Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Əliyev, Putin və Erdoğan-ın saatlarında Bakı vaxtı


Vladimir Putin və Recep Tayyip Erdoğan - 2012
Vladimir Putin və Recep Tayyip Erdoğan - 2012

-

«Yeni Müsavat» qəzeti yazır ki, «Rusiya və Türkiyə liderləri eyni gündə Azərbaycana gəlir; Qarabağ, Xəzər, qaz layihələri diqqət mərkəzində olacaq; Bakı təkcə Avropa Oyunlarına ev sahibliyi etməyəcək, həm də...».

Qəzet vurğulayır ki, səfərlə bağlı Kremlin rəsmi açıqlamalarında bir neçə məqam xüsusi diqqət çəkir. «Bunlardan biri Vladimir Putin-in kifayət qədər böyük heyətlə Bakıya hazırlaşmasıdır - Putin Əliyevlə öncə məhdud heyətlə, sonra isə geniş tərkibdə danışıqlar aparacaq ki, bu da müzakirə ediləcək məsələlərin aktuallığına dəlalət edir.

Digər maraqlı detal Kreml başçısının Bakıda Yerevandan fərqli olaraq iki gün qalmağı planlaşdırmasıdır ki, bu da öz növbəsində Azərbaycan və Türkiyə ilə əlaqələrə Kremlin məxsusi önəm verdiyinin təsdiqidir. Bu, eyni zamanda Moskva ilə Bakı və Moskva ilə Ankara arasında öz həllini gözləyən problemlərin əhəmiyyətinin göstəricisi sayıla bilər.

Söhbət öncəliklə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması perspektivi və quruma üzvlüklə bağlı Bakının irəli sürdüyü Qarabağ şərtindən, bir-birinə faktiki rəqabətdə olan «Türk axını» ilə Transxəzər (TANAP, TAP) qaz kəmərləri layihələrindən, Azərbaycanın strateji xarici siyasət seçimi ilə ilgili mümkün düzəlişlərdən gedir».

MANATIN MƏZƏNNƏSİ SƏRBƏST BURAXILSA...

«Azadlıq» qəzeti yazır ki, Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono manatın məzənnəsini bazarın tənzimləməsinə sərbəst buraxmağın mümkün olduğunu bildirib. Onun fikrincə, bu, ilk devalvasiya olduğu üçün sonra, sözsüz ki, daha bir devalvasiya ola bilər.

Manat
Manat

Bu isə bir problemin iki dəfə yaşanması deməkdir: «Ancaq vəziyyəti bazara həvalə edəndə, şok bir dəfə yaşanır və bir müddət sonra iqtisadi inkişafa nail olunur. Lakin bu məsələnin başqa tərəfi də var - Azərbaycanın maliyyə sektorunun bu təzyiqə hazır olması məsələsi çox önəmlidir. Məzənnənin birdən-birə sərbəst buraxılması fərqli bir nəticələrə səbəb ola bilərdi. Bəzən maliyyə sektoru bu şokun təsirindən 1-3 ilə özünə gəlir, bəzən isə bərpa prosesi 7-8 il davam edir».

İqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, manatın sərbəst buraxılması məzənnənin dollarla nisbətdə 5 manata kimi qalxması demək olardı. Yəni 1 dolların 5 manata kimi olması mümkün olan hadisə idi. Asiya İnkişaf Bankı nümayəndəsinin dediklərinin yeni bir şey olmadığını deyən ekspert məsələnin belə alınmaması üçün Mərkəzi Bankın məzənnəni tənzimlədiyini bildirir.

CAHANGİR HACIYEVİN PUL ÖTÜRDÜYÜ DAHA BİR MÜƏSSİSƏ

İyunun 8-də Sumqayıtdakı «Inter Textile» Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının növbəti illik ümumi yığıncağı keçirilib.

Bunu «Bizim yol» yazır. Müəllif qeyd edir ki, keçmiş Sumqayıt Trikotaj Fabrikinin bazasında yaradılmış «Inter Textile»nin Azərbaycan Beynəlxalq Bankının sabiq idarə heyətinin sədri Cahangir Hacıyevin biznes-şəbəkəsinə daxil olduğu deyilir və o da bankın milyonlarla kredit borcu ilə yüklüdür.

«Bizim Yol» qəzetinə danışan ASC-nin səhmdarı Vəzir Rəcəbov bildirib ki, yığıncaq səhmdarların etirazı ilə başlayıb:

Cahangir Hacıyev
Cahangir Hacıyev

«Yığıncağı idarə heyəti sədrinin müavini İlham Səfərov açıq elan etmişdi ki, səhmdarlar ona etiraz bildirdilər. Paket sahibi gəlmədiyindən iclasda kvorum olduğu səhmdarlarda şübhə yaratdı. Haradansa paket sahibini təmsil etdiyi barədə bir etibarnamənin kserokopiyasını tapıb gətirdi, amma biz əslini tələb etdik. Ortaya ona səlahiyyət verildiyi barədə sənəd çıxarda bilmədi. Bu da yığıncaqda iştirak edən 40-dan artıq insanın böyük səs-küyünə səbəb oldu. İ.Səfərov bunlara məhəl qoymadı, hələ özü-özünü sədr, mühasibi katib təsdiq edərək gündəliyi müzakirəyə başladı».

Bildirilir ki, üst-üstə 60 milyon manat çox da böyük perspektivi olmayan, ixracatı Türkiyədən uzağa gedə bilməyən bir toxucu fabrikinə ayrılıb, amma qarşılığında ondan biznes-plan tələb edilməyib.

«AVROPA PARLAMENTİNDƏKİ DİNLƏMƏLƏR ANTİAZƏRBAYCAN MƏRKƏZLƏRİNİN PLANIDIR»

«Avropa Parlamentində Azərbaycanla bağlı təşkil olunacaq dinləmələr antiazərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir».

yap.org.az-ın yazdığına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, bütün bunlar belə bir mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçirilir: «Bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG