-
«Gülənçi şəbəkə»sinə qarşı növbəti dalğa başlayıb
«Azadlıq» qəzeti yazır ki, AKP Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə hökuməti təkbaşına qura bilməyəndən sonra Ərdoğanın yenidən Azərbaycandakı “gülənçi şəbəkə”nin zərərsizləşdirilməsi məsələsini gündəmə gətirib.
«Bu dəfə Türkiyə prezidenti Azərbaycan rəhbərliyi qarşısında qəti tələb qoyub. Bir neçə gündür, hakimiyyətin nəzarətində olan media orqanlarında “gülənçi şəbəkə”yə qarşı kampaniyaya start verilib. Bu həmin şəbəkənin sıradan çıxarılacağının anonsu hesab edilə bilər».
Azadlıq qəzeti məqaləni «gülənçi şəbəkə»sinin Azərbaycandakı dayaqları haqda iddiallarla davam etdirir. Hətta bəzi rəsmilərin - Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad Isgəndərov, SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov və deputat Ceyhun Osmanlı “gülənçi şəbəkə” ilə işbirliyində olduğu bildirilir:
«Bu məsələ gündəmə gələndən sonra adıçəkilən şəxslər küncə sıxışdırıldı. Lakin görünür Türkiyə rəhbərliyi bu və “güləçi şəbəkə”yə bağlı digər şəxslərin tamamilə sıradan çıxarılmasını istəyir».
BÜTÜN DÜNYA İDEAL EV SAHİBLİYİNƏ ŞAHİD OLDU...
«Azərbaycan» qəzeti Avropa Oyunlarının açılışından yazıb.
«Azərbaycan» qəzeti yazır ki, iyunun 12-si təkcə Azərbaycanın deyil, dünyanın və Avropanın idman həyatında ən əlamətdar tarixlərdən biri idi.
«Həmin gün Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.. İyunun 12-də bütün dünya Azərbaycanın yeni tarix yazmasının, möhtəşəm uğura imza atmasının şahidi oldu. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dediyi kimi: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir».
Qəzet yazır ki, açılış mərasimi Azərbaycanın möhtəşəm tədbirləri keçirmək bacarığını, antiazərbaycançı şəbəkənin də iflasa uğradığını göstərdi.
BAKIDA BETONDAN İSTİRAHƏ PARKI...
Bakıda sakinlərin istirahət edə biləcəyi parklar çox olmasa da hər halda var. Beləsi isə çətin ola... Çünki park deyiləndə göz önünə həm də yaşıllıq gəlir.
Virtualaz.org saytı yazır ki, bu «park» isə bombozdur, beton rəngində.
«Əslində bu «park»da hər şey betondandır. Burada nə kölgəsinə sığınıb sərinləməyə bir ağac var, nə çəmənlik, nə də heç olmasa çətir».
Alı Mustafayev küçəsindəki tunelin üstündə salınan «park» 3-cü mikrorayon bazarının qarşısından keçən hissəsində yerləşir:
«Tunelin üstündə «park» salmaqla ətrafdakı binaların sakinlərinin istirahətini, bir udum hava ala biləcəkləri məkan yaratmaq istəyiblər. Sağdan-soldan maşınların şütüdüyü, səs-küydən qulaq tutulan bu ərazidə təmiz havanın necə ola biləcəyi isə layihə müəlliflərinin görünür, ağlına da gəlməyib».