Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:59

"C" romanını niyə tərifləyirlər?


Tom McCarthy
Tom McCarthy

-

Nəyi tərcümə edək?

Azərbaycanda tərcümələrlə məşğul olan bir sıra qruplar dünya ədəbiyyatını tarixi ardıcıllıq prinsipilə çevirməyi üstün tuturlar. Haqlıdırlar.

Başqa bir qrup sadəcə xoşladığı kitabları tərcümə etməkdədir. Onlar da haqlıdırlar.

Bir ayrı qrupsa o kitabları tərcümə edir ki, xarici səfirlik, xarici mədəniyyət fondu məhz həmin kitabları dəstəkləyir, arxasında dayanır, pulu məhz o kitabların tərcüməsi müqabilində təklif edir. Onlar da haqlıdırlar.

Artıq 1970-ci illərdə doğulmuş ədəbi nəsillər dünyada 21-ci əsrin klassikası sayılan əsərləri yaradırlar. Bizsə həmin əsərlərin tərcüməsinin vacibliyindən danışırıq, biz də haqlıyıq.

21-ci əsrin klassikası seriyasından Azərbaycan dilinə tərcüməsi gərək olan yazıçılardan biri - Zadie Smith haqda yazımızın sonunda növbəti dəfə Tom McCarthy-nin “C” romanından danışacağımızı demişdik.

Elə bu vaxt “C” romanının türkcəyə tərcüməçisi bizim ədəbiyyatla ortaq problemləri qaldırmaqla həmin roman haqda yazdı.

Tərcüməçi əsərə bizdən bir köynək yaxın olduğuna görə, bizim yox, onun Tom McCarthy-nin "C" romanı haqda məqaləsini təqdim edirik.

Sanki çevirməmişəm, mən yazmışam kimi...

Kaya Genç

1969-cu ildə doğulmuş ingilis yazar Tom McCarthy'nin “C” adlı romanı yayımlananda çağdaş romana böyük bir yenilik gətirdiyini dedilər. Notos Nəşriyyatında çıxan kitabın oxunması çətindir, amma oxuyub bitirəndə insana "Yaxşı ki, oxudum” dedirdir.

Əvvəllər tərcümə etdiyim heç bir kitab Tom McCarthy'nin “C”-si qədər mənimlə, həyatımla, öz yazdığım kitablarla əlaqəli olduğunu hiss etdirməmişdi mənə.

Bu, bəlkə çevirdiyim yazarlar arasında ən gənci olmasıyla bağlıdır. McCarthy məndən 12 yaş böyükdür yəni.

Daha əvvəl “Küçədəki adam”-ını türkçələşdirdiyim Philip Roth'un "çevirdiyim ən gənc yazar” olduğu, onun 1933-də doğulduğu (atam yaşındadır) və 10 kitablıq təvazökar tərcüməçilik həyatımı daha çox 1800-lərdə yaşamış adamlara həsr etdiyim nəzərə alınsa, bunu "yaşıdıyla eyni masaya oturdulmuş gəncin ailə yeməyindəki xoşbəxtliyi” kimi açıqlamaq uyğun ola bilər bəlkə.

Amma yox, tam elə də deyil.

McCarthy'nin 1900-cü illərin əvvəlində başlayan və bizi Serge Carrefax adlı bir xarakterin gözündən cürbəcür aləmlərdə gəzdirən bu kitabında daha dərin bir qardaşlıq, bir səs ortaqlığı, bir qafadarlıq tapdım mən.

Bu başdan xəbərdar edim: Bu, macəra romanıdır.

Keçmişdə “Tintin və Ədəbiyyatın sirri” adlı bir kitab yazmış McCarthy üçün macəra romanı dediyimiz şeyin aşağılanıb gözardı ediləcək bir şey deyil, eksperimental üsullarla dəyişdirilə biləcək bir sahə olduğunu vurğulamaq istərdim.

Macəra romanlarının inqilabi tərəfi xarakterin psixologiyasını mərkəzə alan və 1960-cı illərdə eksperimental Fransız romanlarının “burjua romanları” hesab etdiyi, fərd, onun psixologiyası və fərdiyyətini əsas götürən romanlara müxalif olmasıdır.

Alain Robbe-Grillet'nin “Silgilər və Qısqanclıq” kimi romanlarında xarakterlər içinə yazıçının əli girmiş kuklalar kimidir: hadisələrin arasında gəzir, bizi gerçək olduqlarına inandırmaq üçün heç çalışmırlar da.

G.I.Joe-nun düzəltdiyi oyuncaqlar nə qədər realdırsa, onlar da o qədər gerçəkdir: Yəni sizin onun gerçək olduğuna inandığınız qədər gerçək. "C"-nin qəhrəmanı Serge Carrefax də kukladır.

Lakin psixologiyası, iç dünyası, duyğuları qəsdən nəzərə alınmasa, yalnız etdiklərinin vasvasılığı ilə incələnsə belə, dilə və ünsiyyətə marağı vacib sayılan bir kukladır.

Məsələn, simsiz cihazlara böyük marağı var. Bu gün yaşasaydı, Twitter'ın yaradıcısı Jack Dorsey ilə xoş-beş etməyə kim bilir, nə söhbətlər tapardı.

Serge'in doğulmasıyla başlanan hekayə bizi qəhrəmanımızın atasının evindən Birinci Dünya Müharibəsinin qovğalarına, bir alman əsir düşərgəsinə, oradan insanların müharibə sıxıntısını seks və başqa maddələr vasitəsilə dəf etməyə çalışdığı Londona, nəhayət, Misirə və dənizə, açıq sulara, dalğalara aparır.

Bundan üç il əvvəl naşir dostum Semih Gümüş mənə “C”-ni çevirməyi məsləhət görəndə tərcüməçi həssasiyyətim bunun satışı az, əməyi çox bir kitab olacağını mənə xəbər vermişdi.

Tərcüməçiyə ev satın aldıracaq romanlardan biri deyildi bu, amma həyatda hər şey də pul deyil.

“C”-ni tərcümə etdiyimi eşidən yazıçı dostlarım bəlkə də kinayə ilə “Çox vacib iş görürsən, əlinə sağlıq” deyə, ürəkləndirmişdilər məni.

Onun ilk romanı “Remainder” haqda Zadie Smith "Son 10 ilin ən yaxşı ingiliscə romanlarındandır” demişdi. Yenə də həmin Smith'in məşhur bir “New York Review of Books” məqaləsinə görə, “romanın gedə biləcəyi iki yol”dan birinin mühüm təmsilçisiydi McCarthy.

Realist deyil, eksperimental, hamıya deyil, “orijinal olsun” deyənlərə səslənən, oxucuyla arasında konsensus qurmaqdansa gərginlik yaradaraq var olmağı sevən bir roman.

Oxunması çətindir, eynilə keçmiş eksperimental romanlar kimi. Oxunması çətindir, amma oxuduğuna dəyən həmin o romanlardandır...

Başgicəlləndirən bir kitab

Bu kitabı tərcümə etdiyimi eşidən dostlarımın həyəcanında McCarthy'nin ədəbiyyat aləmindəki şöhrətinin də payı vardı, əlbəttə. Bu da məndə xaricdə çıxmış son model bir cihazı ölkəsilə paylaşmaq üçün ürəyi döyünən bir müasir dövr təşəbbüskarının təlaşını yaratdı.

Proust'un böyük romanının bəzi hissələrini türkcəyə “Keçmiş zamanın sorağında” adıyla ilk dəfə Yakup Kadri Karaosmanoğlu tərcümə edəndə kim bilir, necə həyəcanlanmışdı millət.

Ulysses” ilk dəfə Nevzat Erkmenin tərcüməsində türkcə rəflərdə yerini alanda ölkəsinə İntenet və xarici maşın gələn kubalı kimi sevinib həyəcanlandığımız günləri xatırladım.

Yaxşı, bəs vətəndaşlarının ingilis dilini ana dili kimi bildiyi, hər həftə “Mad Men”'indən “Girls”-una qədər seriallara su kimi rahatlıqla alt-yazı çevrildiyi günümüzdə ingiliscə bir romanın Türkiyədə türkcə çıxması doğrudan da vacib idimi?

Mən, tərcüməçi gözündən vacibiydi, əlbəttə. Tərcümə edərkən bu başgicəlləndirici kitabın qəribəliklərinin Türkiyədə yazıçılara necə “təsirlər” edəcəyini xəyalıma gətirməkdən zövq alırdım.

“C” romanını oxumadan yazdığım və macəra romanlarını eksperimental bir formada yenidən yaratmağa çalışdığım öz romanım “Macəra”nı “C”-ni oxuyandan sonra yazsaydım, necə yazacağımı düşünmək qəribə hiss idi.

Yazıçının fikirlərinin kinolentinə girdiyimi düşündüyüm, eyni beyinə malik olduğumu hiss etdiyim anları indi “C”-ni əlimdə tutarkən xatırlamaq isə məni bir az kədərləndirir.

Yalnız yazanda deyil, tərcümə də edəndə bitirdiyiniz hər cümlə, hər səhifə, hər kitab, nəhayət, nəşr olunmuş halda əlinizdə tutanda həyatın geri dönməyəcək anlarını xatırladır sizə.

XS
SM
MD
LG