Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

Göbəkbağı


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Məsumə Əhədova

GÖBƏKBAĞI

Güzgüyə baxdığımda boynuma şərf kimi dolanmış göbəkbağı görürdüm.

Göbəkbağı deyirəm, amma bu eynilə ana bətnindəki körpələrinkini xatırladan ağ, mavi, boz çalarlı, sürüşkən göbək ciyəsinin nə göbəyimlə bir bağlantısı, nə də gözlə görünən bir başlanğıc və son nöqtəsi vardı.

İlk dəfə onu boynumda nə vaxt kəşf etdiyimi dəqiq xatırlamırdım; əvvəlcə narahat etmədiyi üçün bir müddət öz-özünə keçər deyə görməzdən gəlmişdim, mən fərqinə varmadan yavaş-yavaş boğazımı sıxmağa başlamışdı.

Sanki bu boğulma həmişə var idi, özümü yaxşı hiss etdiyim, ciyəsiz vaxtlarımı unutmuş kimi idim.

Onu açmağa, kəsməyə çalışdıqca bir qat daha boynuma sarılırdı.

Məğlubiyyətimi belə asan qəbul etmək istəməzdim, amma artıq çox əl vurmurdum, çünki mən müqavimət göstərdikcə nəfəs almağım əsl işgəncəyə çevrilirdi.

Göbəkbağının ancaq özümə görünməsi vəziyyətimi daha da ağırlaşdırırdı. Ağlımı itirdiyimdən, zehnimin onu uydurduğundan şübhələnirdim, ancaq bu boğulma hissi illüziya olmayacaq dərəcə güclü idi.

Hələ təzə peyda olduğu günlərdə dərdimi bir neçə nəfərlə bölüşməyi yoxlasam da, boynumdakı iki sm qalınlığı olan göbəkbağını görmürmüş kimi davranmışdılar.

Mən də dəli deyə damğalanmamaq üçün onun varlığında çox israr etməyib dediklərimi zarafata salmış, bir daha heç kimlə bu mövzu ətrafında danışmamışdım.

Boğazımı müayinə edən həkimlər də məndəki qəribəliyi görmürdülər; dərman içib tamam sağaldığımı düşünüm deyə sormağa pastillər yazaraq yola salırdılar.

Bəlkə də boynuma dolanmış şeyi başqaları da görsə, orada olduğunu təsdiqləsə, həyatımı mövcud vəziyyətə birtəhər uyğunlaşdıra, göbəkbağını şikəst bir bədən üzvüm kimi qəbul edib onunla yaşamağı öyrənə bilərdim. İnsanlara göstərə biləcəyim bir ağrının olmaması isə məni arxasına sığınacağım üzrxahlıq və anlayışdan məhrum edirdi.

Ətraf məndən həyatımı əvvəlki qaydada, heç nə olmayıbmış kimi davam etdirməyimi gözləyirdi. Evin bütün yükü, dörd nəfərlik ailənin ehtiyacları mənim üstümdə idi.

Əlimə baxan insanlar mənə dayanıb dincəlmək haqqı tanımırdılar; daha çox işləməli, daha çox qazanmalı idim.

Həftədə beş gün on iki saat işə gedib gəlmək fiziki imkanlarımı tükətmişdi. Maaşdan maaşa, ayın əvvəlindən sonuna kimi həyatda qalmaq oyunu oynayırdım.

Bu gedişlə bir gün yolun ortasında yıxılıb qalacaqdım və üstümdən maşınlar keçib bədənimi tanınmaz hala salacaqdı.

Etdiyim fədakarlığa dəyər versələr, dərd yarı. Onlar mışıl-mışıl yatarkən mənim tezdən işə gedib hamıdan gec evə qayıtmağım heç birini maraqlandırmırdı.

Yenə növbəti iş gününə hazırlaşırdım. Hamı yatmışdı. Qəlyanaltı edərkən anam yuxulu halda mətbəxin önünə gəldi, mənə sualedici nəzərlə baxdı:

- Əlini niyə elə tutursan? - deyə soruşdu və cavab verməyimi gözləmədən davam etdi. - Bu gün işıq pulunu ödəməyi unutma. Axşam işıqsız qalmayaq. - Və yenə cavabımı gözləmədən yataq otağına qayıtdı.

Tikəmi daha rahat udmaq üçün barmağımla boğazımdakı göbəkbağını boşaltmağa çalışırdım. Adicə yemək yemək, su içmək belə məndən inanılmaz səy tələb edirdi.

Boğazımdakı göbəkbağını heç kim görməsə də, ən çox anamın görməzliyi mənə təsir edirdi.

Maaş günü idi və mən gecikən işıq borcunu ödəməliydim. Həmin gün başımda kəskin ağrılar var idi, heç cür diqqətimi toplaya bilmirdim. Ağrıkəsicini də evdə unutmuşdum.

Başımı iki əlimin arasına alıb sıxır, necə soyuducuya və quma saldığımı, divara vurduğumu, bədənimdən ayırdığımı xəyal edirdim. Tərslikdən iş yerində hamı əlimdən yanıqlı idi, gedən-gələn mənə ilişirdi.

Çətin bir gün keçirmişdim, işıq pulunu ödəmək də tamam ağlımdan çıxmışdı. Evdə məni necə qarşılayacaqlarını təxmin edirdim.

Bu anda gözlərinə görünməmək, başqa bir yerdə qəzəblərinin keçməsini gözləmək daha yaxşı olardı.

Amma gedə biləcəyim başqa bir yer də yox idi. Qapını heç kim gəlməyincə açarla açıb özüm içəri keçdim.

Qaranlıq idi. Anam əlində şam dəhlizə gəldi. Şam işığında üzündəki qəzəbli ifadə ilə gözlərindən od püskürən qorxunc bir varlığa bənzəyirdi.

- Sənə də bir şey ümid eləmək olmur. Heç təəccüblənmədim, ağlın başında deyil. Havalanmısan elə bil. Nə vaxt dediyimi etmisən ki. Bir dəfə də heyrətləndir məni. - Deyinərək mətbəxə keçdi.

- Unutdum da. Dünyanın axırı deyil ki. Xəstəyəm, halım yoxdur, - deyə azyaşlı, günahkar uşaq kimi özümə bəraət qazandırmağa çalışdım, arxasınca mətbəxə keçdim.

Atam və bacım üstündə üç şam olan masanın ətrafında oturub yemək yeyirdilər. Yeməyə başlamaq üçün heç vaxt məni gözləməsələr də, boşqabımı hazır saxlayardılar. Bu dəfə masaya ancaq üç nəfərlik qab-qacaq qoyulmuşdu. Masa arxasında həmişə oturduğum yerə keçdim.

Anam:

- Bu axşam sənə yemək yoxdur. - dedi.

Göbəkbağı boynuma daha kip sarıldı. İyirmi səkkiz yaşımda balaca uşaq kimi cəzalandırılırdım. Məğrurluq etmək üçün çox zəif idim; boğulmanın şiddəti, baş ağrısı və aclığım güc gəlirdi.

- Acam. İşdə çətin gün keçirmişəm, başımın ağrısından ölürəm. - dedim.

Heç birinin tükü də tərpənmədi. Üzümə baxa-baxa yeməyə davam edirdilər. Çeynəmə və marçıltı səsləri başımın ağrısını artırırdı. Hər fürsətdə məni alçaltmalarında da haqsız deyildilər, onlara bu şəraiti özüm yaratmışdım. Bu dəfə də hədlərini bildirməsəm, əzilən adam obrazımla əbədi barışmış olacaqdım.

- Mənə yemək yoxdur, deməli. Həm mənim pulumu yeyirsiniz, həm də mənə çörək yoxdur... Bundan sonra işıq da yoxdur, qaz da, su da. Heç nə yoxdur. Bildiniz?!

Mənim cavab qaytaracağımı gözləmirdilər, hər istəklərinə ləbbeyk deməyimə öyrəşmişdilər.

Üçünün də gözləri heyrətdən bərəlmişdi. Atamın yeməyi boğazında qalmış və öskürməyə başlamışdı.

Üzdən qəzəbli görünsəm də, əsəbim soyumuş, içimdə onlardan gizlətməyə çalışdığım sevinc baş qaldırmışdı.

Göbəkbağının boşaldığını, boğazımın rahatladığını hiss edirdim. Ürəyimdə yüksələn sevinc nidalarını basdırmaq üçün kin qusmağa davam edirdim:

- Xirtdəyimə kimi borca salmısınız məni. İndi də öz çörəyimdən vermirsiniz. Ancaq tələb etməyi bacarırsınız. Şəkərəm deyə-deyə ömrümü çürütdün. Boğaza yığmısan. Sən ancaq heyvərə qızının anasısan. Törətdiyiniz qanmaz avaralansın, kef çəksin deyə canım çıxır. Özümə bir cındır da ala bilmirəm, bu heyvərə hər həftə yeni paltarda gəzir. İndiyə kimi nə atalıq etmisən mənə?! İşdən də çıxmısan, bir işin qulpundan yapışmırsan. Qazandığımı çayxanalarda yeyirsən. Sağmal inəyəm axı mən. Bacardığınız qədər məndən faydalanın, sui-istifadə edin. Elə bilirsiniz, hər istədiyiniz olacaq. Bundan sonra görərsiniz...

Üçünün də qablarına tüpürdüm.

- Artıq sizə yemək yoxdur! - dedim.

Anam yerindən sıçrayıb dördüncü qabı çıxartdı və mənim üçün yemək tökməyə başladı. Atamla bacım başlarını aşağı salaraq nifrətimə tuş gəlməməyə çalışırdı.

Masadakı bir şamı götürüb digərlərini söndürdüm. Anamın doldurduğu nimçəni də götürərək otağıma çəkilib şam yeməyi etdim. Boğazımdakı göbəkbağı xeyli boşalmışdı, daha rahat udquna bilirdim.

Elə rahatlamışdım ki, gedib gəlir, onlar haqqında bütün düşüncələrimi deyirdim. Məndən ehtiyat etdiklərindən şamları yandırmadan qaranlıqda, onları qoyduğum şəkildə oturmağa davam edirdilər.

Onların kefini pozub ikinci qat göbək ciyəsindən qurtulmuşdum. Gecəni uzun zamandır olmadığım qədər rahat keçirmişdim.

Səhəri gün hamısı tezdən oyanıb, mənə qəlyanaltı hazırlamışdılar. Günahlarını yumağa çalışırdılar. Məni işə yola salarkən dəhlizdə farağat düzülmüşdülər.

- Ailəmizin dirəyi! Sən olmasan neyləyərdik? Sağ-salamat. - deyib yanaqlarımdan öpdü anam.

- Bu gün ödəyəcəksən? Bəyəm sən də bu evdə yaşamırsan? Nə olar ki ödəsən? Tərslik eləmə. - dedi atam.

- Zəhmət olmasa. - deyə bacım əlavə etdi.

- Xahiş edirəm... Qurban sənə, işıq pulunu ödə. - anam üzündə məzlum ifadə ilə daha sevimli olmuşdu.

Pul üçün qarşımda əyilmələrindən, onları idarə etməyin belə asan olmasından həzz alırdım. Göbəkbağının boşalmağına vəsilə olduqları üçün onlara qəzəblənə də bilmirdim.

Heç vaxt məni hər narahat edən olaya reaksiya bildirmək, qarşımdakı şəxsə fikrimi qəbul etdirmək kimi bir tələbatım olmasa da, boğazımdakı göbəkbağından tamam qurtulmaq üçün içimdəki qəzəbi çölə vurmalı idim. Çox dolmuşdum.

Çoxdan edilməsi gərəkən haqq-hesabları, deyilməsi gərəkən sözləri həyata keçirdiyim gözəl bir gün alınmışdı. İlk olaraq mənə daim həqarət edən alt qonşunun qapısına işədim.

Küçədə gözünü üstümə zilləmiş, söz və hərəkətlərlə məni narahat edən kişilərə orta barmağımı göstərdim və sözlə qarşılıq verdim. Avtobusda sürtünən kişinin qasığına dizimlə vurdum.

İşə başladığım gündən bəri hər fürsətdə quyumu qazan, üzümə gülüb arxamca oyunlar çevirən, mənə öz tapşırıqlarını yükləyən iş yoldaşlarımla tək-tək dava etdim. Sonra hamısı birləşib mənim üstümə gəldilər və dava mənim binadan qovulmağımla nəticələndi.

Uğurlu günün sonunda boğazımdakı göbəkbağı tamam qurumuş, boğazım rahatlamışdı. Ailəm məni dəhlizdə farağat düzülərək qarşılamışdı.

Evdəki işıq gözlərimi qamaşdırırdı.

Göbəkbağı hələ orada idi, amma daha sakit və tabe olmuş, hətta bu halı ilə sevimli bir boyunbağını andırırdı.

Onu beləcə saxlaya, quruyub öz-özünə düşməsini də gözləyə bilərdim. Amma açmaq üçün səbirsizlənirdim.

Ülgüclə ucundan kəsdim, asanlıqla qopacağını düşünürdüm. Qanayırdım, onlar da qanadığımı görürdü. Artıq insanlara göstərə biləcəyim bir ağrım var idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG