Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 19:58

O möhtəşəm açılış üçün xalqa minnətdar olun!


Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015

-

Birinci Avropa Oyunlarının açılışından bir neçə gün keçsə də, yerli mediada bu mövzu geninə-boluna müzakirə olunur.

«Azadlıq» qəzeti yazır ki, ilk Avropa Oyunlarının açılış mərasimi möhtəşəm və uğurlu alındı. Ancaq Avropanın elmi-texniki tərəqqisinin məhsulu olan bu nailiyyətin gerilikçi bir hakimiyyətlə nə əlaqəsi?!

«Rəsmi məlumatlara görə, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub. Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarındakı mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannou-dur. Mərasimin musiqi rəhbəri və quruluşçu rəssamları da Avropanın nüfuzlu mütəxəssisləridir. Elə isə, bu işlərin müəllifi kimi Əliyevlər ailəsini yerli mediada təbliğ etməkdə məqsəd nədir? Avropanın zövqü, intellekti, texnologiyası və peşəkarlığı olmasaydı, hansı nəticədən danışmaq mümkün idi? Əlbəttə, fürsətdən yararlanan yaltaqlar da var ki, möhtəşəm və uğurlu mərasimə görə hətta hakim ailəyə təzim etməyi lazım bilirlər... Yəqin, öz alverçi baxışlarından çıxış edərək mərasimə qoyulan külli miqdarda xərci nəzərdə tuturlar?
Sanki, açılış mərasiminə sərf edilən 100 milyon manatdan artıq vəsait hakimiyyətdəkilərin cibindən çıxıb, ya da onların maaşından tutulub? Avropa Oyunlarına görə büdcə gəlirlərini, xüsusilə də neft dollarlarını - milyardları xalqla hesablaşmadan sağa-sola xərclə, sonra da bu yarışların uğurlu təşkilinə görə hamını özünə borclu bil?! Əslində isə xalqa minnətdar olmalı və vətəndaşa təzim edilməlidir! O xalq ki, təkcə Avropa Oyunlarının xərclərinə görə yox, həm də bu yarışların təşkilinə görə sıxıntılarla üzləşdi... O vətəndaş ki, yarış xərclərinin kompensasiya edilməsi üçün aylarla əməkhaqqının üçdə birindən məhrum oldu, ya da yarışlarla əlaqədar ölkədə tətbiq edilən qadağa və məhdudiyyətlərdən zərərə düşdü...».

Azad Rəhimov
Azad Rəhimov

NAZİR LADY GAGA-YA VERİLƏN PULLARDAN DANIŞDI

Gənclər və idman naziri Azad Rəhimov Lady Gaga-nın Avropa Oyunlarının açılış mərasimindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.

«Bizim Yol» qəzeti yazır ki, nazir Lady Gaga-ya ödənilən məbləğin kommersiya sirri olduğunu bildirib:

«Lady Gaga ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Lady Gaga».

Nazir bir tək onu bildirib ki, deyildiyi kimi, Lady Gaga-ya 2 milyon dollar qonorar verilməyib: «Qonorarın məbləği o qədər olmayıb».

«Eurosport» saytı Lady Gaga-nın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını yazıb.

AVROPA OYUNLARI XALQIMIZIN QƏLƏBƏSİDİR

«Yeni Azərbaycan» qəzeti yazır ki, ilk Avropa Oyunlarının açılış mərasimi Azərbaycanın inkişafını, mədəniyyətini bir daha dünyaya nümayiş etdirib.

Azərbaycan idmançıları Avropa Oyunlarının açılışında – 12 iyun 2015
Azərbaycan idmançıları Avropa Oyunlarının açılışında – 12 iyun 2015

Qəzet yazır ki, «ilk Avropa Oyunlarının açılışı bu mərasimi izləyən insanlara unudulmaz anlar yaşatdı. Belə ki, Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkirdi. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı. Verilən məlumatlara görə, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub. Açılış mərasimi, həmçinin, Azərbaycanın tarixi keçmişini, milli-mənəvi dəyərlərini də özündə geniş şəkildə əks etdirdi. Bu da tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Çünki Azərbaycan Qərblə Şərqin qovuşuğunda yerləşməklə çox zəngin tarixə, mədəniyyətə və ənənələrə sahibdir».

BAKIDA İŞIQFORLARDA YENİLİK

Bakıda gözdən əlillər üçün xüsusi işıqforlar quraşdırılıb. İşıqfor dirəklərinə bağlanan xüsusi avadanlıqlar piyadalara səsli olaraq qırmızı işıq zamanı «Gözləyin», yaşıl işıq zamanı isə «Keçin» göstərişini verir.

Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinin rəisi Rafiq Qasımov Qafqazinfo-ya bildirib ki, işıqforlarda gözdən əllilər üçün aparatların quraşdırılmasına iyunun 16-dan başlanılıb: «Bu tip qurğuları əvvəl biz özümüz hazırlayıb quraşdırmışdıq, amma sayı az idi. Mən bir sərgidə bunu gördüm və ölkəmizdə quraşdırılmasını təşkil etdik. Hazırda quraşdırılan aparatlar İtaliyadan və Amerikadan gətirilib. «Neftçilər», «Nərimanov» metrostansiyalarının ətrafında və başqa bir neçə yerdə quraşdırılıb. Bu iş hələ davam etdiriləcək. Hansı ərazilərdə ki, piyadaların hərəkəti sıxdır və hansı yerlərdəki ətrafda korlar yaşayır, ilk olaraq həmin ərazilərdə quraşdırılır».

XS
SM
MD
LG