Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 10:24

Erməni idmançıların Bakıda gəzintisi gündəmdə deyil


Erməni idmançılar Bakıdakı Avropa Oyunlarının açılışında, 12 iyun, 2015
Erməni idmançılar Bakıdakı Avropa Oyunlarının açılışında, 12 iyun, 2015

-

Beynəlxalq mətbuat Azərbaycan haqda yazır:

ERMƏNİSTAN-AZƏRBAYCAN: İDMAN SİYASƏTİ ÜSTƏLƏYİR?

EurasiaNet portalı yerevanlı jurnalist və redaktor Gayane Abrahamyan-ın məqaləsini dərc edib.

«Azərbaycan hökuməti Avropa Oyunlarının düşmən Ermənistanla yaxınlaşmaya gətirəcəyini israrla bildirsə də, ermənilərin çoxu bunun əlamətini görmədiyini deyir», - müəllif yazır.

«Ermənistandan Azərbaycana cəmi 7 idmançı, fərdi yarışlara gedib. Xərclərini də Ermənistan hökuməti çəkir. Şəhərdə gəzinti də gündəmdə deyil», - komandanın sözçüsü Karen Giloian «Bakı 2015»ə deyib.

Ermənistanlı politoloq Stepan Safarian oyunların təhlükəsindən danışıb. Onun fikrincə, Azərbaycan ordusu Oyunlar zamanı formalaşmış «mənəvi kapital»dan istifadə edərək Qarabağda cəbhə xəttində təcavüzkar hərəkətlərə əl ata bilər.

Casey Michel «The Moscow Times»da Azərbaycanda Avropa Oyunlarının dəbdəbəli açılışından, Lady Gaga-nın 2 milyonluq ifasından, ölkədə siyasi rejimin özünü tolerant, islam fundamentalizmi və Rusiya ekspansionizminə qarşı istehkam kimi təqdim etməsindən yazır.

«Azərbaycan keçmiş sovet məkanında PR maşınından ən fəal istifadə edən ölkədir. Avropa Oyunlarına ev sahibliyi, Lady Gaga-nın birdəfəlik çıxışına bu qədər pulun səpələnməsi də həmin maşının bir hissəsidir... Bakı istəyir ki, dünya onu postsovet məkanının incisi kimi görsün, reallıqda isə bu rejim Orta Asiyanın qəddar avtokratlarına yaxınlaşmaqdadır. Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı dünyada senzuranın olduğu ölkələr içində 5-ci yerə layiq görür. Tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayıl həbsdədir». Həbsdəki digər fəallardan bəhs edən müəllif yazır ki, bütün bunlar Avropa Oyunlarının gözqamaşdıran dəbdəbəsi arxasındakı reallıqlardır.

SƏFİR AVROPA OYUNLARINDAN YAZIR

Türkiyənin «Daily Sabah» qəzeti Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırovun məqaləsini dərc edib.

Faiq Bağırov
Faiq Bağırov

Səfir bütün dünyanın diqqətinin Azərbaycanın paytaxtı Bakıya yönəldiyini qeyd edir. O, idman tədbirinin həm müxtəlif ölkələrin atletləri üçün qızıl imkan olduğunu, həm də ölkə üçün böyük iqtisadi əhəmiyyət daşıdığını vurğulayır.

«Turizm sektoru ilk Avropa Oyunlarından ən çox faydalanan sahədir. Azərbaycana çoxsaylı turist gəlir. Beynəlxalq standartlara görə, turistin həftəlik xərci min dollardır. Oyunların 2 həftə çəkdiyini nəzərə alsaq, hər bir turist Azərbaycanda 2 min dollar xərcləyəcək», - səfir yazır.

Faiq Bağırov daha sonra Avropa Oyunlarının kiçik və orta biznesə faydasından da bəhs edir. Belə ki, turistlər Bakıda müxtəlif xidmətlərdən – kafe, restoranlardan, nəqliyyat və bank sektorundan da yararlanırlar. İqtisadi faydalardan başqa Avropa Oyunlarının sosial üstünlükləri də var. Ölkəyə əlavə resurslar daxil olur. Sahibkarlar, işçilər faydalanır. Gəlirlər artır. Əlavə xərcləmələr isə dövlət büdcəsinə vergi ödənişlərinin artması imkanı yaradır. Turistlər təkcə paytaxtı deyil, rayonları ziyarət edir və bu, yerli əhali üçün əlavə gəlir mənbəyi deməkdir. «Və nəhayət, Avropa Oyunları Azərbaycan iqtisadiyyatına yeni təşəbbüslərlə töhfəsini verir. Bu, növbəti illərdə dövlət büdcəsinin formalaşmasına müsbət təsirini göstərəcək», - səfir yazır.

«AZƏRBAYCAN: ARTIQ YETƏR!»

«Human Rights Watch» hüquq müdafiə təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia Azərbaycanda insan haqlarının durumunun bu həftə iki qurumda müzakirəsindən yazır – BMT və Avropa Şurasında. «Yüksək səviyyəli bu diqqət əvvəllər müşahidə olunmayıb və yerinə düşür. Azərbaycanın 24 illik müstəqillik tarixində insan haqlarının durumu heç vaxt belə pis olmayıb».

Giorgi Gogia
Giorgi Gogia

«Düz bir il öncə Strasburda prezident İlham Əliyevin Assambleyada çıxışına qulaq asırdım. O, qızıl-qırmızı təkrarlayırdı ki, ölkəsində bütün fundamental hüquq və azadlıqlar təmin olunub, ona meydan oxuyanlara «yalançı» deyirdi. Ona qulaq asanda Azərbaycandakı həmkarlarım üçün qorxurdum. Ötən il qorxularımın əbəs olmadığını göstərdi. Həmkarlarımın demək olar hamısı ya həbsdədir, ya ölkəni tərk edib, ya da gizlənib».

«AŞPA-nın Azərbaycanla bağlı qətnaməni qəbul etməsi Avropa Şurasının nüfuzu və Azərbaycandakılar üçün çox vacibdir. Ancaq indi Azərbaycan hökumətinin bu çağırışlara cavab verməsini təmin etmək ölkənin beynəlxalq tərəfdaşlarından asılıdır».

XS
SM
MD
LG