Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

"Əslində şeirlərim yaşantılarımdan çox-çox uzaqdır"


Gülşad Quliyeva
Gülşad Quliyeva

-

"Şeirlərimdə çox adam var. Başqalarını özləşdirib yaşayıram deyə, oxuyan şeirlərimdəkiləri mən olaraq qəbul edir".

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Gülşad Quliyeva ilə müsahibə

- Gülşad xanım, sizin imzanız uzaqdan-uzağa tanış olsa da, haqqınızda az eşitmişəm, bildiyim qədəriylə “Limonlu çay” adlı bir şeirlər kitabınız da var.

Lütfən bizə bir qədər özünüzdən danışın, ədəbiyyatla tanışlığınız və ona bağlılığınız necə baş verib?

- Ədəbiyyatla tanişlıq deyəndə ilk olaraq xatırladığım, beş yaşımdaykən atamın mənə əzbərlətdiyi Nizami Gəncəvinin şeirindən dörd misradır. İlk şeirimi on bir yaşım olanda yazmışam.

Sonra da davamlı olaraq şeir yazsam da, hesab edirəm ki, bədii yaradıcılığa 2011- ci ildən "Limonlu Çay" şeiriylə başlamışam.

Bu şeiri Facebook səhifəmdə yayımlamaqla oxuyanlarda imzama maraq yarada bilmişdim. İlk dəstəyi "Çölçülər" Ədəbiyyat Mərkəzinin üzvlərindən almışdım.

Gülşad Quliyeva
Gülşad Quliyeva

Elə həmin il "Limonlu Çay" şeiri başqa bir şeirimlə "Qala" ədəbi bloqunda yayımlanmışdı.

2012- ci ildə "Limonlu Çay" şeirlər kitabımın nəşrinə qədər də, ondan sonra da şeirlərim sıx-sıx olmasa da, ədəbi səhifə, dərgi və portallarda yayımlanıb.

İxtisasca qrafikəm. Ədəbi fəaliyyətimlə yanaşı rəssamlıq təhsili alıram, rəssamlıqla məşğulam.

- Şeirlərinizdə şəxsi hisslərin təsvirinə çox yer verilir. Bəs sizcə, şeiri şəxsilikdən çıxarmaq ona xələl gətirir, yoxsa belə olanda artıq mətndə səmimiyyət azalır?

- Əslində şeirlərim yaşantılarımdan çox- çox uzaqdır.

Şeirlərimdə çox adam var. Başqalarını özləşdirib yaşayıram deyə, oxuyan şeirlərimdəkiləri mən olaraq qəbul edir.

Hiss etdiklərimi deyi, yazmaq istədiklərimi hiss edib yazıram. Özünü yazan yazıçı özüyçün yazır. Mənə görə xələl gətirilmiş poeziya poetikanın olmadığı poeziyadır. Poetikanın olmadığı poeziyada da səmimiyyət ola bilməz.

- Adətən oxucular sevdikləri şairlərin gözləmədikləri hərəkətləriyə qarışlaşırlar, məsəlçün güclülərə yarınmaq, şorgözlük, yalançılıq.

Bəs, müasir Azərbaycan şeirindən nələri çıxararaq, onu daha səmimi, daha ürəyəyaxın etmək olar?

- Oxucu və yazıçı münasibətlərinə gəlincə qabardılmamlıdır, tarazlılıq, məsafə olmalıdır. O ki qaldı güclülərə yarınmağa, şorgözlüyə, yalançılığa bu artıq xarakterdir.

Hansısa yaradıcı insanı tənqidlə və ya fikir bildirməklə yaradıcılıq baxımından istiqamətləndirə bilərsən.

Amma kimlik, necəlik olaraq o artıq formalaşıb, onu dəyişə bilməzsən.Hər bir ədəbiyyaçının öz dili, öz mövzusu olmalıdır.

Gülşad Quliyeva
Gülşad Quliyeva

Oxuyub düşünməmək, düşünüb yazmamaq kimi oxucu, yazıçı problemi var. Mövzu təkrarçılığı, yazıların yazıçılar tərəfindən ədəbi nümunə kimi deyil, söz toplusu olaraq təqdim olunması, qeyri-etik ifadələrin hədsizliyi, şeirdə bir məqama köklənib qalmalar fikirlərin şaxələnməməsi, uzunçuluq, üç misralıq fikri səkkiz, on, hətta on beş misrayla belə tam olaraq çatdıra, konkretləşdirə biməmək kimi çatışmazlıqları var müasir ədəbiyyatımızın.

- “Ədəbi Azadlıq” yarışmasına birinci dəfədirmi qatılırsınız, müsabiqə sizə və ədəbiyyata nə verir?

- "Ədəbi Azadlıq" müsabiqəsinə nəinki ilk dəfə qatılıram, hətta qatıldığım ilk ədəbi müsabiqədir. İnamla qatılsam da, məqsədim qalibiyyət və ya mükafat deyil, oxunmaqdır.

Hansısa ədəbi müsabiqə ədəbiyyata nəsə verə bilməz. Hansısa ədəbi nümunəni ictimailəşdirməklə yazıçiya nəsə verə bilər. Özümə gəlincə bu müsabiqə ilk öncə və hər şeydən çox imzamın daha geniş tanınmasına imkan yaratdı.

- Builki “Şeir onluğu” sizə necə gəldi, hansı şeirlər sizi daha çox təsirləndirdi, sizcə, təsadüfi imzalar da varmı orda?

- Bəyənmədiyim şeirlər də var onluqda. Ən çox bəyəndiyim Könül Həsənqulunun şeirləridir.

Hər bir müəllifin yaradıcılığına hörmətlə yanaşıram, ayrı- ayrılıqda hər kəsə uğur diləyirəm.

XS
SM
MD
LG