eynidir, bərabərdir.

Hamının hüquqları bərabərdirsə, deməli, gözlədiyim o insana vara bilməmişik, üst insan yetişməyib.

Üst insan yetişməsə belə, bütün yaradılmışların yaşamaq, doğmaq, törəmək, işləmək haqqı var. Kimsənin kimsəni öldürməyə, kimsənin kimsənin haqqına girməyə, kimsənin kimsənin fikrinə, atdığı addıma müdaxilə etməyə haqqı yoxdur.

Məsələ burasındadır ki, üzərinə hər nə qədər danışsaq da, uzun-uzadı yazılar yazsaq, uzun-uzadı çıxışlar etsək də, bizim cəmiyyətdə yaradılmışlara dəyər vermək, onların fikrinə, atdığı addıma hörmət etmək anlayışı yoxdur.

Bir balaca təzə söz söylədinsə, o saat var-yoxunu söyür, ana-bacı söhbətini qabardıb səni “niprav” çıxarmağa çalışırlar.

***

Amerika eynicinslilərin evliliyini tanıyan qərar qəbul edilib. Bizdən fərqli, amerikanlar bu kimi məsələləri çoxdan aşıblar.

Sosial şəbəkələrdə bizim homoseksualları, profil şəklinə LGBT bayrağı qoyanları söyməyimiz təəccüblü görünmür. Bir cəmiyyətdə ki, homoseksualla yan-yana görünəndə belə, adamın adına hər cür söz danışırlar, fikrimcə, o cəmiyyət haqqında artıq özgə söz deməyə ehtiyac yoxdur.

Başını kəsə bilərlər, özünü öldürməyə təhrik edə bilərlər, özlərinin təbirincə desək, söhbətdə səhv çıxarıb başına işəyə bilərlər.

İsa Şahmarlının ölümü də onu “sındırmağa” çalışan, ağzını tuta bilməyən küçə uşaqlarının üzündən oldu. Sonra məlum oldu ki, sən demə, Feysbukdan ziyalı deyə tanıdığımız adamlar da İsanın ölümünü dəstəkləyirlər.

Onun yaşamağının ziyanlı olduğunu, ölümünün xeyirli tərəflərini sübuta yetirməyə çalışır, cəmiyyətin “əxlaqsızlığa” yuvarlanmaması üçün “çaba sərf edirlər”.

Vəziyyət belədir: bir qrup adam elə düşünür, kimsə profil şəklini dəyişməklə, homoseksualları müdafiə etməklə camaatın uşağı lesbian, gey, biseksual, yaxud transseksual olacaq və beləliklə, cəmiyyət pozulacaq.

Necə də gülməli səslənir. Fikrimcə, o ziyalı bilmirsə ki, “homoseksuallıq” anlayışı anadangəlmə anlayışdır, keçici xəstəlik deyil, o ziyalının özündən savayı kimsəyə karı yoxdur. Çox zaman olur ki, özlərinə belə karı olmur.

Mən isə onların belə ölməsini, əllərinə, başlarına, yaxud başqa bir yerlərinə daş düşüb yaralanmalarını istəmirəm. Ona görə ki, düşüncəsi, davranışı, yaşam tərzi nə olmağından asılı olmayaraq, adamların həyatı hər şeydən öndə gəlir.

Hərçənd, kimsənin kimsəyə önəm verdiyi yoxdur, ancaq bir kimsənin var oluşu nə qədər önəmlidirsə, digər kimsənin həyatdan köçüşü də bir o qədər kədərli, üzücüdür.

Ölümə göz yumanlar, azca da olsa vicdanı sızlamayanlar "zombilər", babam mənə kor deyib, gələn-gedənə vur deyib - deyənlərdir...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG