Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:47

Patrick Modiano-nun Azərbaycan dilində növbəti kitabı


-

“Qanun” nəşrlər evində 5 yeni kitab işıq üzü görüb

"Ferrarisini satmış rahibdən liderlik dərsləri"

Müəllifi Robin Şarma olan beynəlxalq bestseller belə adlanır.

Nəşriyyat bildirir ki, bu kitabla Robin Şarma sizə təşkilatınızda inam, öhdəlik və etibarı necə bərpa etməyi öyrədəcək, eyni zamanda həyat tərzinizi dəyişdirəcək.

Hər şeyin Piter üçün ümidsiz göründüyü bir zamanda gənc rahib onun qarşısına çıxır və ona öz biznesinin taleyini necə dəyişə biləcəyinə dair məsləhətlər verir.

Piter gənc rahibin əslində onun çoxdan yoxa çıxmış dostu Culian Mətl olduğunu, qeyri-adi Hindistan səfərindən geri döndüyünü və uzaqgörən liderliyə dair əbədi hikmətləri onunla bölüşməyə hazır olduğunu öyrəndikdə məəttəl qalır.

Asan istifadə ediləcək səkkiz addımlıq təlim sistemində əks olunmuş bu ilhamlandırıcı kitab sizə komanda yaratmağın, gəlirlərin artırılmasının və effektivliyin sirlərini, təzyiq altında belə yaradıcı və yenilikçi olmaq, gənc komandanı həvəsləndirmək və inkişaf etdirmək, insanların həyatını pozitiv dəyişmək kimi bacarıqlar öyrədəcək. Kitabı Azərbaycan dilinə Nigar Günəşli tərcümə edib.

"Unudulmaz sevgi romanı"

Növbəti kitabın müəllifi Con Qrin, adı “Unudulmayacaq sevgi romanı”dır..

Xərçəng xəstəliyinə mübtəla olmuş on altı yaşlı Hazel Qreysin bir neçə il də yaşamağına təminat verən tibbi möcüzəyə baxmayaraq, xəstəliyi ölümcüldür.

Həkimlərin ona qoyduğu diaqnozla birlikdə ulduzlar da Hazelin həyat nağılının sonuncu hissəsini çoxdan yazıb. Di gəl ki, Aqust Vaters adlı yaraşıqlı və ağıllı bir oğlanın cazibəsi qızın həyatında yeni hekayənin başlamasına səbəb olur.

Kitabı Azərbaycan dilinə Ziyad Quluzadə tərcümə edib,

"Qaranlıq otaqların küçəsi"

2014-cü ilin Nobel mükafatı laureatı Patrik Modianonun “Qaranlıq otaqların küçəsi” kitabı da yeni çıxan kitablar arasındadır.

Xüsusi polis agenti Qay Rolandı illər öncə yoxa çıxmış, tanımadığı bir adamın axtarışına çıxmağa kim vadar edir? Uzun illər məruz qaldığı amneziya ­xəstəliyimi?

Axtarış boyunca bu şəxs haqqında ətraflı məlumat toplayır. Bəlkə də, bu şəxs elə onun özüdür... Kitabı fransızcadan Aysel Namazəliyeva tərcümə edib.

"Səssiz şahid"

Detektiv kraliçası Aqata Kristinin “Səssiz şahid” əsəri də yenicə nəşr olunub.

“Səssis şahid” Aqata Kristinin dramatikliyi ilə seçilən romanlarından biridir. Əsərdə Erkül Puaronun öz iti zəkası, fəhmi ilə daha bir cinayət hadisəsinin üstünü açmasından bəhs edilir.

Bu cinayət də çox zaman olduğu kimi tamah məqsədilə törədilib. Həm də qatil bir özgəsi deyil, qurbanın yaxın qohumlarından biridir. Lakin onlardan hansı?

Çünki özündən sonraya xeyli miras qoyub gedəcək yaşlı qarının ölümündə az qala, qohumunun hamısı maraqlıdır. Bununla belə, onlardan biri tələsib və qarının öz əcəli ilə ölümünü gözləməyib.

Əsərin sonunda Puaro oxucular üçün də gözlənilmədən, sahibə xanımın ölümünü kimin təşkil etdiyini tapır. Kitabı Azərbaycan dilinə Ülviyyə Ağayeva çevirib.

"Baş nazirin xanımı"

Beşinci kitabın müəllifi Vilayət Quliyevdir, kitab “Baş nazirin xanımı” adlanır.

Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib.

Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi.

O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub.

Nəsib bəylə Şəfiqə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsilə təqdim olunur.

Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.

XS
SM
MD
LG