Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:09

Günel Eyvazlının 20-liyə düşməyən hekayəsi


Günel Eyvazlı
Günel Eyvazlı

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Günel Eyvazlı

ABSURD

1968-ci ilin soyuq qış ayı idi.

Bəlkə də 98-ci il idi.

Osvaldo Xokerin xatirələrindən.

Osvaldo 1950-ci ildə Qəbələdə dünyaya göz açmışdı. Atası dulusçu Etibar, əlinin zəhməti ilə ailəsini dolandırırdı.

Doğru alınmır...

Osvaldo eyni ilin yanvarında Kaliforniyada dünyaya göz açmışdı. Atası Ben, avtomobil qəzasında dünyasını dəyişmişdi. Ailəni anası Meri dolandırırdı.

Osvaldo kimdi?

Azərbaycan bayrağı Himalay zirvəsində dalğalanır. Növbəti azərbaycanlı Comolunqmanı fəth edir.

- Dulusçu Etibar bilirdi ki, onun oğlu böyük insan olacaq.

- Dulusçu?

- Bəli, niyə də yox?

- Etibarın oğlu Osvaldo?

- Bəli, niyə də yox?

Məqalə. “Azadlıq qəzeti” 1984-cü il 27 may tarixi.

“Rəqqas Osvaldo Xoker. Və yaxud Osvaldo Etibar oğlu Xoker. Belə bir azərbaycanlının varlığı ilə yalnız və yalnız fəxr etmək olar.

O, onlarla rəqs kompozisiyasının müəllifidir. Adi rəqqas belə bir şöhrətə ucala bilərdimi?

...Bugünün mentalitet carçıları onun rəqsə gətirdiyi müasir elementləri inkar edir. Onlar rəqslərə sonradan əlavə olunmuş hissələri boyağı və ruhsuz adlandırırlar. Azərbaycan yeni bir istedadınımı itirir? Yoxsa Osvaldo Xokerin də ürəyi Vaqif Mustafazadə kimi dözməyəcək?

20-ci əsrin Avropası bu adı yaxşı tanıyır. Xoker indi yeni kəşflərə imza atmaq üçün Marsda, çəkisiz şəraitdə rəqs etməyi düşünür. BBC, CNN onun yeniliklərini izləmək üçün Marsa köklənib. Görəsən Xokeri qeyr-adi edən səbəb nədir? Məgər Yer kürəsi adi bir rəqs nümunəsini insanlara çatdırmaq üçün yetərli deyilmi? Yoxsa bu Amerikanın növbəti şousudur?"

“Cazıbə qüvvəsi” romanından bir parça...

“Həyatından, yaşamından bezgin Xoker ümidini Marsda görürdü. İki il ərzində xüsusi şəraitdə saxlanılan Osvaldo çəkisiz mühitə alışdırılırdı. Himalay ətəklərində yaradılmış laborator ərazidə Mars üzərində yeriyirmiş kimi yeriyir, xüsusi qablara doldurulmuş yeməklərlə qidalanırdı. O bunu etməyə də bilərdi. Ümidsizlikdən bezən Adəm övladının iztirablardan xilas olması üçün sonuncu şansı idi. Ağlasınmı, gülsünmü?...”.

Roman 1868-ci ildə tanınmış yazıçı Əli Uluqbəy tərəfindən qələmə alınmışdı.

Bənzərlikdimi? Təsadüfdürmü? Dünənki roman personajı indi gerçəklik kimi tamaşaçılar qarşısındadır.

Lirik ricət...

Hər il milyonlarla insan Yer adlı böyük planetin kürəyi üzərində yeriyir. Öncə iməkləyir. Öncə doğulur...

Mən Babil qülləsi rəvayəti haqqında ilk dəfə eşidəndə heyrətlənmişdim. Sonra anladım ki, böyük dünyanın sakinləri əslində eyni dildə danışırlar. Bir-birimizi anlamamağımıza səbəb maraqlarımızın müxtəlifliyidir. Dünyanın dörd bir yanında insanlar eyni həyat tərzi ilə yaşayırlar. Eyni anda qulaqlarını, başlarını qaşıyırlar.

Milyonlarla insan hüquq bərabərliyindən ağız dolusu danışır. Milyonlarla insan qarşı tərəfin acizliyindən öz xeyirinə istifadə edir. Milyonlarla insan nümayişə qatılır. Azadlıq, demokratiya çağırır. Milyonlarla insan özü kimi insanların qarşısında ikiqat gəzir. İnsanların çoxu özünü gəzir. Bəzi insanlar əvvəllər olduğu kimi uzaqlara çəkilir. Dünyanın mərkəzində dayanan Hürufi sakit, dinc yol axtarışında dağlara qalxır. İnsan ayağı dəyməyən, insan nəfəsi toxunmamış məmləkət axtarır. Hətta ən uca dağ zirvələrinə belə bayraqlar sancılmışdı!...

Mənə niyə yoxsullar və niyə dövlətlilər var sualını ünvanlayanda belə cavab verdim: “Bu, mayenin aqreqat halı kimidir. Eyni insanın müxtəlif cildlərdə, müxtəlifliyə bənzəyən həyat tərzidir. Əslində gördüyün yoxsul da, indi gördüyün ağanın yerində olsaydı elə özünü harınlamış ağa kimi aparardı! İnsanlar eyni maddədəndirlər”.

(Ər-arvad arasında ənənəvi mübahisə səhnəsi...)

- Mən ya bunu etməliyəm, ya da ... Ya da geriyə yol yoxdur.

- Ben, bütün günü yalnız nə etməli olduqların barədə düşünmək bizə qarşı haqsızlıqdır. Sən nə mənimlə, nə də övladlarınla maraqlanmırsan.

- Sən buzun əriməsinə fikir vermisən? Hələ buxarlanma zamanı ayrılan su qabarcıqlarını demirəm.

- Sən məni eşitmirsən. Əynimə geyinməyə paltom yoxdur. Sən işıqlı, zəngin gələcəkdən danışırdın. Budur işıqlı gələcək?

- Təsəvvürünə gətirirsən, insanlar cism qazanmamışdan öncə efir halında idilər. Biz cismdən xilas olduqdan sonra yenidən efir halına keçirik. Eynilə mayenin buxarı kimi. Bir vəziyyətdən digərinə keçirik.

- Səninlə danışmağımın heç bir faydası yoxdur. Sonuncu dəfə sənə xəbərdarlıq edirəm. Bezmişəm! Uşaqları da götürüb vətənə qayıdacam.

- Mən doğru qənaətə gəlmişdim Azərbaycan qadını dahi yarada bilmir!

- Aha, demək qayıtmaq sözünü eşidən kimi, bizim qadınlar alim yetişdirmir qənaətinə gəlmiş olursan. Bayaqdan mayedən danışırdın. İndi nə yaxşı qayıtdın mətləb üstünə? Demək eşidirsən e, sadəcə vecinə almırsan.

- Hara istəyirsən get! Vecimə də deyil!

- Dəhşətlisi bilirsən nədir? Auditoriya qarşısında elə ağıllı çıxışlar edirsən ki...

- Bu kəşfi etsəm hamı məndən danışacaq. Anla məni. Pul səndədir. Nə istəyirsən get al. Mənim vaxtım yoxdur. Qarşıda bizi sakit qocalıq gözləyir. Səbr et!

Məktub (Hamımız məktub yazmağı bacarırıq... Yazırıqmı?)

Bəlkə də çoxları kaş mən kişi doğulardım deyir. Bəziləri isə qadın olsaydım hər şey daha asan olardı, söyləyir. Mən üşüyürəm və məni heç kim anlamır. Fikirləşirəm ki, əgər mənə doğulmaq istəyirsənmi sualını versəydilər. Doğulmazdım deyərdim.

Demişdiniz insan cildini dəyişə bilər. Demişdiniz insan buxarlana bilər. Buxarlanmaq istəyirəm, doktor... Yox olmaq istəyirəm.

Doktor Ben, məni qəbul edin, lütfən. Mənə zaman ayırın.

- Məktubu bir də oxu.

- Doktor Ben, məni qəbul edin, lütfən. ...Məhz bu mühazirə üçün uzaq yerdən gəldim. ...Mənə zaman ayırın.

- Adı?

- Əliyev Xankərəm Nüsrət oğlu.

- İlahi, Xankərəmin Amerikada nə iti azıb? Mən onunla nə danışacam? Deyin, doktor xəstədi.

- Yazıq 3 gündür gəlib gedir. Axırda bu məktubu yazdı. Bəlkə qəbul edəsiniz?

- Bizimkilərdən xeyir gəlməz. Nə danışacam onunla? Yeni bir boşbuğaza zaman ayırmağa əhvalım yoxdur.

- O jurn...

- Gözüm aydın jurnalistdir. Pah. Yaxşı, çağır görüm. Məsələ bilirsən nədədir? Maneə istəmirəm. Durub yazacaqlar həmvətənimiz belə edib, nə bilim nə... edib. Qələt edib!

- Yazsınlar da.

- Bəlkə arvadağanı da onunla yola salaram? Doğurdan a. (Belə kişilər də olur...)

- Nu, pis olmaz.

- Gəl otur görüm burda.

- Ee, görən olar. (Belə qadınlar da olur...)

- İstəyirsən getsin?

- Aha.

- Köçərik təzə evə?

- Sonra bəhanələr çıxmayacaq? Geri qayıdıram, uşaqlarçun darıxıram?

- Hələ gözlərini yum.

- Yenə nə almısan?

- Yum deyirəm.

- Üşüdüm elə eləmə.

- Xoş deyil?

- Nu, pis deyil.

- Axşam neynirsən?

- Nu, evdə olacam da. Gələcəksən?

- Dur görüm, işlərim tökülüb.

- Qəribə adamsan e. Gələcəksən?

- Vaxt olsa, hə. Zəng elə o adama. Axşam saat 20-00 üçün Con Merti restoranında onu gözləyəcəm. Və xatırlat, gecikmək olmasın!

Qeybət deyil, söhbətdi...

- Ben qəribə adamdı. Elə bil daxilində yüz insan gəzdirir. Baxır bu gün hansı səninlə danışacaq. Bir saat romantik. Sonra kəskin dərəcədə dəyişir, başlayır havadan, sudan danışmağa. Nə bilim maye belə, aqreqat halı elə. Bəzən xoş sözlərin ən gözəl məqamında nə isə yadına düşür. Bu insanın şüuru həmişə uzaqdadır.

- Bəlkə ruhi xəstədi?

- Vallah, dahiliklə dəlilik arasında gözlə qaş qədər fərq var deyəndə, inanmırdım. Demək ki, belədir.

- K stati, bu gün jurnalistlə görüşəcək. Səni onunla yollamaq istəyir. (Qadın həm də hiylədir...)

- Düz edir, bezmişəm. Doktor Beni sənə verirəm, əzizim.

- Oy, Neynirəm sənin Benini? Lunatikdi o. Bu gedişlə mütləq dəlixanaya düşəcək.

- Məni onsuzda geri çağırırlar.

- Yeni paruçenya var? Kimi tapşırıblar?

- Maks Noureli. İngilis alimi - filosof.

- Vid-fasonu necədi?

- Belə də...

- Arıq, cavan, qoca?

- Arıq, cavan və yetərincə yaraşıqlı.

- Bəxtin gətirib. Bunu neyniyəcəklər?

- Sonu güllələnməylə qurtarmalıdır.

- Kak eto?

- Nu tak. Mojet bıt somoubiystvo. Suisid.

- Boje moy. Jal. Oçen jal. Snova nimfo sulfat?

- Ondan da o tərəfə. Bir damcı döşəmənin üzərinə damızdırırsan. Vsyo. Momentalnı beyni çönür. Birbaşa silah axtarır özünü öldürməyə.

- O boje. Çeqo uje ne vıdumavali. Ok. Gedim mən. Bəlkə sevdiciyim bu gün gəldi.

Yormadım sizi?

- Doktor, mən burdayam. Necə də xoşdu sizin əlinizi sıxmaq.

- Hansı masada əyləşmək istəyirsiz?

- Fərq etməz. Siz hansını məsləhət bilirsinizsə.

- Hardan gəlmisən, Xankərəm?

- Şeydən. Siz haralısız, doktor?

- Əzizim, haradan gəldiyini soruşdum.

- Sumqayıtdan.

- Buralar xoşuna gəldi?

- Niyə Ben?

- Necə yəni, niyə Ben? Dədəm qoyub bu adı. Bunun məsələyə nə aidiyyatı var?

- Yox, aidiyyatı yoxdur. Prosto, vaxt gələcək...

- Yəni mən öləndən sonra?

- Hə, hamı öləcək. Deyəcəklər ya cuhutdu, ya da...

- Yaxşı halda qatması var, hə?

- Aha, helə.

- Bura bax, Xankərəm. Sənə dedim niyə adın Xankərəmdi?

- Yooox.

- Ay sağ ol. Suallarıvı ver. Get!

- Hə, deyirsiz insanlar mayenin aqreqat hallarına bənzəyir, eləmi? Yəni o nə deməkdi?

- Qardaş, anavın bətnində bir qətrə su idin. İnsan cildin bərk halındadır. Gönü qalındır. Öləndə də ilan kimi cismini soyunub ruha, buxara çerilirsən!

- İndi mən belə də yazım? Qardaş, belə doğulursan. Belə yaranırsan. Belə ölürsən. Elmi dildə danışın nə olar.

- Okey. Hembl düyməcikləri xırda subbaritos hissəciklərindən ibarətdir. Bu subbarioslarla destorollar birləşəndə...

- Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə... Başa düşmədim. Doktor, siz nə danışırsız? Nə membran, nə destorollar?

- Bilirsən nə var, sabah mühazirəyə gəlib eşidərsən. O məqaləvə də orada çıxarış edərsən. Nəticəyə də özün gələrsən.

- Mən sizin xətrinizə dəyəcək nə isə dedim ki?

- Adınız niyə belədir deməklə pis başladın.

- Üzr istəyirəm.

- Yox, üzr istəmə. Gedirəm. Şot da verilib. Otur, ye, iç. Sabah gələrsən mühazirəyə. Saat 10-00 da.

Yeni alimin mühazirəsindən...

Dünyanın dörddən üç hissəsi sudan ibarətdir. Bütün dünya eyni qanunlarla idarə olunur. Yaradan özü haqqında müqəddəs kitablarda elə də çox danışmır.

Deyir adım var. Deyir ki, bir neçə peyğəmbərin gözünə görünmüşəm. Hətta cəzalandırıb da bəzilərini. Demək peyğəmbərlər də xətasız deyil və yaradanın cəzası labüddür.

Demək onun da insan kimi qəzəbi və mehribanlığı var. Demək insan da onun kimi adlardan ibarətdir. Demək adın mövcudluğu artıq insan haqqında çox informasiya ötürmüş olur. Hələ fikir verin, müxtəlif eposlarda qəhrəmanlara adlar doğulan zaman verilmirdi. Onlar şücaətləri nəticəsində adları qazanırdılar.

Musanın gözünə Yaradan necə görünür? Çoxlarınız xəbərdarsınız. Od şəklində. Demək o bir az da alov idi. Bəs mən hər yerdə varam kəlməsi necə? Hər şeydə. Quruda, suda, odda, insanda, heyvanda, zamanda, məkanda, gördüyün və görə birlmədiyin çox şeydə o var. Sənin onu dərk etməyin qəlizdən qəlizdir. Eyni məkanda çox varlıqlar var. Bu haqda gələn mühazirəmizdə danışacayıq.

- Maks Nourelli. Əlinizi sıxmaq şərəfinə nail ola bilərəmmi? (Bəlkə sadəcə tanış olmaq istəyir...)

- Gözəl xanım. Kiminlə salamlaşmaq və əlini sıxmaq şərəfinə nail olmuşam?

- Miss Kerolain, cənab Nourelli. Mən Nyu-York sitidən gəlmişəm. Məhz. Məhz sizin mühazirəni dinləməkdən ötrü.

- Hm, təşəkkür edirəm. Sizdəmi elmlə maraqlanırsınız?

- Yox, mən sadə yazıçıyam. Ara-sıra hekayələr cızma-qara edirəm. (Bu mən deyiləm) Sizinlə söhbət mənə yeni mövzular verə bilər.

- Mən yazıçıları sevirəm. Niksondan xəbəriniz var?

- Ooo.. əlbəttə. “Uçurum” romanı. Onu sevməmək olarmı?

- Demək ki, məlumatlısınız. Ən çox diqqətinizi nə çəkdi?

- Qeyri-adi adlar və utopiya.

- Siz mənim adamımsınız. (Bəlkə alim yox, sadəcə boşboğazdır?) Bu axşam sizi nahara dəvət edərəmsə, qəbul edərsinizmi?

- Məmnuniyyətlə, cənab Nourelli.

- Sadəcə Maks. (Əla tapıntıdır. “Happy end” ola bilər).

Xəbərimiz olmadan bizi müzakirə edənlər var... İpucu...

- Maks Nourellinin və Doktor Benin elmi kəşflərində dəhşətli dərəcədə oxşarlıq var. Qəribəsi odur ki, onlar bir-birindən xəbərsiz şəkildə inkişaf edirlər. Yaxud görünməz qüvvələr onları eyni cığırla, eyni düzənliyə aparır.

- Bizə alim lazımdırmı?

- Öz tədqiqatlarımız üçün, hə. İnsanlara, yox. Qızıl əsrdir. Bizə bizi eşidənlər lazımdır. Hamının bilgiyə və qadağan olunmuş eləmlərə malik olmasına ehtiyac yoxdur. Gəlin ağramayan başımıza yaylıq bağlamayaq.

- Qızlar bunun öhdəsindən gələ biləcəkmi?

- Gələcəklər. Inanıram ki, gələcəklər.

- Əslində hər ikisi tora düşəcək qədər axmaq deyillər. Kişiləri tora salmaq çox məqamda həm asan, həm də qəliz olur. Nəzərə alsaq ki, ilk insan elə qadın fitnəsinin qurbanı olub və aldanan tərəf peyğəmbər idi... Demək adi insanı yoldan çıxarmaq elə də qəliz olmayacaq. (Qoqol necə deyib: Əsl qadını qızılla satın almaq olmaz. Əsl kişi isə qadın cazibəsi önündə ağız suyunu axıtmamalıdır. Deyəsən özüməməxsus dedim... )

- Qurduğumuz tələyə düşməlidirlər. Necə deyirlər?

- “Havayı pendir tələdə olur”.

- Bəli! Sonra alimlər düşərgəsində yerləşdirərik.

- Deyəsən onları öldürmək istəyindən əl çəkmisiniz.

- Ehtiyac yoxdu. Öldürməyək. Diqqət çəkməyək.

- Bəs, Maykl Cekson? Niyə son anda qərarınızı dəyişdiniz?

- Belə lazım idi. O, tam astanasındaydı, həqiqətin. Bizə isə ipə-sapa yatmayan adamlar lazım deyil. Anladın? (Mən hələ ölmək istəmirəm...)

- Düppədüz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG