Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:45

Hökumət subayları evləndirmək üçün hərəkətə keçir


80 milyon əhalisi olan İranda 11 milyon subay yaşayır.
80 milyon əhalisi olan İranda 11 milyon subay yaşayır.

-

İranda subayların sayının artması tanışlıq saytı yaradılmasına gətirib çıxarıb və hakimiyyət də bu saytı dəstəkləyir.

Ancaq deyəsən, «hər kəsə öz yarını tapmaq» niyyəti bir çoxlarına şübhəli görünüb.

AzadlıqRadiosunun fars xidmətinə gələn şərhlərdə qeyd olunur ki, sayt yaradıcılarını evlilik hədəfindən çox hakimiyyətin yeni nəzarət aləti olmaq maraqlandırır.

«Tanışlıq saytının yaradılması yaxşı ideyadır, ancaq burda şəxsi suallardan çox, müraciətçinin siyasi görüşləri ilə maraqlanırlar. Siyasi görüşlərin potensial həyat yoldaşı seçiminə nə dəxili var?» – İsfahandan Həmid yazır.

«Azad adam» imzalı şəxs isə belə bir şərh verib: «Şəxsi məlumatların təhlükəsizlik orqanlarına verilməyəcəyinə kim zəmanət verir?».

İyunun 15-də hamsan.tebyan.net saytında vəd verilib ki, yaxın 12 ayda 100 min cütlüyü evləndirəcək.

İran hakimiyyəti ümid edir ki, bu sayt vasitəsilə subayların sayını azalda biləcək. Hazırda 80 milyon əhalisi olan ölkədə 11 milyon subay yaşayır.

Tehranda gənclər və idman nazirinin müavini Mahmud Golzari deyib ki, İran «ailə böhranı» ilə üzləşib. Onun sözlərinə görə, ailələrə və gənclərin evlənməsinə kömək etmək lazımdır: «Çoxlu subay adam var, bu isə uşaqsızlıq və ailəsizlik deməkdir».

«HANSI PEYK KANALI XOŞLAMAĞIN EVLİLİYƏ NƏ DƏXİLİ VAR?»

2050-ci ildə İran əhalisinin sayının 150 milyona çatmasını istəyən ali dini lider Ayatollah Ali Khamenei doğumun artımına nail olmaq üçün rəsmiləri addım atmağa çağırıb.

«Farda» radiosuna şərh yazan oxucular qeyd edirlər ki, potensial namizədlərə verilən suallar məqsəddən uzaqdır.

«Sayt ailə şəcərəsini soruşur. Burda sual var ki, peyk antenası ilə yayılan telekanalları xoşlayırsanmı, gələcəkdə xaricdə yaşamaq istəyərsənmi? Bunların evlilik saytı ilə nə bağlılığı var», - «Azad adam» imzalı oxucu yazır.

Özünü «Meysan» adlandıran oxucu isə bildirir: «Mən öz şəxsi məlumatlarımı heç vaxt belə bir sayta bildirmərəm».

Müraciət formasında yaş, boy, çəki, göz rəngindən tutmuş sosial, maliyyə və təhsil barədə, o cümlədən, siqaret çəkib-çəkməmək, geyim zövqü və idman bacarıqları barədə suallar var.

EVLİLİYƏ YOL SİYASİ SUALLARDAN KEÇİR?

Anketdə siyasi və dini baxışlarla bağlı, hətta hansı ayətullahlı dəstəkləməsi ilə bağlı suallar da var.

«Görünür, mollalar istəyirlər ki, bu sayt vasitəsilə adamları mikroskopla yoxlasınlar və buna görə də informasiya toplayırlar», - anonim imzalı şəxs «Farda» radiosuna göndərdiyi şərhində yazır.

Saytda fars, ingilis, rus, fransız, ərəb, kürd və urdi dilində evliliyin vacibliyi, ailə dəyərləri, valideynə hörmətlə bağlı məqalələr var. Həmçinin saytda islam dini fiqurlarının təlimi, həyatı haqqında da məqalələr yerləşdirilib.

İran hakimiyyəti ölkənin media və internetinə nəzarət edir. Bir çox Qərb telekanalları qadağan edilib, hakimiyyət sosial şəbəkələrə blok qoyub.

hamsan.tebyan.net bildirir ki, evlilik saytı mollalardan həkimlərə, müəllimlərə qədər hər kəsi birləşdirir.

Uyğun cütlük qarşılaşarsa, bu zaman sayt moderatorları psixoloji test keçirilməsi və məsləhətləşmə üçün onların valideynləri ilə əlaqə saxlayacaqlar.

«Hamid» imzalı oxucu yazır ki, valideynlər onlayn tanışlıq saytında iştirak etməməlidirlər: «Siz fikirləşirsiniz ki, iki yetkin şəxs evlənmək qərarını ailələrinə bildirmədən verəcəklər?».

Bir çoxları hesab edirlər ki, hökumət gəncləri evləndirmək üçün tanışlıq saytının təsisindən daha çox iş görməlidir.

«SƏN BİZƏ AZADLIQ VER, ÖZÜMÜZ EVLƏNƏRİK»

Oxucular deyirlər ki, işsizlik, iqtisadi çətinliklər, yaşayış xərclərinin artımı bir çox iranlını evlilik qərarı verməkdən uzaqlaşdırır.

«Belə bir sayta ehtiyac yoxdur. Bütün gənclər evlənmək istəyir. Onlar özlərinə həyat yoldaşı tapa bilərlər. Ancaq iqtisadi çətinliklər evliliyə gedən yolu kəsir», - Ali adlı şəxs yazır.

«Yaxşı maaşlı iş yarat, gənclərə azadlıq ver və problem həll olunacaq». - «Keyvan» imzalı şəxs bildirir.

«Hansı pulla evlənmək? Milyonlarla qiyməti evi necə alasan?», - anonim imzalı oxucudan belə bir şərh gəlib.

«Farda» Radiosuna göndərilən şərhlərdən bu fikir daha qabarıq görünür ki, İranda evliliyin qarşısını kifayət qədər azadlıqların olmaması kəsir.

«Panda» imzalı oxucu yazır: «Pandalar əsirlikdə olanda doğub-törəyə bilmirlər. Pandalar yalnız o vaxt nəsil verir ki, azaddırlar və maliyyə imkanları var. Mən əsirlikdə doğulan ayı uşaq istəmirəm».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG