-
“Yolda aparılan asfaltlanma işlərinə görə şəxsi təmir seximizin fəaliyyəti dayandırılıb. 1 ildir ki, sexə gedib-gələ, işləyə və çörəkpulu qazana bilmirik. Bir sözlə, yeganə qazanc yerimizdən uzaq düşmüşük".
Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Ucar rayonu, Gəraybəyli kənd sakini sakini Gültəkin Cəbrayılova deyir. Onun sözllərinə görə, Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolun Ucar rayon ərazisindən keçən hissəsi azı 1 ildir ki, bağlıdır. Yolun bu tayında yaşayanlar o biri tayına, o biri tayında yaşayanlarsa bu tayına keçə bilmir. Nəticədə rayon sakinləri iş yerlərindən uzaq düşüblər.
"OBYEKTİ SATMAĞA QOYMADI Kİ, ACINDAN ÖLMƏYƏK"
"O sex mənim şəxsi mülkiyyətimdir. 10 il əvvəl həyat yoldaşım Məhəmmədəli Cəbrayılov torpaq sahəsi alaraq həmin obyekti tikdirib. O öləndən sonra vərəsəsi kimi mülkiyyət hüquqları mənə keçib. Övladlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular, vaxtlı-vaxtında dövlətin vergisini ödəmişik. 4 il əvvəl yoldaşım ağır xəstəliyə düçar oldu. Mən obyekti satıb onun müalicəsinə xərcləmək istəyəndə imkan vermədi. Dedi, onsuz da xəstəliyim sağalmazdır, bekara yerə ailəni çörəkdən geri qoyma. Yoldaşım vəfat etdi, ancaq biz o obyekti hələ də normal işlədə bilməmişik. 1 ildən çoxdur ki, yolları qazıb töküblər. Başqa yerdən qazancımız yox..."
17 MİN MANAT KOMPENSASİYA SÖZ VERDİLƏR, SONRASA...
Cəbrayılovlar Rayon İcra Hakimiyətində də olublar.
"İcra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin Azər adlı bir işçisi gəldi, bizə 17.000 manat kompensasiya təklif etdi. Bildirdi ki, tikinti başa çatdıqdan sonra sexin fəaliyyətini bərpa edərsiniz. Lakin növbəti dəfə - bu il mayın 31-də görüşəndə dedi, rəhbərlikdən ona tapşırıq verilib ki, bir qəpik də kompensasiya ödənilməyəcək".
Şikayətçinin sözlərinə görə, magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün bundan sonra orada çalışmaq təhlükəlidir.
"Körpünün yamacı bizim sexin 4 metrliyindən keçir və 2 metr hündürlükdədir. Bu, həm həyatımız üçün təhlükəlidir, həm də sexə nəinki yük avtomobilləri, heç minik maşınları da gələ bilməyəcək.Əlac qalır bizə ədalətli hesablanmış kompensasdiya ödənişinə. Kompensasiyamızı versinlər ki, seximizi bir neçə metr arxaya çəkək, yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək".
İŞSİZ, ÇÖRƏKSİZ QALMIŞIQ...
Şikayətçi ondan da xəbərdardır ki, dövlət və qeyri dövlət layihələrinin həyata keçirilməsi zamanı mülkiyyətçiyə dəyən zərərin ödənilməsi ilə bağlı ölkə başçısının fərmanı və Nazirlər Kabinetinin müvafiq qərarı var. Amma...
"Amma bunlar vətəndaşları aldadıb pullarını mənimsəyirlər, ailələri çörəksiz qoyurlar. 8 nəfərlik ailəmizin yeganə dolanışıq yeri həmin sexdir. Qanunları tanımayan vəzifəli şəxslərin saxtakarlığına görə işsiz, çörəksiz qalmışıq".
Gültəkin Cəbrayılova ailə üzvlərinin "Azəryolservis" ASC işçiləri tərəfindən fiziki təzyiqlərə məruz qaldığını da deyir.
"AZƏRYOLSERVİS" ASC NƏ DEYİR?..
Qurum vətəndaşın iddialarını əsassız sayıb. ASC-dən bildirilib ki, Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması layihəsini həyata keçirir. Avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində vətəndaş Cəbrayılova Gültəkin İnşallah qızına məxsus təmir sexi tikinti sahəsindən kənarda yerləşir. Bu səbəbdən həmin şəxsə kompensasiyanın ödənişi nəzərdə tutulmayıb. Lakin sözügedən təmir sexi tikinti sahəsindən kənarda yerləşməsinə baxmayaraq , Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə giriş-çıxış təmin olunacaq.
Qurum ailəyə hücumla bağlı deyilənləri də təkzib edib:
"Vətəndaş Gültəkin Cəbrayılovanın “Azəryolservis” ASC-nin əməkdaşlarının ona və ailəsinə hücum etməsi barədə dedikləri həqiqəti əks etdirmir. Bir daha vurğulamaq istəyirik ki, onun obyekti tikinti sahəsindən kənarda yerləşir və aparılan işlərə təmir sexinin heç bir maneəçiliyi yoxdur. Belə olan halda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları niyə görə həmin ailəni narahat etməlidir ki?...Əksinə həmin xanım və onun ailə üzvləri hər dəfə ərazidə yolun tikilməsinə müxtəlif yollarla mane olmağa çalışırlar. Qeyd etmək istəyirik ki, sözügedən təmir sexinə yol var, sadəcə olaraq ərazidə tikinti işləri aparıldığı üçün ideal vəziyyətdə deyil. Yəni ora nəqliyyat vasitələrinin giriş-çıxışı üçün heç bir problem yoxdur. Tikinti işləri başa çatdıqdan sonra da Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həmin obyektə ayrıca olaraq giriş-çıxış təmin olunacaq".