Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:15

Azərbaycan xəbərləri

Azərbaycan-Polşa 3:0

Azerbaijan -- Baku 2015 logo

İyunun 15-də "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçuların qrup mərhələsində II turun oyunları keçirilib.

Azərbaycan millisi bu dəfə Polşa yığmasını hər 3 setdə məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması İlk görüşdə də Rumıniyanı 3:1 hesabı ilə məğlub edib.

Həmçinin 1-ci turda Türkiyə İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.

Rumıniya isə eyni hesabla Belçikaya məğlub olub.

15 iyun

Qrup mərhələsi, II tur

A qrupu

11:00. Türkiyə - İtaliya - 3:0 (25:16, 25:10, 25:17)

16:30. Rumıniya - Belçika - 0:3 (21:25, 21:25, 23:25)

22:00. Azərbaycan – Polşa - 3:0 (28:26, 25:16, 25:23)

Azərbaycan hazırda A qrupunda 6 xalla birinci, Türkiyə 4 xalla ikinci, İtaliya 3 xalla üçüncü,Belçika 3 xalla dördüncü, Polşa 2xalla beşinci, Rumıniya isə 0 xalla sonuncu yerdədir.

Bütün xəbərləri izləyin

Deputat  Qənirə Paşayeva vəfat edib

Gənirə Paşayeva

Bugün, sentyabrın 28-də deputat Qənirə Paşayevanın müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat etdiyi bildirilir.

Bu barədə məlumatı “Turan”a deputatın yaxınları təsdiqləyib.

O, səhhətində yaranmış problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulduğu açıqlanmışdı.

O, 2005-ci ildən deputat idi. 105 saylı Tovuz Seçki Dairəsindən parlament üzvü seçildiyi açıqlanmışdı.

Qənirə Paşayeva 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

O deputatlıqdan öncə ANS televiziyasında müxbir və redaktor kimi çalışıb.

Azərbaycanda Anım Günüdür

Bakıda Anım yürüşü. 2021

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd edilir. Üç il öncə, 2020-ci il sentyabrın 27-də 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Bu müharibənin başlamasına görə tərəflər bir-birlərini günahlandırıb.

Həmin müharibədə Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsini geri qaytarıb. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli bəyanata əsasən, döyüşlər dayandırılıb. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun olaraq, az sonra işğalda qalan ərazilərdən Kəlbəcər, Laçın və Ağdam rayonu da Azərbaycanın nəzarətinə keçib. Beləliklə, Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalmışdı.

Həmin müharibə nəticəsində Azərbaycanın 3 min civarında hərbi qulluqçusunun həlak olduğu, altısının isə itkin düşdüyü bildirilir. Ermənistanın isə həmin döyüşlərdə 3 min 770-dən çox hərbi qulluqçusunun həlak olduğu, 240-dan çoxunun isə itkin düşdüyü açıqlanıb.

Nifrətlə böyüyən azərbaycanlı və erməni uşaqlar: Tarix dərslikləri dəyişəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:07:56 0:00

Anım Günündən 8 gün öncə...

Ötən həftə, sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etdi. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Azərbaycanın açıqlamasına əsasən, Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Söyüdlüdə qızıl mədəninin fəaliyyətini mümkün saydılar

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

Gədəbəy rayonunun Söyüdlü kəndində su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Amma ərazidə qızıl mədəninin fəaliyyətinin bərpa ediləcəyi gözlənir.

Bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Sentyabrın 26-da Azərbaycan Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Nazirlər Kabinetindən bildirildiyinə görə, iclasda Böyük Britaniyanın "Micon International Co Limited" şirkətinin ərazidə apardığı monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.

"...Su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib. İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb...", - məlumatda vurğulanır.

'Torpağında qızıl çıxsın, özün acından köpük qusasan?'
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Açıqlamaya görə, torpaq nümunələrində isə bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub: "Müəssisənin 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı mövcuddur, lakin planın yenilənməsi tövsiyə edilir".

Habelə bildirilib ki, əsas emal müəssisələrində qurğu və avadanlıqlar köhnə olduğundan istismar, ekoloji, sosial və təhlükəsizlik istiqamətlərində investisiya yatırımı tələb olunur. "..."Azərbaycan Beynəlxalq Mədən Şirkəti" tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər".

Xatırlatma

Bu il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazlardan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Prezident habelə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə ən azından səhlənkarlıq etdiyini söyləyib.

Bu çıxışdan iki gün sonra rəsmi olaraq Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Gələn ilin büdcəsi artırıldı

Nazirlər Kabineti

Azərbaycan Maliyyə Nazirliyinin 2024-cü il üçün ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408 milyon (ümumilikdə 800 milyondan çox) manat artırılıb.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib.

Beləliklə, gəlirlər 34 milyard 173 milyon manata, xərclər isə 36 milyard 763 milyon manata çatdırılıb.

Artırılmış gəlirlərin və xərclərin parametrləri açıqlanmır.

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 33 milyard 779.5 milyon manat, xərcləri 36 milyard 568.8 milyon manat proqnozlaşdırılıb.

İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulub

Rəcəb Tayyib Ərdoğan Naxçıvanda

Sentyabrın 25-də Naxçıvanda Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Daha sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan və Türkiyə prezidentləri mərasimi onlayn izləyiblər.

2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanmışdı.

Prezident Əliyev 2022-ci ildə həmin kəmərin tikintisinə dövlət büdcəsindən müvafiq vəsait (məbləğ açıqlanmır) ayrılması barədə sərəncam imzalayıb.

Diametri 40 sm olan boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir.

Sentyabrın 25-də eyni zamanda Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb.

Türkiyə prezidenti Naxçıvandadır

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına səfər edib.

Naxçıvanda Türkiyə dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Bu səfər çərçivəsində onların ikitərəfli və regional məsələləri müzakirə edəcəkləri gözlənir. Onlar habelə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması və başqa açılış mərasimlərində iştirak etməlidirlər.

Azərbaycanın iki hərbçisinin minadan həlak olduğu deyilir

Mina partlayışı

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, sentyabrın 24-ü saat 17:35 radələrində onlara məxsus "KamAZ" markalı avtomobil minaya düşüb.

Nazirlik vurğulayır ki, mövqelərinin təminat yolunda (yer açıqlanmır-red.) tank əleyhinə minanın partlaması nəticəsində iki həbi qulluqçuları həlak olub, biri isə yaralanıb.

Baş Prokurorluğun məlumatında mina partlayışının Ağdam rayonu ərazisində baş verdiyi bildirilir.

Bu arada "Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin mətbuat katibi" kimi təqdim olunan Hunan Tadevosyan "Azatutyun" radiosuna deyib ki, Xankəndidə Azərbaycan hakimiyyətinin kimi həbs etdiyini bilmirlər və bu barədə özləri də Azərbaycan mediasından xəbər tutublar.

Azərbaycan ötən həftə də hərbi əməliyyatlardan öncə Qarabağda mina partlaması nəticəsində dördü polis olmaqla, altı vətəndaşının həlak olduğunu açıqlamışdı.

  • Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Qarabağda mina basdırmaqda şübhəli sayılanların saxlandığı deyilir

Xocavənd rayonu ərazisində minalar basdırmaqla altı Azərbaycan vətəndaşının ölümündə şübhəli sayılan şəxslərin saxlandıqları bildirilir.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 25-də məlumat yayıb.

Məlumata görə, sentyabrın 19-da baş verən ölüm halları ilə bağlı həmin şəxslər bir gün sonra saxlanılıb. Onlar Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirməkdə şübhəli sayılırlar.

Bu məlumata, hələlik, Qarabağda tanınmayan qurumun təmsilçiləri və saxlananların yaxınlarının münasibəti açıqlanmayıb.

Minalar…

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 50-dan çox vətəndaşı minaya düşərək həlak olub, 200-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan xəritələri Azərbaycana veriblər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Azərbaycanda karantin yenə uzadılıb

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, "koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə" Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılır.

Bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.

Mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının sona çatdığını elan edib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 300-dən çox şəxsin vəfat etdiyi bildirilir. Amma son aylar bu virusa yoluxmanın kəskin şəkildə azaldığı bildirilir.

'Qənirə Paşayevanın vəziyyəti çox ağırdır' - həkimdən açıqlama

Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.

Bu barədə TƏBİB rəsmisi Zamirə Ədilova yerli mətbuata açıqlama verib:

"Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub."

+++


Deputat Qənirə Paşayevanın dünən gecədən komaya düşdüyü və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi bildirilir.

Bu barədə Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev açıqlama verib:

"Bizə müraciət edəndə huşu aydın deyil idi. Bütün kliniki göstəriciləri şok klinikası ilə uyğun idi. Xəstə reanimasiya şöbəsinə alındı. Hal-hazırda Qənirə xanımın müalicəsi reanimasiya şöbəsində davam edir."

Kamran Musayevin sözlərinə görə, deputat süni nəfəs aparatına qoşulub.

Afiəddin Məmmədov  həbs edilib

Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçildiyi bildirilir.

Həmin təşkilatdan verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Bildirildiyinə görə, onun barəsində sentyabrın 21-də Xətai Rayon Məhkəməsi qərar verib.

Təşkilatdan habelə qeyd olunub ki, Məmmədov özünü təqsirli bilmir və fəaliyyətinə görə, şərləndiyini düşünür.

Afiəddin Məmmədovun dünən, sentyabrın 20-də evdən çıxarkən saxlandığı bildirilirdi.

Yaxınlarının verdiyi məlumata görə, həmin vaxt evin yanında bir nəfər özünə xəsarət yetirərək bıçağı Məmmədovun üstünə atıb: “Hadisə yerinə dərhal polis əməkdaşları gələrək onu saxlayıb”.

Amma bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Reportyor, keçmiş diplomat həbs ediliblər

Emin İbrahimov

Reportyor həbs edilib

Reportyor Nurlan Qəhrəmanlı sentyabrın 21-də 30 sutka həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) ilə ittiham edilib. Qərarı Yasamal Rayon Məhkəməsi çıxarıb.

Qəhrəmanlının yaxınları bildiriblər ki, onu sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən mülki geyimli şəxslər zorla aparıb:

"İnternet provayderi adından gələrək Nurlanı çağırıblar. Nurlan çıxan kimi qollarını buraraq tutub aparıblar".

Məhkəmədə Nurlan Qəhrəmanlı jurnalistlərə bildirib ki, mənəvi və fiziki təzyiqə məruz qalıb, bədənində xəsarət izləri var.

Amma bu iddialara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Keçmiş diplomat Emin İbrahimov inzibati qaydada həbs olunub.

Bu barədə onun vəkili Aqil Layıc bildirib. Onun verdiyi məlumata görə, E.İbrahimov sentyabrın 20-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycanın Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə 30 sutka həbs olunub.

Sentyabrın 20-də digər fəal Əmrah Təhməzovun da 30 sutka müddətinə həbs olunduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, o da İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilib.

Hər iki fəalın həbsinə səbəb kimi onların son günlər keçirilən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə yazdıqları statuslar göstərilir.

Hər iki şəxsin həbsi və yaxınlarının fikirləri ilə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Son günlər olanlar...

Sentyabrın 19-da rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin Qarabağ regionundan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Döyüşlərdə hər iki tərəfdən itkilər olduğu bildirilir.

Sentyabrın 20-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı.

Xatırlatma

  • 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.
  • 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Büdcə az da olsa kiçilir

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir. Həmin göstəricilər 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən, müvafiq olaraq, 0.4 faiz və 0.7 faiz azdır.

2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində nəzərdə tutulur.

Gəlirlərin 49.6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun payına düşür.

Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Müdafiə və milli təhlükəsizlik xərcləri artır

Növbəti il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği artırılır. (6 milyard 421 milyon manat) Bu, 2023-cü ilin təsdiq olunmuş proqnoz ilə müqayisədə 6 faiz çoxdur.

Neft Fondundan transfertlər artacaq

Azərbaycan Dövlət Neft Fondundan (ADNF) transfertin məbləği isə 12 milyard 781 milyon manat nəzərdə tutulub. Bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9 faiz çoxdur.

Maliyyə Nazirliyi qeyd edir ki, 2024-cü ildə ADNF-dən transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37.9 faizinə bərabərdir.

ABŞ dolları/manat (USD/AZN) rəsmi məzənnəsi gələn il də sabit (1.7 manat) qalmalıdır.

Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib. Bu məbləğdə dəyişiklik yoxdur.

Rail Abbasov 4 aylıq həbs edilib

Bugün, sentyabrın 20-də ictimai fəal Rail Abbasov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Müdafiə tərəfi bildirmişdi ki, Abbasov sentyabrın 19-da səhər saatlarında saxlanaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib:

"Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci ( Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb".

Vəkili əlavə edib ki, Rail Abbasovla bağlı 1 nəfərin şikayəti var: "Lakin o, özünü təqsirli bilmir".

Rail Abbasov həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dostudur və onun ictimai müdafiə kampaniyasında iştirak edib.

Bəzi hüquq müdafiəçilərin fikrincə Rail Abbasov məhz buna görə həbs olunub. Amma bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Bununla belə rəsmilər ölkədə insanların siyasi, tənqidi baxışlarına və hüquq müdafiəsi ilə bağlı fəaliyyətinə görə, təqib edilməsinə dair fikirləri qəbul etmirlər.

Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Bu il iyunun 16-da istintaq orqanı ona qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti və bir sıra beynəlxalq təşkilatların nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunması ilə bağlı çağırışlar səsləndiriblər.

Bəzi hüquq müdafiəçiləri onun üzləşdiyi ittihamları siyasi sayırlar. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər. B.Hacıyev də ona qarşı ittihamları qəbul etmir.

Fəalların saxlandığı deyilir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədovun saxlanıldığı bildirilir.

Təşkilatdan iddia olunub ki, Məmmədov sentyabrın 20-də günorta saatlarında evdən çıxarkən saxlanıb:

"Evin yanında bir nəfər özünü bıçaqlayaraq bıçağı Afiəddinin üstünə atıb. Dərhal peyda olan polislər Afiədfini saxlayaraq aparıblar".

Təşkilatdan qeyd olunub ki, bu, Məmmədovun fəaliyyəti ilə bağlıdır və təxribatdır.

Sentyabrın 20-də digər ictimai fəal Nemət Abbasovun da saxlandığı deyilir.

Onu isə Dövlət Təhlükəsizliyi Xidmətinin saxladığı, sonra isə Nərimanov Rayon 17-ci polis bölməsinə aparıldığı vurğulanır.

Hər iki fəalla bağlı deyilənlərə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

İctimai fəal saxlanıb

Polis

İctimai fəal Rail Abbasovun saxlandığı bildirilir.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Abbasovu sentyabrın 19-da səhər saatlarında evdən çıxarkən polis saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirib: "Əvvəl şahid qismində dindirilib. Axşam o, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb. Sabah, sentyabrın 20-də məhkəməyə çıxarılması gözlənilir".

Vəkil əlavə edib ki, Abbasovla bağlı bir nəfərin şikayəti var: "Lakin o, özünü təqsirli bilmir".

Amma o, şikayətin detallarını açıqlamayıb.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Həmin maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Ənvər Ağamalızadənin saxlanıldığı deyilir

Ənvər Ağamalızadə

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Ənvər Ağamalızadənin saxlanıldığı bildirilir.

Partiyadan "Turan"a bildirilib ki, səhər saat 9 radələrində evindən dükana alış-veriş məqsədilə çıxan Ə.Ağamalızadə yaşadığı binanın həyətində saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu saata qədər onunla əlaqə saxlamaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Ə.Ağamalızadə ötən ay da polis tərəfindən saxlanılmışdı. Onun sözlərinə görə, saxlanılarkən fiziki təzyiqə məruz qalmışdı.

Qubad İbadoğlunun həbsi

ADR sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

Suriyaya 10 il öncə gedən azərbaycanlıya 10 il cəza verildi

Xanımı, qaynı və qayınanasıyla 10 il öncə Suriyaya gedən Bəxtiyar Şıxıyev illər sonra buna görə ağır cəzalandırılıb. Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 10 il həbs cəzası kəsilib.

Ötən ilin mayından bəri həbsdə olan 34 yaşlı Şıxıyev Cinayət Məcəlləsininn 283-1.3 maddəsilə - Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak məqsədilə yaradılan qrup, təlim və ya silahlı münaqişələrə qatılmaqda ittiham olunur.

O, Suriyaya getdiyini təsdiqləyir, ancaq orada İŞİD-in tərkibində döyüşmədiyini, sadəcə, 2013-cü ildə çox sadəlövh davrandığını iddia edir:

“Ora gedib çatanda gördüm ki, vəziyyət əvvəl mənə deyildiyi kimi deyil. Hamı özünə müsəlman deyir, amma orada bir-birini öldürür”.

Bəxtiyar Şıxıyev Suriyada yaxınlarının aqibətindən də söz açaraq deyib ki, astma xəstəliyindən əziyyət çəkən qaynı orada vəfat edib. Qayınanası orada ərə gedib. Özünün də orada övladı doğulub. Bir neçə ay sonra uşağı da götürüb, xanımıyla birgə Türkiyəyə gəlib. Sonradan həyat yoldaşı Azərbaycana qayıtsa da, özü 9 ilə yaxın Türkiyədə qalıb. Ötən il özü də Azərbaycana qayıdanda həbs olunub.

Hazırda Şıxıyevin özüylə yanaşı, həyat yoldaşı da həbsdə olduğundan, onların 9 yaşlı övladı babasının himayəsindədir.

Hirkan meşələri UNESCO siyahısına salınıb

Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan Azərbaycanın ilk təbiət ərazisi olub.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidməti məlumat yayıb.

Xidmətin rəisi Firuddin Əliyevin sözlərinə görə, Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar, hazırda UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən 45-ci sessiyasında qəbul olunub.

Hirkan meşələri Xəzər dənizinin cənub qərbində, Azərbaycanın Astara və Lənkəran rayonları ərazisində yerləşir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu ərazidə çox sayda qırmızı siyahıda olan ağaç və bitki növləri yaşamaqdadır.

ADR üzvünün həbs edildiyi deyilir

Sentyabr 16-da Azərbaycan Demokratik və Rifah (ADR) Partiyasının Xəzər Rayon Təşkilatını sədri Allahverdi Babayevin 30 sutka inzibatı qaydada həbs edildiyi bildirilir. Onun barəsində bu qərarı Xəzər Rayon Məhkəməsinin çıxardığı qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna ADR Partiyasından məlumat veriblər.

Partiyadan vurğulandığına görə, Allahverdi Babayev İnzibati Xətalar Məcəlləsinin 535-cm maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama ) ilə təqsirli bilinib.

Partiya sədrinin müavini Ədalət Yusifin sözlərinə görə, Allahverdi Babayev sentyabrın 15-də Qubad İbadoğlu ilə bağlı verdiyi müsahibədə sərt mövqe bildirdikdən sonra həbs edilib.

Bu deyilənlərə, hələlik, Xəzər Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər birqayda olaraq deyirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyəti və tənqidi fikirlərinə görə təqibə məruz qalmır.

Qubad İbadoğlunun həbsi

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu kimdir və nə üçün həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.

update

Qudyalçay üzərində körpü çöküb (Video)

Qudyalçay üzərində körpü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) körpünün uçması nəticəsində üç nəfərin xəsarət aldığını bildirir.

+++

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla iki nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. /FHN/

+++

Qudyalçay üzərində yerləşən körpü sentyabrın 15-də çöküb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Turan"a bildirilib ki, 1974-cü ildə inşa edilmiş körpünün çökmə səbəbi intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları olub: "Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır".

AAYDA-dan bildirilib ki, sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

Qudyalçay Quba və Xaçmaz rayonları ərazisində axıb Xəzər dənizinə tökülür.

Bakının işğaldan azad olunmasından 105 il keçir

1918-ci il, 15 sentyabr. Qafqaz İslam Ordusu Bakıya daxil olur

Sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 105 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti rəhbərlik edib.

Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi.

Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı işğal etdiyindən devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

Müdafiə Nazirliyi təxribatın qarşısını aldığını bildirir

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycanın Müdafiə Nazirliyinin sentyabrın 13-də yaydığı məlumata görə, kəşfiyyat-diversiya qrupunun tərxibatının qarşısını alıblar.

"Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstə ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək, bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib"- deyə, məlumatda bildirilir.

Müdafiə Nazirliyi Kəşfiyyat-diversiya qrupunun bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edildiyini bildirir.
Qarabağdakı separatçı rejimin müdafiə nazirliyi bu məlumatı təkzib edib və yayılan məlumatları yalan adlandırıb.

Xatırlatma

Müasir mərhələdə 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma son illər tərəflər arasında həm Avropa İttifaqı və həm də Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycanın 3 hərbçisi həlak olub

Arxiv foto

Sentyabrın 13-ü Azərbaycanın 3 hərbi qulluqçusu həlak olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda onların çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olduğu vurğulanır.

Nazirliyin məlumatında faktla bağlı araşdırma aparıldığı açıqlanıb.
Amma, hələlik, rəsmi məlumata, orada adları çəkilən hərbi qulluqçuların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan və İran generalları danışıb

Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri

Sentyabrın 13-də Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"M.H.Baqeri bəzi qüvvələrin..., guya, İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb", - məlumatda bildirilir.

Açıqlamaya görə, telefon danışığı zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Yaxın vaxtlara qədər İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilirdi. İranın ötən il Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi rəsmi Bakının narazılığına səbəb olmuşdu. Daha sonra Azərbaycan da İranla sərhəddə təlimlər keçirmişdi.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə isə silahlı hücum olmuşdu. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanmışdı. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.

Moskvadan Bakıya demarş

Rusiya XİN-in binası

Bakının işğal olunmuş Ukrayna ərazilərində keçirilən seçkiləri tanımaması ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya diplomatik kanallar vasitəsilə Azərbaycana demarş edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 13-də keçirilən brifinq zamanı deyib.

Sentyabrın 9-da Azərbaycan XİN Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in heç bir qanuni qüvvəsi olmadığını bildirib.

Zaxarovanın sözlərinə görə, belə qiymətləndirmələr qəbuledilməzdir: "Belə qiymətləndirmələr ölkələrimiz arasında müttəfiq münasibətlərinin səviyyəsi ilə uyğun gəlmir... Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Hansı ki, burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir".

Sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) "regional parlamentlərə deputat seçkiləri" keçirib.

Xatırlatma

Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə silahlı hücuma keçib. Eyni zamanda, Ukraynanın işğal etdiyi dörd vilayətini özünə birləşdirdiyini elan edib. 2014-cü ildə də Rusiya Ukraynanın Krım ərazisini ilhaq etmişdi.

ABŞ və dünyanın əksər ölkələri Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Ötən il fevralın 22-də Moskvada iki ölkənin dövlət başçıları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb. Bəyannamədə siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

'Əsrin kontraktı'ndan Azərbaycan 170 milyard dollara yaxın gəlir götürüb

Prezident Heydər Əliyev, İlham Əliyev və SOCAR-ın sədri Natiq Əliyev "Əsrin kontraktı"nın imzalanmasından sonra ilk neft hasilatını qeyd edirlər.

Azərbaycan "Azəri-Çiraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.

AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 13-də Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi media-tur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir.

AÇG bloku üzrə ilk saziş 1994-cü il sentyabrın 20-də imzalanmışdı. Onda BP 35.78, "Chevron" 11.27, "ExxonMobil" 8, "ONGC Videsh Limited" 2.72, "Inpex" 10.96, "Itochu" 4.3, SOCAR 11.65, "Statoil" 8.56 və TPAO 6.75 faiz pay sahibi idi.

Bu blok üzrə 2017-ci ildə saziş yenilənərək 2050-ci ilə kimi uzadılıb. Bu dəfə BP 30.37, AzACG (SOCAR) 25, "Chevron" 9.57, "Inpex" 9.31, "Statoil" 7.27, "ExxonMobil" 6.79, TPAO 5.73, "Itochu" 3.65 və "ONGC Videsh Limited (OVL)" 2.31 faiz paya yiyələniblər.

Davamı

XS
SM
MD
LG