Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:13

Ümid arısı


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

İkinci Mahmud

ÜMİD ARISI

- Mən cüzam xəstəsiyəm... Hə, iş belə gətirib, neyləmək olar?! Yox, yox, narahat olmayın, cüzam keçici xəstəlik deyil!

Həkimlərdi də, nə gəldi, danışırlar, inanmayın siz onlara. Mən bilirəm ki, cüzam keçici deyil.

Düz sözümdü. Həkimlərə nə var e, elə mənə bu diaqnozu qoyan həkim də qulağım eşidə-eşidə arvadıma demişdi ki, bunun kitabı bağlanıb, yandırmaq lazımdı... Piyli donuza oxşayırdı oğraş!

Sonra da müayinə otağına qayıdıb sırtıq-sırtıq dedi ki, sənə iki xəbərim var: biri xoş xəbərdi, o biri bəd. Artistin biri artist! Dedim, bəd xəbərdən başla.

Dedi ki, cüzamı sağaltmaq mümkün deyil. Fikirləşdim ki, görəsən, bundan sonra hansı xoş xəbər ola bilər axı? Sırf maraq xatirinə soruşdum, bəs xoş xəbər hansıdı? Dedi ki, cüzam elə-belə xəstəlik deyil e, bunun 3000 illik tarixi var...

Gülümsədim. O da gülümsədi. Sevindi. Qoca kaftar! Sonra isə xeyli çərənlədi, amma nə danışdığını xatırlamıram... Mən heç əvvəldən həkimlərə inanmamışam. Necə yəni, müalicəsi yoxdur?! Elə də şey olar?! Mən bilən, müalicəsi olmayan bircə xəstəlik var, o da xərçəngdi.

Elə həmin gecə arvadım yerimi divanda saldı... Bilmirəm, məni hardan gəlib tapdı bu zəhrimar.

Deyirlər, guya natəmizlikdən yaranır. Boş sözdü. Bir Allah şahiddi ki, mən təmizkar adam olmuşam. Əvvəlcə bax burda - sol yanağımda başladı. Səhər baxdım ki, dərim qırışıb. Bir az da saralıb.

Fikir vermədim. Guya, fikir versəydim, nə olacaqdı ki?! Onsuz da bu zəhrimar iş işdən keçəndən sonra üzə vurur. Yaxşı ki, fikir verməmişəm.

Bilirsiz, bu cüzam-müzam məni yıxa bilməzdi, məni arvadımın yerimi divanda salmağı yıxdı! Elə həmin gecə. Bir-iki gün gözləmək olmazdı?! Hələ yeməyimi ayrıca qabda çəkməyini demirəm.

Elə bil, it qabağına yal qoyur! Hamısı o qoca həkimin işləridi. Arvadın beynini doldurub gic-gic fikirlərlə. Guya, cüzam keçici xəstəlikdi, daha nə bilim nə. Boş sözlərdi, cüzam keçidi xəstəlik deyil! Dəqiq bilirəm.

Mən atamı görməmişəm. Daha doğrusu görmüşəm, amma xatırlamıram. Anam danışardı ki, atam rəhmətə gedəndə mənim 3 yaşım olub.

Atamı şəkillərdən tanıyıram. Amma atamla mənim şəklim yoxdu. Heç anam da atam haqda danışmazdı, danışanda da gözləri dolardı…

Yetimçiliklə böyümüşəm. Çətinliklər çox olub, amma dözmüşəm. Kişi kimi. Çox şeyə dözmüşəm. Bu cüzama da dözərdim, bircə arvadım həmin gecə yerimi divanda salmasaydı. Nə isə...

Ali təhsil almışam, iş-güc sahibi olmuşam. Necə deyərlər, yeyib-içib kef çəkmişəm. Anamı əl üstündə saxlamışam. Qohum-qardaşın işinə yaramışam.

Bircə ona yanıram ki, yazıq arvad rəhmətə gedəndə son nəfəsinə çatammadım. Guya, çatsam, nə olacaqdı ki?! Deyirlər, adımı sayıqlaya-sayıqlaya gözünü yumub.

Mən anamın “yeddi”sinə çatdım. Eh... onsuz da öləni el basdırır. Atamın o şəklini də ev-eşiyi sahmana salanda tapdım. Anamın sandığında idi. Atam idi, atam olmağına, amma burnu və sol qulağı yox idi. Elə bil, yuxudan ayıldım.

Qayıtdıq şəhərə. Xarabaya qalsın bu şəhəri! Həkimə getdik. Elə həmin gün arvadım yerimi divanda saldı... Heç anamın “qırx”ına da getmədi. Getmədi, getmədi, eybi yox, getsə, anam dirilməyəcəkdi ki! Bəs yerimi niyə divanda salırsan, ay zalım?! Bilirsən, mən Allaha inanan adamam. Hər şeyin düzünü o Kişi bilir!

İstəyirdim, oğlum olsun. Qız ya oğlan, fərqi yoxdu, Allah verən paydı. Amma, nə yalan deyim, istəyirdim ki, oğlum olsun. İndi fikirləşirəm ki, yaxşı ki, oğlum olmayıb!

Qurban olum Allaha! Sovet vaxtı idi də, adam qorxurdu. Birdən gəlib soruşarlar, ay köpəyoğlu, sən iki evi hansı pulla almısan? Evi qayınlarımın adına almışdım. Anası arvadıma dedi ki, bundan sənə ər olan deyil, çıx gəl. Boşandıq.

Boşandıq, boşandıq da, nolar, adam evlənər də, boşanar da. Bəs evlər? İndi belə məlum olur ki, mənim heç yerli-dibli evim olmayıb! Ev cəhənnəm, dünya malıdı. Heç kim özü ilə o dünyaya ev aparmır. Onsuz da, əlimin qabarı ilə almamışdım, nə yalan deyim.

Evdə heç gözüm də yoxdur. Bəs yerimi divanda salmağa nə deyirsən?! Sonra əllərimdə və burnumda qırışlar yarandı. Sonra sol qulağımda. Belə, yavaş-yavaş əriyib gedirəm…

Bilirsiz, mənə qəribə gələn nədi? Əvvəllər hamı adımı bütöv deyərdi. Əvvəlinə “hörmətli”, axırına “müəllim” qoşardılar.

Müəllim ha! Məndən müəllim olar?! Burnun, qulağım əridikcə adım da əridi, qısaldı. İndi heç adımı bilən də yoxdur. Mənə təzə ad qoyublar: “xəstə kişi”. Yenə yaxşıdı ki, “kişi”ni saxlayıblar.

Bu xoşuma gəlir. Bir Allah şahiddi ki, mən kişi kimi yaşamışam! Bilirsən, hərdən filosof damarım tutur. Fikirləşirəm, nə fərqi var e, adamlar qəbirdə çürüyürlər, mənsə dirigözlü çürüyürəm. Adamları ölüm çürüdür, məni həyat. Baxıram cavan-cavan, yaraşıqlı-yaraşıqlı oğlanlara, deyirəm, əvvəl-axır hamınız çürüyəcəksiz.

Çoxdandı, güzgüyə baxmıram. Amma arada maraq məni boğur, deyirəm bir baxım, görüm, nə var, nə yox?

Özümü görəndə gülmək məni tutur. Belə də adam olar?! Burun yox, sol qulağın da yeri boş. Elə bil, burda heç yerli-dibli qulaq deyilən şey olmayıb.

Əllərimçün darıxmışam. Sənə əl deyirəm e, vurduğum adam qalxmazdı. Hanı indi o əllər?! Barmaqlarım yoxa çıxıb. Əlim ağac kötüyünə oxşayır. Elə bil, qol-budaqlarını budayıblar.

Cavanlığımda “Camel” çəkərdim. O vaxt “Camel” çəkmək hər oğulun işi deyildi. İndi çək görüm də!

Ay çəkdin ha! Barmaq qalıb?! Daha utanmaqdan keçib, kişiyik də, nolsun ki, burunumuz-qulağımız yoxdu, kişiliyimiz ki yerindədi. Dul adamam. Qalırsan belə, əlin umuduna, əl də ki yox... Əllərimçün darıxıram...

Burda metronun yanında əl açıb dilənirəm. “Əl açıb” deyəndə ki, sözgəlişi deyirəm.

Bir Allah, şahiddi ki, həmişə dilənçilərə pul vermişəm. Amma hamısına yox, görürdüm, sağlamdı, deyirdim get, işlə. Amma indi mənim vəziyyətimdə olan adam necə işləsin?! Səhər dərsə gedən tələbələr, müəllimlər ovcuma qəpik atırlar.

Ən çox da imtahan vaxtı pul atır uşaqlar. Bir də görürsən, kağız pul qoyurlar ovucuma. Barmaq yox ki, pulu tutsun, külək aparır.

Görürəm, kağız pul uzadırlar, tez pencəyimin cibini verirəm qabağa. Yaman fənd tapmışam ha! Fikir vermişəm, uşaqlar qorxa-qorxa pulu basırlar cibimə, elə bilirlər ki, cüzam keçicidi.

Daha deyə bilmirəm ki, cüzam keçici deyil. Qəpiyə nə var e, yuxarıdan vızılladırlar, qurtardı-getdi. Belə baxanda elə hamısından yaxşı qəpikdi. Külək-zad apara bilmir…

Güzgüyə baxmasam, burnumun, qulağımın olmadığını hiss eləmərəm. Bircə bu qış aylarında burnumun olmamağı məni pis vəziyyətdə qoyur.

Burundu da, soyuq dəyir, başlayır su axmağa.

Əl də yox ki, tez-tez siləsən. Su da axıb tökülür ağzıma. Məcbur olub seliyi pencəyimin qolu ilə silirəm.

O da ki belə. Qış boyu kir bağlayır. Neyləyim e, yuyanım yox, təmizləyənim yox. Cəhənnəmə ki! Qulağım heç vecimə də deyil. Qulaq nə üçündü? Eşitmək üçün. Şükür Allaha, yaxşı eşidir.

Hər dəfə güzgüyə baxanda özümə gülməyim gəlir. Yadıma uşaqlığım düşür. Kənddə-evimizin damında göyərçinlər yumurta qoyardılar.

Bir dəfə anam evdə olmayanda dama çıxmışdım ki, yumurtaları götürüm. Adama deyərlər, yumurta sənin nəyinə lazımdı?

Özü də göyərçin yumurtası, fındıq boyda. Sən demə, damda yaman arı var imiş.

Arı deyirəm e sənə, eşşək arısı. Bu arıların biri sol qulağımı necə sancmışdısa, qulağım şişib başım boyda olmuşdu.

Lap fil qulağı boyda. Hanı e o qulaq indi?! Hərdən ağlıma uşaq-uşaq fikirlər gəlir, deyirəm, gedim, bir arı tapım, qoyum qulağımın üstünə qoy sancsın, qulağım yenə şişsin, lap qoy olsun başım boyda.

Yekə qulağın nəyi pisdi ki?! Birini də burnumun üstünə qoyum. Qoy əllərimi də sancsın, bəlkə, düzəldi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG