Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 05:03

«Bu koalisiyası Azərbaycanla dostluğa son qoya bilər»


İlham Əliyev və Recep Tayyip Erdoğan Ankarada - 15 yanvar 2015
İlham Əliyev və Recep Tayyip Erdoğan Ankarada - 15 yanvar 2015

-

Budəfəki parlament seçkiləri ilə Türkiyə Cümhuriyyəti tarixində iki diqqət çəkən hadisə baş verdi.

Türkiyədə ölkənin kürd əhalisinə bağlı HDP ilk dəfə olaraq 10 faizlik həddi aşdı və parlament partiyasına çevrildi. Bundan öncə bu partiyanın tərəfdarları ya solçu partiyaların tərkibində, ya da müstəqil namizəd kimi parlamentdə kürsü sahibinə çevrilə bilirdi. Amma bu dəfə söhbət Böyük Millət Məclisində 80 nəfərlə partiya halında təmsil olunmaqdan, bununla da daha çox səs-söz sahibi olmaqdan gedir.

İkinci ilk isə üç erməniəsilli Türkiyə vətəndaşının parlamentdə yer alması oldu.

Bütün bunların fonunda həm də Türkiyədə hakim partiyanın - AKP-nin 13 illik şəriksiz hakimiyyətinə də son qoyuldu, indi ölkədə koalisiya hökuməti yaradıla bilər.

«Mən yeni parlamentin Azərbaycanla münasibətlərindən müəyyən təhlükə gözləyirəm» – bunu «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir.

«ERMƏNİSTANLA SƏRHƏDİ AÇMAQ TƏLƏBİ GÜNDƏMƏ GƏLƏCƏK»

Politoloq Türkiyədəki son seçkilərin iki ölkə arasında münasibətlərə təsirsiz ötüşməyəcəyi fikrindədir:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

«Radikal kürdlər hətta qrup halında parlamentdə təmsil olunanda, Türkiyə hökumətindən Ermənistanla sərhədi açmağı, münasibətləri bərpa etməyi tələb edirdilər. İndi gücləri daha da artıb, 80 millət vəkili bu siyasəti davam etdirəcək və yenidən Türkiyə hökumətindən Ermənistanla sərhədi açmağı və diplomatik münasibətləri bərpa etməyi tələb edəcəklər. O ki qaldı erməni millət vəkillərinə, onlar da hələ seçilməmişdən açıq deyirdilər ki, Türkiyə «erməni soyqırımı»nı tanımalıdır. Bu istiqamətdə müəyyən addımlar atıla bilər parlamentdə».

2008-ci ildə Ankara ilə Yerevan arasında protokol imzalanan zaman bunun Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaratdığını xatırladan politoloq belə bir ehtimalın yenidən gündəmə gəldiyini deyir. Amma Türkiyə prezidenti və baş nazirinin Azərbaycanla münasibətlərin təhlükəli istiqamətə yön almaması üçün çalışacağına da inanır:

«Çünki dostluq münasibətləri ilə yanaşı, ortaq layihələr də var. Bu ilin axırında Bakı-Tbilisi-Qars dəmiryol layihəsi işə düşəcək. Bu layihələr Azərbaycandan çox Türkiyənin özünə lazımdır ki, regional çəkisi artsın».

Ərəstun Oruclu
Ərəstun Oruclu

«ÖNCƏ KÜRDLƏR, SONRA ERMƏNİLƏR»

Türkiyə-Azərbaycan münasibətlərində bundan sonra da ciddi dəyişikliyin olmayacağını deyən «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu ölkəni ümumiyyətlə, Azərbaycan üçün xüsusi önəm daşıyan ölkə saymır:

«Azərbaycanın həyatında, onun müstəqilliyinin qorunub saxlanmasında və ya ölkənin demokratik inkişafında Türkiyə heç vaxt xüsusi rol oynamayıb. Onlar həmişə Azərbaycanda istənilən hakimiyyəti dəstəkləyiblər və iqtisadi əlaqələr qurublar».

Ərəstun Oruclu düşünür ki, HDP-nin qarşısında hələ ki, öncə öz maraqları durur. Yəni Ermənistanla bağlı məsələləri gündəmə gətirməzdən əvvəl kürdlərin durumu ilə məşğul olacaqlar.

Hasan Oktay
Hasan Oktay

«AKP-HDP KOALİSİYASI YARANARSA....»

Türkiyəli politoloq, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay isə «AKP-HDP koalisiya hökuməti yaranarsa, bu, nəinki Türkiyəni uçuruma aparar, həm də Azərbaycan-Türkiyə münasibətlərinə son qoyar» deyir. Hasan Oktay-a görə, belə bir koalisiya yaratmaq AKP-nin başlıca niyyətidir və MHP AKP ilə koalisiyaya getməsə, məhz sözügedən koalisiyanın yaranma ehtimalı daha da artacaq:

«Böyük Millət Məclisindəki erməniəsilli vəkillərin Azərbaycanla siyasətə hər hansı təsirinin olacağını düşünmürəm, amma AKP-HDP koalisiyası bu münasibətlərə ciddi təsir edər. Ən başlıca da Ermənistanla sərhədlərin açılması mövzusunda. Bundan başqa, «erməni soyqırımı»nın qəbulu ilə bağlı fəaliyyət də artacaq, çünki AKP-nin də içində bu olaylara «soyqırımı» deməyə həvəsli millət vəkilləri var. Bütün bunlar isə Azərbaycan-Türkiyə münasibətlərinin son nöqtəsi ola bilər».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Politoloqlardan fərqli olaraq, hakim Yeni Azərbaycan Partiyası narahat görünmür. Mətbuata açıqlamasında YAP rəsmisi Siyavuş Novruzov deyib ki, Türkiyədə istər təkpartiyalı, istərsə də koalisiya hökuməti Azərbaycanla münasibətlərə hər hansı təsir göstərməyəcək:

«Azərbaycana münasibətdə hər hansı dəyişiklik ola bilməz. Əksinə, münasibətlər yaxşılığa doğru inkişaf edəcək. Həmişə belə olub, yenə də bu cür olacaq. Burada başqa məsələdən söhbət gedə bilməz».

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Prezident Recep Tayyip Erdoğan-ın hakim Ədalət və İnkişaf Partiyası (AKP) çoxluğu qazana bilməyib. Hazırda ölkədə hökumətin necə formalaşacağı – hansı koalisiyanın yaranacağı və ya yenidən təkrar seçkilərin keçirilib-keçirilməyəcəyi kimi məsələlər müzakirə olunur.

XS
SM
MD
LG