Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:31

Məktəbin həyətinə sığınmış 11 köçkün ailəsi


Arxiv fotosu
Arxiv fotosu

-

"6 nəfərdən ibarət ailəyik. Həyətdə qaraj var. yerimiz darısqal olduğu üçün məcbur olub özüm qarajda yatıram. Bu gün köçürəcəklər, sabah köçürəcəklər, artıq 24-cü ilə keçib, hələ də köçürmürlər".

Bunu "Qaynar xətt"ə Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 90 ünvanında, 39 saylı məktəbin həyətindəki qəzalı evdə məskunlaşan məcburi köçkün Ehtiram Quliyev deyir. O, burada yaşayan 11 ailənin acınacaqlı həyat yaşadğını bildirir.

SƏKSƏKƏ İÇƏRİSİNDƏDİLƏR

Burada yaşayanların əksəriyyəti Füzuli və Laçın rayonlarından olan məcburi köçkünlərdir.

Onların yaşadıqları evləri gecəqondu da adlandırmaq olar. Məhnz bu gecəqondular ətrafda sonradan inşa olunmuş çoxmərtəbəli binalara sıx yaxındır. Köçkünlər səksəkə içərisində yaşayırlar:

"Evlərimizin örtüyü pis vəziyyətdədir. Deşikləri kartonlarla örtmüşük. Bu ətrafdakı binalardan kiçik daş parçası qopsa başımıza düşəcək. 23 ildə dəfələrlə dövlət qurumlarına müraciətlər etmişik ki, çarə qılsınlar. Bura insan yaşayası yer deyil. Hər dəfə də deyirlər, səbr edin. Hara qədər səbr edək? Başımızı boş vədlərlə aldadırlar”.

İCRA HAKİMİYYƏTİ: KÖÇÜRÜLƏCƏKLƏR

Bura sığınmış köçkünlər qışda nəmişlikdən, soyuqdan, yayda antisanitariya şəraitindən əziyyət çəkirlər. Deyirlər ki, 11 ailənin hamamı və mətbəxi ümumidir. Kanalizasiya sistemi bərbad vəziyyətdədir. çirkab sular tez-tez qapılarının qarşısına yığılır.

Nərimanov rayon icra hakimiyyətindən bildirdilər ki, Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi həmin ünvanda məskunlaşmış köçkün ailələrini yaxın vaxtlarda inşa olunacaq binalardan birinə köçürməyi planlaşdırıb. Hazırda məskunlaşdıqları bina isə müasir tələblərə cavab vermədiyi üçün söküləcək.

XS
SM
MD
LG