Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:40

NİDA-çını məhkəməyə məcburən aparırlar


Şahin Novruzlu
Şahin Novruzlu

-

NİDA hərəkatının üzvü, keçmiş məhbus Şahin Novruzlunun məhkəməyə məcburi gətirilməsi barədə qərar var.

Bu barədə Azadlıq Radiosuna onun özü məlumat verib. Şahin Novruzlu deyir ki, iyunun 17-də evlərinə Nəsimi Rayon Məhkəməsinin qərarı göndərilib. Qərarda Şahin Novruzlu borclu şəxs kimi göstərilib və iyunun 25-də onun nümayəndəsi ilə məhkəmə zalında olması istənilir.

Şahin Novruzlu deyir ki, həbs olunan zaman özü və bir neçə NİDA-çının evindən götürüldüyü deyilən "Molotov kokteyli" və narkotik maddə ekspertiza edilmişdi. 2014-cü ildə mayın 6-da 8 NİDA-çıya hökm oxunan zaman ekspertiza xərclərinin də təqsirləndirilən şəxslərin ödəməsi qərarı verilmişdi:

“Biz bu qərardan narazıydıq. Ali Məhkəmə də bu qərarı qüvvədə saxladı. Məbləğ 303 AZN-dir. Bundan əvvəl də borcu ödəməklə bağlı məhkəmədən evə məktub göndərilmişdi. Getməmişdim. İndi biz bu məsələdən Avropa Məhkəməsinə şikayət edəcəyik.”

Şahin Novruzlu vəkili ilə məsləhətləşmə apardığını, məhkəməyə gedib-getməməklə bağlı qərarı bundan sonra verəcəyini dedi.

Şahin Novruzlu həbs olunan zaman MTN bildirmişdi ki, onun evindən 90 min manatdan çox pul da götürülüb.

Məhkəmə ötən il mayın 6-da hökm çıxaranda həmin məbləği Azərbaycanda inqilab üçün xarici qüvvələrin verdiyini və pulun dövlət hesabına keçirilməsi qərarını vermişdi. Şahin Novruzlunun ailə üzvləri isə həmin məbləğin bir qisminin iş qurmaq üçün borc alındığını, bir qismininsə müalicə pulu olduğunu bildirmişdi.

NİDA-çı fəallar –Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və İlkin Rüstəmzadə 2013-cü ilin mart-may aylarında həbs olunmuşdular.

Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart tarixli etiraz aksiyasında kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz partlayıcı maddə və narkotik saxlamaqda və xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrum etmişdi.

İttihamlarla razılaşmayan gənclər siyasi motivlərlə həbs olunduqlarını deyirlər.

XS
SM
MD
LG