Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:47

Qəhvə dükanında drama var


-

"Gündə iki-üç dəfə “Bu sizin çantanızdır?”, “Bu stol boşdur?” – kimi qısa dialoqlar mənə bəsdir."

Nərmin Kamal

Qəhvə dükanında drama var

Bazar ertəsi, səhər saat 10. Kitabxana boşdur. Park, skamyalar boşdur. Həkimlər xəstəxanaya gedir, mexaniklər qaraja, yazıçılarsa qəhvə dükanlarına. Notbuklarını götürüb yollanırlar yaxınlıqdakı qəhvə dükanına, otururlar, başlayırlar yazmağa.

İndi yazıçısız qəhvə dükanına rast gəlmək çətindir. "Səhər sübhdən bir qəhvə götürürlər, günorta saat 12-də yemək sifariş edirlər, sonra yenə qəhvə, 4-ə qədər burda olurlar. Saat 4-də camaat, səs-küy çoxalır, onlar da çıxıb gedirlər" - qəhvəpaylayan oğlan deyir.

Qəhvə adamı ayıq saxlayır, bu aydın məsələdir. Bəs başqa nəyə görə qəhvə dükanları getdikcə daha çox yazıçıya məskən olur?

Qəhvə dükanı yazıçılarının müxtəlif vaxtlarda müxtəlif soruşanlara verdikləri cavabları oxuyanda belə məlum olur ki, onlar ağıllı iş görürlər.

Kabinetləri var, amma kabinetdə oturmaqdan imtina edirlər. Birinci səbəbləri budur ki, qəhvə dükanında drama var.

Turist, yerli, evsiz səfil, varlı, qoca, cavan, - hamı bura gəlir.

Bir-birinin üstünə qəhvə atıb ayrılan cütlükləri görürsən. İlk dəfə görüşə gələn, kappuçino içən sevgililəri görürsən.

Tələbələr dünənki gecə əyləncələrindən danışırlar, eyni vaxtda o biri masada bir qoca indiki dövrdə gənclərin korlanmağından danışır. Siyasi söhbət, biznes layihəsi, kiminsə açarı itib, evdəkilər gələnə qədər burda oturub gözləməlidir, - hər cür söhbət gedir burda.

O biri masalardan eşitdiyin söhbətlər, ucadan telefonla dərdini danışanlar, - hərəsi bir aləmdir. Sən də bunların fonunda oturub yazırsan.

Bir yazıçı deyir, istəyirəm həm ətrafımda adamlar olsun, həm də məni dindirib narahat eləməsinlər. Kabinetdə oturub yazsam, heç kəs olmayacaq danışmağa. Eyni zamanda çox danışmaq da istəmirəm, axı yazımı yazmalıyam. Gündə iki-üç dəfə “Bu sizin çantanızdır?”, “Bu stol boşdur?” – kimi qısa dialoqlar mənə bəsdir.

Başqa biri deyir, yazıçılar qəhvə dükanlarında oturub yazmağı ona görə xoşlayırlar ki, bunun psixoloji səbəbi var. Burda onlar həm müşahidə eləyirlər, həm də müşahidə altında olurlar. Onlara özlərini yazıçı kimi hiss etmək vacibdir. Yazanda adətən gözlərini boşluğa zilləyirlər, çox fikirləşirlər, amma görəndə ki, başqa müştərilər baxırlar, özlərini yığışdırırlar.

Ayrısı deyir, işdən gələndə evdəkilər adamdan soşurlar: İşin necə keçdi? Ofis işçisi evə gəlib bu sualı eşidəndə iclasdan danışar, yeni layihələrdən danışar. Bəs sən yazıçı nə deyəsən? “Bu gün bir az da yazdım”? Kofe dükanı draması bu yerdə yazıçının dadına çatır. Evə gedəndə danışmağa söhbətin olur.

"Həm də ki, qəhvə içirsən", necə deyərlər. Gecələr çox vaxt saat 3-4-ə qədər oyaq qalıb yazdıqlarına görə, səhərlər ayılmaq üçün yaxşı tünd qəhvə içməyə ehtiyacları olur.

Bir də, qəhvə dükanının qapısı. Qəhvə dükanlarının ən çox ilham verən yeri onların qapısıdır. Ordan içəri həmişə yeni, gözlənilməz adamlar girir. İçəridəkilər isə o qapıdan çıxırlar və bəlkə onları həyatın boyu bir də heç vaxt görməyəcəksən – hissinə qapılırsan.

XS
SM
MD
LG