Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:23

Vüqar Haqverdiyevin 20-liyə düşməyən hekayəsi


Vüqar Haqverdiyev
Vüqar Haqverdiyev

-

Vüqar Haqverdiyev

ƏVƏZEDİCİ

Salehin ata-anadan, qohum-əqrəbadan bir kimsəsi yox idi. Onu körpə ikən küçədən atılmış vəziyyətdə tapıb uşaq evinə vermişdilər. Adını da orada qoymuşdular. Sonra internat məktəbində böyümüşdü.

Ən böyük arzusu məşhur kino aktyoru olmaq idi. Ortaboy, yaraşıqlı oğlan idi. İnternat məktəbində dram dərnəyinin ən fəal üzvü olmuşdu. Ona Tom Kruz da deyirdilər. Kinolarda, seriallarda çəkilmək istəyirdi. Facebookda kino kastinq qruplarına üzv olmuşdu, tanınmış kinostudiyalara özü haqqında məlumatlar göndərmişdi...

Bir gün Qurdan bəy adlı tanımadığı kino-rejissordan facebookda əməkdaşlıq haqqında mesaj aldı. Cavan oğlan arzusuna çatacağına sevindi. Qurdan bəyin səhifəsinə girdi. Ancaq orada bir-iki aktyor şəkilindən savayı heç bir məlumat yox idi. Əks mesaj göndərək onu haradan tanıdıqlarını soruşdu. Ancaq cavab əvəzinə Qurdan bəy onu görüşə dəvət etdi...

“28 May” metrosunun yanında görüşdülər. Qurdan bəy klassik rejissor geyimində idi. Başında kepka, çənəsində saqqal, əynində gödəkcə vardı. Boğazına ipək şarf sarımışdı. Əlində içi şəkillə dolu zərf tutmuşdu. Xırda zil qara gözləri işıldayırdı.

Yaxınlıqdakı bir kafedə oturdular. Qurdan bəy zərfi stolun üstünə qoydu.

- Siz məni haradan tanıyırsız? - Saleh soruşdu.

- Cavan oğlan, mən çəkəcəyim yeni filim üçün aktyorlar yığıram. Hamısını tapmışdım, qalmışdı baş qəhrəmana uyğun gələn. Dünən, təsadüfən facebookda sizin profiliniz çıxdı. O dəqiqə, anladım ki, axtardığım elə sizsiniz. – deyə Qurdan bəy stolun üstündəki zərfdən bir şəkil çıxardıb Salehə uzatdı: - Baş qəhrəmanın şəklidir.

Fotoya baxanda Saleh az qaldı şoka düşsün. Elə bildi onu ələ salırlar.

- Deyəsən zarafat edirsiniz, bu ki, mənim şəklimdir?! Fotoşopda montaj ediblər.

Rejissor gülümsədi:

- Yox, bu, çox varlı bir şəxsin oğlu Telmandır. Atası Murad bəy mənim yaxın dostumdur. Novxanıda yaşayır. Böyük biznesi var. Ancaq var-dövlət sahibi olmaq ona asan başa gəlməyib. Çox müsibətlərdən, ağır sınaqlardan çıxıb, ailəsini itirib. Yalnız özü və oğlu Telman sağ qalıb. – rejissor zərfdə qalan şəkilləri də çıxartdı. – Bunlar da Telmanın şəkilidir.

Şəkildəki adam eyni ilə Saleh idi. Sanki bir almanı ikiyə bölmüşdülər. Bu dərəcədə oxşarlığa cavan oğlan inana bilmirdi.

- Bəlkə də biz, Hind kinolarındakı kimi ekiz qardaşlarıq, anadan olanda ayrı düşmüşük. Özü də, həqiqətən məni körpə ikən küçədən tapıblar. – Saleh zarafatla dedi.

- Bəlkə də, nə bilmək olar?! – Qurdan bəy müəmmalı şəkildə çiyinlərini dartdı. Sonra söhbətinə davam etdi. - Hə, cavan oğlan, uzun sözün qısası, məsələ belədir, Murad istəyir onun həyatından bir ibrətamiz kino çəkilsin. Baxan başa düşsün ki, həyatda hər şey zəhmətlə əldə olunur.

- Ssenarisi varmı? - Saleh maraqlandı.

- Biri var. Murad bəy bəyənib.

- Qısaca deyə bilərsiniz?

- Çox varlı bir adamın oğlu əhli-keflik edib bütün günü əylənirmiş. Bir gün atası yoxa çıxır. Bundan sonra tək qalan oğul atanın bütün var-dövlətini dağıdır, müflisləşir, bomj gününə düşür. Başı daşdan-daşa dəyəndən sonra səhvini başa düşür. zəhmətə qatlaşır, böyük biznesmenə çevrilir. Və bir gün atası üzə çıxır. Məlum olur ki, onun yoxa çıxmasının səbəbi oğlunu zəhmətlə pul qazanmağa alışdırmaq olub.

- Maraqlı ssenaridir, ancaq mən, razılıq verməzdən əvvəl Telmanla görüşmək istərdim. – Saleh dedi.

- Gedək Murad bəyin bağına, onlar həmişə bir yerdə olurlar. Maşınlayam... Həm də görək kişi səni oğlundan ayıra biləcəkmi?! – Qurdan bəy zarafatla dedi.

Kafedən çıxıb Novxanıya yola düşdülər. Murad bəyin evi üçmərtəbəli möhtəşəm bir villa idi. Saleh ömründə belə gözəl ev görməmişdi.

Murad bəy bazburudlu, şeşəbığ, ciddi görkəmli bir kişi idi. Qonaqları qapıda qarşıladı. Salehi görəndə heyrətdən ağzı açıla qaldı, əlləri ilə onun üz-gözünə toxunub dedi: - Yox, yox, bu Telman deyil, ancaq necə də ona oxşayır. Əhsən sənə, Qurdan bəy!

- Murad bəy, söz verdiyim kimi, oğlunuzun dvaynikini tapmışam. - Qurdan bəy, özündən razı-razı dedi. - Telman evdədir? Saleh bəy görüşmək istəyir.

- Telman xarici səfərdən gələndə yolda bərk soyuqlayıb, şəhərdəki evində həkim nəzarətindədir. İnşallah bir-iki günə sağalar, görüşərlər...Biz bu yeni tanışlığı mütləq qeyd etməliyik, qalxaq yuxarı.

Nədənsə Saleh özünü narahat hiss etməyə başladı. Yaxşı tanımadığı adamlarla ilk dəfədən süfrə arxasında oturmaqdan çəkindi. İçki içmədiyini bəhanə gətirib təklifdən boyun qaçırmaq istədi. Ancaq Murad bəy əl çəkmədi: - Cavan oğlan, özünü evdəki kimi hiss et, artıq sən mənim oğlumsan, evdə məndən başqa heç kim yoxdur, burda hər şey sənin ixtiyarındadır, elə deyil Qurdan bəy?! – bic-bic rejissora baxdı.

- Əlbəttə! – rejissor Salehin əlindən tutub qapıdan içəri dartdı: - Murad bəy çox səxavətli, həm də sadə adamdır. Heç nədən utanıb çəkinmə, oturaq beş dəqiqə başımızı açaq.

Murad bəyin qonaq otağında iri dairəvi stolun üstündə hər cür bahalı içki, soyuq delikates qəlyanaltı vardı.

- Bu süfrə həmişə əziz qonaqlar üçün açıq olur. – deyə Murad bəy ayaqüstü bir göz qırpımında Napoleon konyakını açıb qədəhlərə süzdü. – Tanışlığımızın sağlığına!

Saleh məcbur olub qədəhi başına çəkdi.

- Hə, indi oturaq, söhbət edək, Qurdan bəy necə oldu ki, sən bu cavan oğlanı kəşf etdin.

Qurdan bəy əhvalatı nəql etdi. Sonra Saleh özü haqqında danışdı. Söhbət qızışdı. Murad bəy də qədəhləri boş saxlamırdı. Napoleon konyakından süzürdü. Saleh özünü çox rahat hiss edirdi, narahatçılığı tamamilə yox olmuşdu. Brend hesab

olunan əsl Fransa konyakı getdikcə onu məst edirdi. İçmirəm deyən adam qədəhi qədəh dalınca boşaldırdı. Məclisin şirin yerində Murad bəyə zəng gəldi. Üzr istəyib danışmaq üçün otaqdan çıxdı. Çox keçmədi dilxor gəldi.

- Nə olub? - Qurdan bəy təlaş içində soruşdu.

- İşin tərsliyinə bax, həkim deyir, Telmana hələ iki-üç həftə çölə çıxmaq olmaz. Bizimsə bir həftə sonra böyük biznes görüşümüz var. Telman böyük bir investisiya müqaviləsinə imza atmalıdır. Bu ona. – Murad bəy bir az pauza verib həyəcanla davam etdi: - nəinki ona, ölkəmizə, xalqımıza hava-su kimi lazımdır. Təxirə salsaq milyonlar əldən gedəcək.

Murad bəy kefsiz halda yerinə oturdu. Birdən Qurdan bəy Salehə baxıb dedi:

- Murad bəy görüşü təxirə salma, bu cavan oğlan Telmanı əvəz edər.

Saleh duruxdu. Ağzını açıb söz demək istəyirdi ki, Murad bəy əlini ərkyana onun çiyninə qoydu: - Əhsən, Qurdan bəy, mən həmişə sənin ağlına həsəd aparmışam...Cavan oğlan, hesab elə ki, bu da kinodan bir epizoddur.

İçkidən baş dumanlanan Saleh nə baş verdiyini düz-əməlli anlamırdı.

- Əla əyləncə olacaq, təsəvvür edin dvaynik milyonlara imza atır, ha, ha, ha... - Murad bəy ucadan güldü.

- Ürəyinizi buz kimi saxlayın, mən qəbul imtahanlarında o qədər adamın yerinə imtahan vermişəm ki... - Salehə də sərxoş halda bu gülüşə qoşuldu.

- Əla, cavan oğlan, bu axşam qalırsan bizdə, yerimiz çoxdur, səhər görüş haqqında ətraflı danışarıq. – Murad bəyin kefi lap duruldu.

Məclis gecəyə kimi davam etdi. Səhəri gün Murad bəy gənc oğlana gələcək qonaqların video görüntülərini göstərdi, kimin kim olduğunu başa saldı, görüşün mövzusunu, söhbətin nədən gedəcəyini izah etdi. Salehə böyük ümid bəslədiyini bildirdi.

Görüş, gözlənildiyindən də yaxşı alındı. Saleh işin öhdəsindən ustalıqla gəldi. Müqavilələr imzalandı. Murad bəy Salehə mükafat kimi iki min manat pul verdi. Ömründə bu qədər pulu əlində tutmayan Saleh sevincini zorla gizlətdi.

- Sən görüşdə oğlumdan da yaxşı təsir bağışladın. Qabaqda bir neçə görüş də var. Ola bilsin o vaxta kimi Telman sağalmadı. – Murad bəy dedi.

- Narahat olmayın Murad bəy, mən burdayam.

- Murad bəy yox, ata. – Murad bəy ucadan güldü.

Saleh bir neçə görüşdə də Telmanı əvəz etdi. Hər dəfə də Murad bəy onu yaxşı mükafatlandırırdı. Cavan oğlana bu sərf etsə də, getdikcə ürəyində şübhə hisləri yaranırdı. Qurdan bəy heç kinodan danışmırdı. Deyəsən onu tamamilə unutmuşdu. Ondan bu əvəzləmənin nə vaxta kimi davam edəcəyini və kino çəkilişinə nə vaxt başlayacaqlarını soruşdu.

- Telmanın sağalana kimi, gərək onu yola verək. Kinodansa bu vacibdir. – rejissor heç nə olmamış kimi dedi. – Səndən nə gedir ki, əvəzində yaxşı qazanırsan. Kasıb oğlansan, pul yığıb ev alarsan. Allahına yalvar ki, Telman heç sağalmasın.

Saleh daha da şübhələndi: - Qurdan bəy, mən Telmanla görüşmək istəyirəm. Xahiş edirəm, bizi görüşdürün. - təkidlə xahiş etdi.

Qurdan bəy nə qədər çalışsa da Salehi fikrindən döndərə bilmədi. Axırda səsini azaldıb, pıçıltı ilə dedi:

- Cavan oğlan, demək məsələ belədir, Telman artıq beş aydır ki, həyatda yoxdur, hələ səndən əvvəl dünyasını dəyişib.

Salehin heyrətdən gözü kəlləsinə çıxdı.

- Siz nə danışıqsınız?

- Bəlli, Telmanı itirmişik. Bu məsələni atasından və məndən başqa heç kim bilmir. Əgər, ortaqları bunu bilsə Murad bəyin bütün biznesi məhv olar. Çünki əsas müqavilələr Telmanla bağlanıb.

- Əvvəl-axır bu işin üstü açılacaq.

- Açılmaz, əgər sən həmişəlik Telmanı əvəz etsən.

- Siz nə danışırsınız, mənim öz həyatım var.

- Bu, daha maraqlı olacaq. Murad bəy, sənə oğlu kimi baxacaq. Onun bütün var dövləti sənə qalacaq. Tək oğlansan, heç kimin yoxdur. Bu işdən heç kimin xəbəri olmayacaq.

- Yox, mən mənliyimi satmaram.

Qurdan bəyin sifətinin ifadəsi dəyişdi, qorxunc bir görkəm aldı. Saleh hələ onu belə görməmişdi. Canına üşütmə düşdü.

- Cavan oğlan Murad bəy elə belə adam deyil, hər şeyə qadirdir, bu evin sirri çölə çıxa bilməz, yaxşı fikirləş!

Qurdan bəy açıq-aydın onu hədələyirdi. Cavan oğlan qorxusundan rəngini udmuşdu. Burada başına bir iş gəlsə idi, onsuzda onu itirib-axtaran olmayacaqdı. Qurdan bəy, yəqin ki, bunu əvvəldən hesablamışdı. Bir anlıq beynində hər şeyi götür-qoy etdi.

- Yaxşı, mən razıyam! – qərarını verdi.

Qurdan bəyin sifətindəki qorxulu ifadə yox oldu, eyni açıldı, gülümsədi, əlini salehin çiyninə qoyub dedi:

- Murad bəy sənə doğma atadan da yaxşı baxacaq, kişi sənə çox bağlanıb.

Saleh istəyindən asılı olmayaraq milyonerin saxta oğluna çevrildi. Onun biznesini idarə etməyə başladı. Çox keçmədi, üzə çıxdı ki, Telmanın rus mafiozlarına xeyli borcu var. Bu haqda Murad bəyə məlumat verəndə, kişi başını tutub dedi:

- Ay səni Telman, gör mənim basma nə oyunlar açıb, mən o mafiozları yaxşı tanıyıram, borc qayıtmasa səni öldürə bilərlər.

- Məni?

- Bəli səni, onlar bilmir axı, sən Telman deyilsən.

Salehin qorxudan rəngi qaçdı.

- Cavan oğlan, özünü ələ al, mən bir tədbir görərəm, səhər danışarıq.

Səhəri gün Murad bəy Salehə dedi:

- Onların ağsaqqalları ilə danışmışam, borcun yerinə narkotika istəyirlər. Başqa variant yoxdur. Gərək tapıb verək. Özü də sən özün aparıb təhvil verməlisən. Tələb belədir.

- Bu cinayətdir, məni tuta bilərlər.

- Qorxma, adamlar var, kömək edəcəklər, bircə sən ağciyər olma, Bax ha, hər hansı bir nito hərəkət, axırı pis olar. – Murad bəy Salehə xəbərdarlıq etdi

Saleh bir neçə gün Rusiyaya necə gizli mal keçirmək haqqında düşündü.Axırı riskə gedib Murad bəyin haradansa əldə etdiyi böyük miqdarda narkotik maddəni yol çamadanında tək başına Rusiyaya keçirdib mafiozlara təhvil verdi. Telmanın borcu silindi...

Rusiyadan gələn günü bahalı bir restoranda bu “uğuru” qeyd etdilər. Axşam Qurdan bəy də onlara qoşulub bağa gəldi. Bir az da evdə üstünü düzəltdilər. Saleh yuxusuz və yorğun olduğundan dincəlmək üçün qalxıb üçüncü mərtəbədəki otağına getdi. Gecə yarısı oyandı. Susuzluqdan ciyəri yanırdı. Düşüb aşağıdan su içmək istədi. Pilləkənlə düşəndə gördü ki, qonaq otağının qapısı açıqdır. Fikirləşdi ki, nə əcəb Murad bəylə Qurdan bəy bu vaxta kimi yatmayıb?! Yaxınlaşanda içəridən danışıq səsləri eşitdi. Ayaq saxlayıb qulaq asdı. Ondan danışırdılar.

Murad rejissora deyirdi:

- Artıq Saleh öz missiyasını yerinə yetirib, borcdan canımız qurtardı.

- Deyirsən, yəni təhlükə sovuşdu. Telman artıq özü üzə çıxa bilər?

- Moskvadakı dostlar bir partiya da narkotika istəyirlər, əvəzində yaxşı pul verəcəklər. Bir plan qurub Salehi yenə göndərməliyik, ondan sonra işini bitirmək olar?

Salehin ürəyi əsdi: - Aman Allah, məni təhlükə gözləyir, Telman sağdır?! – necə qorxdusa bilmədən qapıya toxundu, qapı tərpəndi. Hiss etdi ki, içəridəkilər duyuq düşdü. Ayağının ucunda pilləkən tərəfə qaçdı. Pilləkənin ağzında divara qısınıb gizləndi. Qurdan bəy içəridən çıxıb şübhə ilə ətrafı süzdü. Murad bəy də onun dalınca çıxdı.

- Əşşi, gəl içəri, yəqin külək idi qapını tərpədən, görmürsən, çöldə elə bil tufandır.

Ancaq Qurdan bəy ətrafı izləməkdə davam edirdi. Birdən telefonunu çıxardıb tələm-tələsik düymələrini basdı.

Saleh, cibindəki telefona zəng gələndə özünü itirdi. Söndürməyə cəhd etsə də artıq gec idi. Səsdən Qurdan bəy onun yerini aşkar etmişdi. Gödəkçəsinin qoltuq cibindən ucunda səs boğucusu olan tapança çıxardıb ehtiyatla Salehə tərəf gəlməyə başladı.

- Cavan oğlan, biz bilirik ki, burdasan, gizlənməyin yeri yoxdur, çıx söhbət edək, özünü ağıllı aparsan, sənə toxunmarıq.

Saleh qorxa-qorxa gizləndiyi yerdən çıxdı. Diz çöküb yalvarmağa başladı ki, onu öldürməsinlər.

Qurdan bəy tapançanı onun başına dirədi.

- Cavan oğlan, sən rolunu çox yaxşı oynadan. Ancaq heyf ki, kino tez qurtardı. Davamını o dünyada oynayarsan! – deyib atəş açdı.

Salehin meyitini həyətin bir küncündə basdırdılar. Sonra yenə qonaq otağına qayıtdılar. Murad bəy qədəhlərə Napoleon konyakından süzdü.

- Heyf ki, əclaf tez duyuq düşdü, ikinci planımızı həyata keçirə bilmədik.

- Narahat olma, bir şey fikirləşərik...Telmanın sağlığına! – Qurdan bəy qədəhi qaldırdı.

- Telmanın sağlığına! – Murad bəy də qədəhi qaldırdı...

Üstündən bir-iki həftə keçmişdi. Murad bəyin bağ evinin qapısı döyüldü. Özü açdı. Qurdan bəyin yanındakı cavan oğlanı görəndə heyrətdən ağzı açıla qaldı, əlləri ilə onun üz-gözünə toxundu: - Yox, yox, bu Telman deyil, ancaq necə də ona oxşayır. Əhsən sənə, Qurdan bəy!...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG