-
Dövlət Gənc Tamaşaçılar Teatrında Əbdürrəhim bəy Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» povesti əsasında hazırlanmış eyniadlı tamaşa Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Mandzhiev-in yozumunda təqdim edilib.
Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, «Xortdanın cəhənnəm məktubları» 87-ci teatr mövsümünün son premyerası olub.
Səhnə əsəri iki ölkə teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanıb.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada rolları Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa ediblər.
Uşaqlıqdan bir yerdə böyüyən Gövhərtac və Fərmanın bir-birinə olan saf və təmənnasız sevgisi, valideynlərin bu hisslərə laqeyd münasibəti, var-dövlət hərisliyi, İblisin öz adını doğruldan hərəkətləri, cəhənnəmə gedən yolda baş verən hadisələr bubirhissəli ibrətamiz rəvayətdə öz əksini tapıb.
Tamaşanın yeni – 88-ci mövsümdə Rusiya Federasiyasının bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.