Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 05:51

Paltarboğan kənd


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Vüsal Nuru

PALTARBOĞAN KƏND

İndi mən deyim, siz də görün.

Deməli, hadisə bizim kənddə olub. Məktəbin direktoru, daha doğrusu, təqaüdə göndərilmiş direktoru günün günorta çağı bir qolunda kəndir kələfi, bir əlində də kətil biçilmiş taxıl zəmisinin başından keçən torpaq yolla ətrafa tək-tənha nəzarət eləyən nəhəng palıd ağacının altına gəldi.

Kətili qoyub oturdu.

Kəndiri ucundan tutub qarşısına atdı və pencəyinin cibindən paltar sabunu çıxarıb kəndirin canına yeritdi.

Elə səliqəli ilgək düzəltdi ki, deyərdin bəs sənəti İranda öyrənib gəlib.

Boynuna salıb yoxladı, yaxşı sürüşürdü. Kəndirin o biri ucunu bağlamaq üçün ağacın başına bir neçə dəfə dolanıb ürəyinə yatan budağı axtardı. Tapıb sevinsə də, nə illah elədi fırlayıb atdığı ilgək budağı aşa bilmədi.

Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı yeniyetmə uşaq öz aralarında mübahisə edərək yaxınlıqdan keçəndə əlində kəndirlə tullanıb düşən qoca müəllimə baxıb gülüşdülər.

Müəllim onları yanına çağırdı, təklif elədi ki, əgər budağa çıxıb kəndiri bağlasalar, onlara top almaq üçün pul verəcək.

Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar. Müəllim kətili gətirib üstünə çıxdı, kəndirin uzunluğunu boyuna görə tarazladı və bağlatdı.

Cibində nə qədər pulu vardı verib uşaqları sevindirdi. Onlar kəklik kimi uçuşub gedəndə müəllim kətilə çıxdı, ilgəyi boğazına keçirdib sürüşdürdü və boynunun ardında bərkitdi.

Şalvarını belinə dartıb səliqəyə saldı, kəmərini sıxdı, pencəyini düymələdi, qalstukunu sağa-sola çəkib yerində otuzdurdu. Bir neçə dəfə ciyərinə kəndin havasını çəkdi və kətili arxaya itələdi.

Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən çıxıb evlərinə qayıdanda müəllimi görən kimi tanıdılar. Kimin planşeti, telefonu var idisə o saat çıxarıb çəkdi, internətdə paylaşdı və bir-birlərinə göstərərək getdilər.

Çiynində səhəng bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi tanıdı.

Çaparaq gəlib dizlərinə döydü, kətili çəkib oturdu, vaysına bildikcə vaysındı, müəllimi əməlinə görə xeyli danladı, ürəyini boşaltdı, sonra durub kətili də götürüb zəmanəyə qarğıya-qarğıya getdi.

Örüşün qayıdan vaxtı idi. Qoyunlar palıdın altına sürüylə doluşdular. Bəziləri müəllimin ayaqlarını, üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də fürsət tapdı.

Çoban qoyunları qovub əliylə müəllimin üst-başını yoxladı. Onun ayaqqabılarını çıxarıb geyindi. Sonra müəllimin çorabından köynəyinə qədər çıxardı.

Paltarları pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin bir cibinə dürtdü və boxçanı çomağının ucuna keçirdib çiyninə atdı. Başladı qoyunları üzü kəndə tərəf arın-arxayın haylamağa.

Gün batana yaxın daşqasında boş su bidonları danqıldayan eşşək arabası yolunu dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdü. Müəllimi tanımışdılar deyə heyrətdən, təəccübdən bir-birlərinə yersiz suallar verirdilər. Müəllimə baxıb yanıb-yaxılırdılar.

Birdən ağıllarına gəldi... Bidonları yerə boşaltdılar. Daşqanı altına çəkdilər, biri onu ayaqlarından qaldırdı, o biri ilgəyi boynundan çıxardı. Əvvəl daşqaya uzandırdılar, sonra sürüyüb yerə qoydular.

Nisbətən cavanı ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi və yerdəki bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanmasın.

Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda onların arxasına düşmüş küçük hər yerə burnunu soxub iyləyə-iyləyə gəlib cəsədi tapdı.

Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə baxdı...

***

Həmin küçük böyüyüb it olub, gecələr peyda olur, ulayır, camaatın evindən hər gün bir meyit çıxarır.

Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən qıcqırıb yollara dağılıb, hətta şalvar balaqları, köynək, pencək qolları adamların ayağına, boynuna ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına keçmək olmur, elə bil paltarlar oyanır.

Təsadüfən görənlər deyirlər ki, bəlanı gətirmiş o itin başının yerində müəllimin başıdı.

Səhərə qədər kəndin sağ qalmış kişiləri keşik çəkir, tapıb tuta bilmirlər. Camaat əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə açılırsa, paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa çıxacaq.

İndi mən də o adambaşlı iti görmək üçün əli tüfəngli kişilərlə kəndi dolaşmağa gedirəm...

XS
SM
MD
LG