Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

Ceyranbatandakı bağ evləri niyə uçurulur?..


Arxiv fotosu
Arxiv fotosu

-

"4 il əvvəl orda ev tikmişəm. Torpağı da bələdiyyədən almışam. 1ildir ki, evi uçurublar. Deyirlər, get, torpağı sənə satan bələdiyyəni tap, haqq-hesabı da onunla apar".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə indi yaşayış yeri olmayan Səmədağa Hüseynov deyir. O, ötən ilin yayında dağıdılmış əmlakına görə hesabat tələb etməyə qurum tapmır.

4 UŞAQLA ÜZÜ KÜÇƏLƏRƏ?..

"Vaxtilə pul verib torpaq almışam, İcra Hakimiyyəti də icazə verib, tikmişəm. Qəflətən qapını döydülər, dedilər, bura Neft Şirkətinin yeridir. Onda Neft Şirkəti hara baxırdı? İndi Neft Kəmərlərini Mühafizə İdarəsinin əməkdaşları gəlirlər ki, bura bizim yerimizdir, çıxın. 4 uşaq saxlayıram, sürücülük edirəm. Onsuz da əziyyət içindəyik, qazandığımız bank kreditlərinə gedir. Uşağı məktəbə buraxmıram ki, geyimi yoxdur. Dörd uşaqla küçədə qalmalıyıq?”

BİR AİLƏ İSƏ SƏKSƏKƏ İÇƏRİSİNDƏ YAŞAYIR

Evi sökülən təkcə Səmədağa Hüseynov deyil. Onun qonşuluğunda yaşayan Eltac Məmmədov deyir, təxminən 1 ildir ki, ona evinin söküləcəyi barəfə xəbərdarlıq edilir. Deyir, 1 ildir ki, səksəkə içərisində yaşayırlar:

“Gecə də yatmırıq ki, hər an hücum ola, evlərimiz dağıdıla bilər. Sanki müharibə zonasında yaşayırıq, düşmən hücumu gözləyirik. Onu da deyim ki, yaşadığımız ərazidə çoxlu bahalı imarətlər var, ancaq nədənsə ağır texnika onların yanından düz ötür, elə bil həmin söküntünün həmin villalara aidiyyəti yoxdur”.

Sakinlərin deməsinə görə, evlərin sökülməsi ilə bağlı məhkəmə qərarı təqdim olunmur:

“Nə bir dəfə məhkəməyə çağırmayıblar, nə də xəbərdarlıq etməyiblər. Qəflətən gəlirlər, darışırlar evlərin canına, 4-5 ev uçurdub gedirlər. Etiraz edəni də döyürlər, sürüb evdən çıxarırlar. Burda əsl vandalizmdir. Bizə heç kəs yiyə durmur, hara gediriksə, deyirlər bizlik deyil”.

HÜQUQŞÜNAS DEYİR, QANUNSUZDUR

Sakinlər deyir, əgər evlərin sökülməsi vacibdirsə, o zaman kompensasiya ödənilsin, ya da başqa yerdə evlə təmin olunsunlar.

“Ceyranbatan bağları” kimi tanınan ərazidə söküntü hələ 21 il əvvəldən başlanıb. Ötən ildən vaxtaşırı əraziyə “baş çəkən” ARDNŞ mühafizəçiləri özləri ilə gətirdikləri texnikalarla hər dəfə bir neçə evi və hasarı söküb gedir.

ARDNŞ isə söküntünü belə əsaslandırır ki, özbaşına tikililər Bakı-Novorossiysk Neft Kəmərinin mühafizə xəttinə düşür. Sakinlərə dəfələrlə xəbərdarlıq olunub ki, ərazidə ev tikmək qadağandır.

Sakinlər isə iddia edirlər ki, neft kəmərləri tikdikləri evlərdən 10 kilometr aralıdadır.

Hüquqşünas Fuad Hüseynov isə məhkəmə qərarı olmadan sakinlərin evlərinin sökülməsini özbaşına hərəkət kimi qiymətləndirir:

“Hətta o tikililər özbaşınadırsa, buna məhkəmə qərar verməlidir. ARDNŞ məhkəmədə iddia qaldırıb sübut etməlidir ki, həqiqətən də tikililər mühafizə xəttinə düşür”.

XS
SM
MD
LG