Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:56

Azad Qaradərəli. Alışqan


Azad Qaradərəli
Azad Qaradərəli

-

Azad Qaradərəli

ALIŞQAN

hekayə

(yeni variantda)

“Azərbaycanda sunami gözlənilir, pul sunamisi”

Rino Harniş

ABŞ-ın Azərbaycandakı

keçmiş səfiri

Birinci hissə

Adam bu dəfə qərarlıydı: nə olur olsun, sədrin qəbuluna düşməli, iradəsini yeritməliydi.

Qarşıdan Yeni il bayramı gəlirdi. Bu yadına düşəndə acı-acı gülümsündü. Gülümsünmək deyildi bu. İçində boğulan qəhərin gülüş rəngində üzə çıxması idi:

“Hələ yalannan Dünya azərbaycanlılarının həmrəyliyi günü də quraşdırmışıq. Burdan-bura bir-birimizlə həmrəy ola bilmirik, okeanın o tayındakı azərbaycanlı ilə süni, yalançı həmrəylik nə təhər olur? Sən mənim balamın boğazının çörəyini kəs ki, mən həmrəylik günü keçirirəm? Heç gör dəxli var?.. Mən axı əlil olmasam (vallah bu qazi sözünü heç xoşlamadım – məğlub ordunun əsgərinə necə qazi demək olar axı? Yaxşısı elə əlildir, əlil... müharibə əliliyəm...) indi sənin qapını kəsməzdim ki. Müharibədə güllə yarası alanacan kimsə mənim qolumu qanıra bilməzdi. Ən çətin, ən ağır işlərə girişmişdim həmişə. Amma indi yarımcanam... ayağımın biri, qolumun da biri yaxşı işləmir... ona görə sənnən ayrı şey yox, ədalət istəyirəm...”

Döyüşə gedirmiş kimi üst-üstə qalın geyindi. Axşamdan hazırladığı lazimi əşyaları nimdaş gödəkçəsinin altından bağladı. Məktəbyaşlı oğluna da tapşırdı ki, əynini qalın geyinsin. Belə çətin işə gedəndə onu həmişə özüylə aparırdı. Hələ cəmi on iki yaşında olsa da, atasının məmurlarla, yaxud polislərlə dartışmasında qolundan tutar, aradan çıxmasına yardımçı olardı. Bu dəfə qızı da onlara qoşulmuşdu. Atanın etirazına baxmayaraq, qız özünü yerə sürtüb ağlayır, gedəcəyini deyirdi. Qız anasına oxşayırdı deyin, onu çox istəyirdi. İndi uşağın bu israrına, illah da göz yaşlarına dayana bilmədi. Qəhərdən əyilmiş üzünü uşaqlarından gizlənməkçün guya ayaqqabısının bağını bağlamaq üçün aşağı əyildi və axır ki, razılaşdı.

***

-Nə olar, məni müəllimlə görüşdürün...

-Olmaz.

-Çox xahiş eliyirəm... Mən axı...

-Ə, sən nə sırtıq adamsan! Dedim olmaz!

-Bilirsən, mən səni tanıyıram... Sən sədrin bacısı oğlusan! Səni bura qoyub ki, onu mənim kimi şikayətçilərdən qoruyasan... Amma nə eliyirsən, elə, mən bu gün onu görməliyəm. Qarşıdan Yeni il gəlir. Mənim uşaqlarım acdılar... Mən haqqımı tələb edirəm! Çayxanamı qaytarsın! Yoxsa...

-Yoxsa, nə, ə?! Nə eliyəssən?! Belə şərəfsiz adam olar!..

Son sözlər güllə kimi dəydi ona. Neçə il əvvəl döyüşdə aldığı yaraların yeri gizildədi, sancdı, sonra harasısa od verib yandı. Yanığın alovu ağzından çıxıb dil-dodağını qarsdı. Kəkələyə-kəkələyə dedi:

-Mən... mən... Qa... Qarabağda canımı qoyanda, sən... sən hard... harda sülənirdin, bilmirəm! Mənim şərəfim... şərəfim o torpaqların uğrunda qurban gedib! Bəs sənin şərəfin hanı?! Hay?!

Sədrin köməkçisinin yanında duraraq açıq-aşkar ona yaltaqlanan yaşlı adam köməkçiyə göz vurdu:

-Bəlkə çıxardıb göstərəsən?

Köməkçi irişə-irişə əlini qıçının arasına aparır və şaqqa çəkib gülür. Əsəbindən üzü əyilən şikayətçi bir ayağını çəkə-çəkə çəliyinə söykənib onların ikisini də itələyərək içəri keçmək istəyir.

-Çəkilin, ə! Məni dolayırsınız! Sə... sən... Sənnn öl, sizi elə doluyaram ki...

Amma şikayətçi yarımcandır, müharibənin vurduğu yara sağalsa da, onun fiziki gücünü almışdır. İki adam birləşib şikayətçini çölə atırlar. Bu vaxt iki məktəb yaşlı uşaq bura gəlib asvalta uzanmış adamın qolundan tutub ağlaya-ağlaya qaldırmaq istəyirlər.

-Ata...

-Ay ata, dur gedək də, nə olar?

-Kəsin! Döyüşçünün balası ağlamaz! Acınnan ölsəniz də, ağlamayın bu nakəslərin qabağında! Siz gedin o tərəfə, mən bir də çalışım görüm, bəlkə girə bildim içəri...

Bu vaxt bahalı xarici maşın dayanır, şikəyətçinin qəbuluna düşmək istədiyi sədr maşından düşür, tələsik kandardan keçmək istəyir. Şikayətçi özünü onun yoluna atıb qışqırır:

-Müəllim, mənim balalarım acdır, özüm də müharibədə şikəst olmuşam, day bunu bilirsiniz...

Sədr ona tərs-tərs baxır və qışqırır:

-Yenə sənsən? Ə, səni mən göndərmişəm müharibəyə?! Sənin çayxananı mən əlinnən almışam? Get məhkəməyə müraciət elə... Ə sən nə...

-Ay müəllim, məni otarma! Sən göstəriş vermisən, hakim də o cür qərar qəbul edib... Bayramqabağı məni qana salma!

-Nə edəcəksən?! Məni hədəliyirsən!?

-Yoox, sənə gücüm çatmaz. Eləsəm, özümə eləyəcəm.

-Sənin ona qeyrətin çatmaz!

Sədr çıxıb gedir. Şikayətçi bayaqkı dartışmada ağrımış şikəst ayağını tutub yenə qapıya yaxınlaşır və bu dəfə nalə təpib qışqşrşr:

-Bax, budu sizə deyirəm! Ya bu gün mən sədrin yanına girəcəyəm, ya da...

“Bacıoğlu” qapıya çıxıb onun üstünə bağırır:

-Özünü niyə hayasızlığa qoymusan?! Gördün ki, səni qəbul etmək istəmir! Get məhkəməyə de dərdini!

Şikayətçi bu dəfə daha bərkdən bağırır:

-Elə eləməyin ki, qanımı üstünüzə töküm...

Bayaqkı yaşlı adam “bacıoğlu”ya göz basıb rişxəndlə deyir:

-Neyliyək, bu qan salacaq!

Bacıoğlu ağzın əyir:

-Pox yeyəcək!

Şikayətçi onu buradan uzaqlaşdırmaq istəyən polislərə bağırır:

-Buraxın, yoxsa yandıraram özümü!

Birinci polis onu itələsə də qorxmuş halda geri çəkilir, “bacıoğlu”ya baxır:

-Rəis, bu deyir özümü yandıracam.

“Bacıoğlu”:

-Yox, a? Yalan demir ki?

Yaşlı adam bu dəfə elə göz vurur ki, elə bil gözünün qarası itib gedir və açıq lağla deyir:

-Atam danışırdı ki, o rayonda katib olanda biri nefti töküb üstünə və deyib ki, bu saat özümü yandıracam! Kişi deyirdi ki, baxdım gözünün içinə, gördüm bu qorxağın biridir, bunnan özünü yandıran çıxmaz. Çıxartdım kibriti verdim, dedim di yandır! Kişi dalı-dalı çəkilib getdi... Ha-ha-ha-haaaaaaa!

Əvvəl bacıoğlu hırıldadı, sonra polislər də gülüşdülər. Bu vaxt şikayətçi qoltuğundan bir “çubuş” butulkasına bənzər nəsə çıxartdı, (amma bu faktı sonrakı dəlillər təkzib edir) içindəki nefti başına tökdü və bağırdı:

-Sizi xəbərdar edirəm, bu dəqiqə məni içəri burxmasanız, özümü yandıracam! Yaxın gəlməyin, çəkilin, çəkilin deyirəm!

“Bacıoğlu” bahalı siqaretini çıxardıb damağına qoydu, sonra gümşü rəngli alışqanla yandırdı, ləzzətlə sümürəndən sonra alışqanı şikayətçiyə uzatdı:

-Hadi, yandır görək, necə yandırırsan!

Nə oldusa bir göz qırpımında oldu. Əvvəl alov, sonra ütülmüş baş iyi, sonra yanıq ət iyi, alov içində ora-bura qaçan şikayətçinin və onun məktəbyaşlı uşaqlarının bağırtısı...

***

Bir sutka sonra şikayətçi dərin yanıq diaqnozu ilə öldü. Ölümündən sonra ona... daha doğrusu, onun ailəsinə küllü miqdarda pul verildi. Yüz min, iki yüz min... Sonra nazirlər bəhsə düşüb pulu ailəyə şabaş kimi səpələdilər. (Pul gəldikcə gah gülən, gah ağlayan məktəbli oğlan boğula-boğula deyirmiş: “Atam demişdi də! Demişdi ki, neft çoxalacaq. Yəqin çoxaldı! Heyf ki, atam görmədi...) Çayxanası ailəsinə qaytarıldı. Hələ qəbiri də götürəcəkmişlər: qara, ən bahalı mərmərdən.

***

Bir gün sonra başqa bir nəfər də özünü yandırmışdı. Sonra daha birisi.

Yer-göy neft qoxuyurdu. Alışqana bənd idi.

***

Şəhərin mağazalarında alışqan qalmamışdı. Siqaret çəkən, çəkməyən – hər kəs alışqan alırdı özünə. Hətta məktəblilər də çantalarında alışqan gəzdirirdilər. Bunu eşidən Binə və Sədərək ticarət mərkəzinin al-verçiləri Çindən alışqan idxalını gücləndirməyə başlamışdılar. Təxminən bir ay sonra şəhəri alışqan basmışdı.

İkinci hissə

Hadisədən dərhal sonra bir-iki jurnalist hadisə yerindən reportaj hazırlasa da, ya onların bəzisini çap etmədilər, ya da hökumətdən təzə aldıqları evin yeni il qabağı qaramata bürünməsini istəməyib özləri çapa vermədilər. (Yazıqları qınamalı deyil. Eləsi var illərdir zirzəmilərdə ailəlikcə kirayənişin qalmaqdan beziblər. İndi belə vaxtda bu cür gic-gicə məqalə yazmaqla hökumətin verdiyi qənimətə burun-damaq eləmək axmaqlıq olardı – nə olsun senzura götürülüb, bəs sənin öz ağlın, fəhmin?) Həmin yazılardan əlimizə keçmiş bəzi parçaları burada verəcəyik. Bu yazıların çoxu vaxtilə sərt müxalif mövqeyi ilə seçilən, indi isə ayağısürüşkən ərli qadınlar kimi gecə ərinin, gündüz oynaşının yanında olan sayt və qəzetlərin müxbirlərinin əldə etdikləridir.

“Yenicə 12 min verib polisə düzəlmiş gənc polisin hadisədən sonra dediklərindən:

-Hər tərəf benzin qoxuyurdu. Elə bil ürəyimə dammışdı. Mən daha təcrübəli olan paqon yoldaşıma dedim ki, bu adam özünü yandıracaq. O da dedi, qorxma yandırmaz, mən belələrini çox görmüşəm... Əslində düzdür. Axı kim deyir ki, o üstünə neft töküb. Gözümün şahidiyəm, çubuş butulkası-filan yox idi. Heç neft iyi də gəlmədi. Alışqanın şaqqıldamasıyla bədbəxtin alışması bir oldu. Mənə kömək edən olsaydı, tez söndürərdik, yanıq dərin olmazdı. Hamı qaçdı girdi içəri, kurtkamı çıxardıb basdım üstünə, çox çətinliklə söndürə bildim... Bax, əllərim də yanıb...”

Bu vəfat etmiş qazinin oğlunun dedikləridir:

“-Çayxanamızı əlimizdən alannan sonra məktəbə getmirəm. Hər gün gedib talkuşkada qab-qaşıq satıram, 5-10 manat qazanıram. Elə vaxt olurdu ki, sabaha çörəkpulumuz olmurdu, yeməyi az yeyirdim ki, qardaş-bacıma qalsın... Birdən səhər çörəkpulu olmasa, atam əsəbləşər, piristupu tutar... (hıçqıqrıb göz yaşlarını əlinin içi ilə silir, əlinin kiri göz yaşına bulaşıb üzünə bomboz ləkələr salır) Atam bizə demişdi ki, mən qışqırıb özümü yandıracam desəm, siz qorxmayın. Əgər gördünüz ki, məni döyürlər, onda qışqırın, hay-küy salın ki, buraxsınlar... Bacımla mən bilirdik ki, atam əsəbidir, özünü doğrudan yandıra bilər. Ona görə onu gözdən qoymurduq. Necə olub atam neft götürəndə mən görməmişəm? Yoxsa yanınnan əl çəkməzdim. Zajiqalkanı çəkəndə əlindən dartıb alardım. Ya da özümü onun üstünə yıxardım ki, mənə görə özünü yandırmasın... Bilirsiz, atam həmişə deyirdi ki, biz neft ölkəsiyik, tezliklə hamımıza o var-dövlətdən pay düşəcək... Deyirdim nə vaxt? Deyirdi neft çoxalanda payımızı alacağıq. Onda səni İngiltərədə oxudacam, özüm də orda müalicə olunacam... Bəs nə oldu? Bu neft niyə çoxalmadı? ”

Bu sədrin dostlarına telefonla dediyi sözlərdir. Bunu necə əldə etməyimizi soruşmayın. Bu ölkədə hər kəsin bir informasiya mənbəyi var, bizim də belə. Nəysə, telefon söhbətindən parça:

“-Bu, mənə qurulmuş bir tələdir. Həmin axşam təcrübəli polisləri də dəyişib, yerinə gəncləri qoyublar. Biri hətta bir neçə ayın polisiymiş. Yoxsa, onun nə işi vardı özünü yandıranı söndürməyə qalxışırdı?.. Tamamilə bir oyundur bu, təxribatdır. Düzdür, bu adam tamam yanmamalıymış – özünü neftlə yox, spirtlə odlamalıymış və yanıq da yüngül olmalıymış... Sadəcə mənə tələ quranlar bədbaxtı aldadıblar, spirti daha kəskin yanan maddəylə əvəzləyiblər... Bu, yalnız Bakı neftindən alınır. Bilirsən də, bizim neft tərkibinə görə dünyanın ən zəngin neftidir. Yadındadır, İkinci dünya müharibəsində bizim neftdən alınan donmayan benzinin hesabına almanların başına nə oyun açdı bizimkilər? Bu da heylə bir

şeymiş. Gör nə təhər tez alışan maddəymiş ki, bizim bacıoğlunun siqaret yandırmaqçün çaxmağını çəkdiyi zajiqalkanın odunu iki metrlikdən alıb bədəni. Bacıoğlu bir az cəld tərpənməsəymiş, o da yanacaqmış... Kaş elə yanaydı! İt küçüyü! Deyirəm, sən niyə duymadın ki, bu it oğlu özünü yandıra bilər? Nə desə yaxşıdır? Ağlaya-ağlaya deyir ki, dayı, Qafarda oldu günah! (Qafar da bizim qohumdur, uzun illər ÇK-da, BK-da, iri rayonlarda katib işləmiş ağsaqqalımız Rufan müəllimin oğludur. Mənin atamla uzun illər dost olmuşdular. Hara gedirdi papanı da özüynən aparırdı. Sağ əli olub Rüfan müəllimin. Papa danışırdı ki, bir dəfə Mingəçevirə katib göndəriləndə papanı da ideoloji katib aparmaq istəyib, buraxmayıblar. Özü lişno Kişinin qəbuluna gedibmiş bu iş üçün... Hə də, indi dövran fırlandı, Rüfan müəllimin oğlunu mən yanımda fırlayıram.) Dedi, papa danışırdı ki, hansısa rayonda katib olanda... Nə? Mənə nə olasıdı ki? Mənlik nə var e axı burda? Sən də deyəsən, sözlü adama oxşayırsan axı?! Bəsdirin səni allah! Yaxşı, mən adboy verirəm, indi yuxarıdan zəng gəlməlidir, tapşırıq var... Əh, zalım uşağı zalım! Qulaqları səs alıb e!”

Bunlar da vəfat edənin atasının sözləridir:

“-Xahiş edirəm, mənim oğlumun ölümünü siyasiləşdirməyin... “

Bu isə orada olan şikayətçilərdən birinin dedikləridir:

“-Mən düz onun yanındaydım. Neft-zad tökmədi üstünə. Kiminsə ona tərəf atdığı alışqanı bircə anda yandırıb, bədəninə tutdu, elə qəfil alışd. İndi özümdən qorxuram. Deyirəm ki, birdən yanımda siqaret çəkənin alışqanınnan mən də alışaram. Uzaq olsun. Bircə bu qalmışdı...”

Nəhayət, 1-ci sinfə dərs deyən Solmaz müəllimənin dərsdən sonra evində hazırlıq keçdiyi uşaqlara şövqlə dediyi sözlər:

“-Təsadüfi deyil ki, Vətənimizə Odlar yurdu deyirlər. Alimlər sübut ediblər ki, hələ qədimlərdə Xəzər sahillərində alov dilləri ucalarmış. Hətta Xəzərdə də su yanarmış. İndi bizim adamlar da odlu-alovludur. Sadəcə alışqanı yaxınlaşdırmaq kifayətdir ki, Odlar Yurdunun adamları alova bürünsünlər.

-Hə, məllimə, mən bunu televizorda gördüm... Bir adam özünü yandırmışdı... Söndürə bilmirdilər.”

Uşaq bunu deyib çantasından çıxardığı alışqanın çaxmağını çəkdi və... müəllimə o dəqiqə alışan uşağı güclə söndürdü.”

Mavi ekranda xalq artisti olan bir müğınni isə Yanardağda odların içində gəzə-gəzə oxuyurdu:

Mən odlar oğluyam, oddan yoğrulmuşam...

dekabr 2013-yanvar 2014

XS
SM
MD
LG