Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Ulu İblisin özü belə o qədər kirlənmədi...


-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Cəmilə Məmmədli

CƏNNƏT

Həzin ağlamaq səsi... Hıçqırıqlar olmadan, nəfəssiz qalmadan, sanki gözəl bir melodiya səslənir sonsuz boşluqda.

Bu melodiyanı dəfələrlə, yox, saya bilməyəcəyim qədər çox eşitmişəm. Davam etməsini istərdim.

Gözlərimi qapayıb, bu melodiyanı sonsuzluqda dinləmək istərdim.

Lakin... susdu. Həmişəki geniş açılmış gözlər, ümid qarışıq qorxu ilə parıldayan o baxışlar. Yenə, sonsuz səhnə ilə qarşımdaydı, o- Adəm övladı.

- S-sən kimsən?!

- Mələk.

Üzü dəyişdi. Buna nə deyirdilər?... aha, sevinc. Əllərini mənə doğru uzadıb, dizləri üstündə sürünməyə çalışdı.

Gözlərindən yenə yaş axırdı, lakin, o həzin melodiya yox idi.

Onun əvəzinə başqa səslər vardı – mərhəmət oyatmaq üçün zarıltı, qurtula biləcəyini düşünməsi ilə yaranmış sevincin kəsik nidaları - nəfsin səsləri. Bundan qurtulmaq istəyərdim...

Nəfs... qoxusu, səsi, rəngi, dadı, ağırlığı... və o tükürpədən varlığı. Adəm övladları bununla necə yaşaya bilir?.

Tarıma çəkilən zincirin cingiltisi ilə Adəm övladı dondu. Ah, o, həqiqətən niyə hələ də burda olduğunu unutmuşdu?

Onu bağlayan zincirləri – günahlarını yaddan çıxarmışdı? Əlləri hələ də mənə uzanırdı, amma sadəcə bir addımlıq məsafəsindəydim. Onun üçün sonsuzluq qədər uzun bir məsafə.

Bu heçlikdə cingildəyən bir qəhqəhə.

Adəm övladı cəld arxaya çevrildi və qorxudan nəfəsi kəsildi. Ayaqlarını özünə tərəf çəkib, yerində büzüşdü. Çox qorxub, hə? Lakin sinəsində gizlətdiyi düyünlənmiş yumruqlarını və qıcadığı dişlərini mən görürəm... O, da görür.

- Zavallı Adəm övladı, öz xilasına belə çox tələsirsən? Həmişə beləsiniz. Səbr; ali məziyyətlərin atasından uzaqsınız.

- S-s-sən kimsən...

Bir az əvvəl bağıran Adəm övladı indi pıçıldayırdı. Qorxu... Mənim kimi Elis də bu iyrənc hissin qoxusunu aldı. Qan çanağına dönmüş gözlərini geniş açıb, iri köpək dişlərini göstərərək gülümsədi. Caynaqlarını ona tərəf uzatdıqda Adəm övladı geri-geri mənə tərəf sürünməyə çalışdı. Amma zincirlər...

- Ha hah ha! Həqiqətən, buradan qaça biləcəyini düşünürsən?

- B-bura haradır?

Elis mənə baxdı. Eh, deyəsən yenə bu şərəfə mən layiq oldum. Adəm övladına baxmamağa diqqət edərək, sonsuz təkrar edəcəyim sözləri söylədim:

- Yer üzündə bilinən adları ilə: Aref, digər dünya, Sirac, Nirvana, ruhların qapısı, ölülər diyarı, cənnət və cəhənnəmin dəhlizi...

- Mən niyə burdayam?!

Gülə bilsəydim, gülərdim. Mənim əksimə, gülə bilən Elisin qəhqəhələri bu sonsuz boşluqda bir neçə saniyə - bəlkə də əsrlər boyu əks-səda verdi. Zamanın dəyərsiz olduğu tək yerdə, bunun hansı olduğunu təxmin etmək çətindir.

Heyhat, hələ də dünyadan qopa bilməmiş adəm övladı üçün zaman dəyərli idi və sualının cavabını eşitmək üçün səbirsizləndiyi üzündən oxunurdu.

Tanrının bəxş etdiyi zəkasına təhqir etməyim üçün bu qədər tələsməsi - gülünc. Dediyim kimi; gülə bilsəydim, gülərdim...

- Ölmüsən, adəm övladı.

- Nə?! Mən! Mən ölə bilmərəm! Yox... ölə bilmərəm... Ölə bilmərəm!

Bu mənzərəni dəfələrlə gördüyümdən sonsuz boşluğa nəzərlərimi dikdim. Mənim əksimə Elis sonsuzluq qədər gördüyü bu mənzərəni maraq dolu baxışlarla izləyirdi. Təkrar... Təkrar... Eyni!

Adəm övladları onları canlı saxlayan şeyin bədənləri olduğuna elə inanmışlardı ki, öldüklərini eşitdikdə ilk işləri bədənlərini yoxlamaq, bir yara alıb-almadıqlarına baxmaq olur.

Yer üzündə belə nə qədər sağlam ölülər olduğunu bilsələr... Göy üzündə bədənlərinin qeydinə qalmaqdan əl çəkərdilər.

Sükut.

Səssizliyi pozan Adəm övladı oldu. Özünü sıx qucaqladığı qollarını açmasından danışmağa başlayacağını anlamışdım.

- Indi... mən ölüyəm? Onda... bura mənim qəbrimdi?

- Deyil.

- Amma olmalıdı! Kitablarda elə yazılıb! Siz də İnkir-Minkirsiniz? Ya da bəlkə Əzrail?

Adəm övladı ancaq mənə baxırdı. Sanki, suallarının cavabını məndən gözləyirdi. Lakin, mən yetərincə danışmışdım. İndi, növbə onun idi. O, isə susurdu.

Yerə çöməlib, maraq dolu gözlərini Adəm övladına dikmişdi. Səssizliyimi qorumalı idim...

Bunu anlayıb, ayağa qalxdı. Adəm övladına tərəf bir-iki addım atıb, əlini ona uzatdı. Caynağı ona toxunduğu anda:

- Ay!

- Göy üzündəki qanunlar Yer üzündəkindən fərqlidir.

Adəm övladının gözlərindəki qorxunun səbəbi Elisin caynaqlarıdır, yoxsa dediyi sözlər? Cavabını öyrənmək istəmədiyim suallardan biri daha... Əzbərlədiyim cümləni pıçıldadım: “ Göy üzündəki qanunlar Yer üzündəkindən fərqlidir”...

Elisin bağırdığına yox, mənim pıçıltıma inanan Adəm övladının üzündən dəhşətin kölgəsi keçdi. Başını əlləri arasına alıb, öz-özünə danışmağa başladı:

- Bu ola bilməz. Fərqlidir?... axı... elə deyilməmişdi! Belə yazılmamışdı! Necə... axı necə ola bilər?! Onlar... onlar yalan deyib?!

- Kimlər? – bu dəfə sualı mən verdim.

- Peyğəmbərlər, hə, onlar! Sonra... kitablar! Axı, var! Hamısı kitablarda yazılıb!

- O kitabları kim yazıb?

- Kim?!... bilmirəm... Yox, peyğəmbərlər yazıb! Hamısı yazılıb orda! Günahlar, savablar –hamısı!

Bu dəfə boşluqda Elisin səsi cingildədi:

- Bəs tanrının yazdıqları?

Adəm övladı ilk dəfə Elisin üzünə baxmağa cəsarət etdi, yox, bu meydan oxuma idi. Amma, burada qorxmalı olan Elis deyildi... Elə, Elis əlini ona uzadıb, barmağını alnına toxundurduğunda bu kiçik cəsarəti də buxarlanıb, getmişdi.

- Bəs, buraya yazılan kitab? – dedi, Elis.

Susurdu. Adəm övladının susqunluğu həmişəki kimi Elisi əyləndirirdi. Üzünü Adəm övladı üçün daha qorxducu hala gətirəcək təbəssümü, getdikcə artırdı. Mənim növbəm:

- Mərhəmət istə...

- Etiraz et!

- Əfv dilə...

- Əmr et!

- Ağla...

- Qəhqəhə çək!

Adəm övladı nə məni, nə də Elisi eşitmirdi sanki. Susqunluğunu bir pıçıltı pozdu sadəcə :

- Axı... Axı, mən haradan bilə bilərdim...

- Zəka, iradə və vicdan...

- Zəka, iradə və vicdan!

Elisin hayqırışı yanında mənim pıçıltım sönük qalmışdı, amma, yenə də Adəm övladı mənə baxdı. Peşmanlıq duya bilsəydim, tanrının məni gülməkdən məhrum etməsinə peşman olardım.

Göy üzündəki ən ali mələklərdə belə olmayan bu müqəddəs üçlüyə sahib olduğunun, fərqində belə olmayan Adəm övladı...

Mənim əksimə, gülə bilən Elisin qəhqəhələri, yenə qorxunc sükutu dağıdan fırtına kimi yayıldı. İnadla ona baxmaq istəməyən Adəm övladının üzünü əlləri arasına aldı və hədəqəsindən çıxacaq qədər geniş açılmış gözlərinə baxmağa məcbur etdi:

- Düşün, et və sorğula.

- Bu-bu nədir?!

- Nədir? Ha ha ha... Göy üzünün qanunları əlbəttə ki.

İnamsızlıq... Adəm övladı Elisin dediklərinin tək kəliməsinə belə inanmırdı. O, Elisə inanmırdı.

- Mənə inanmırsan... – deyə, pıçıldadı Elis. Bəlkə də bağırdı, ikisinin arasındaki fərqin Göy üzündə heç bir mənası yox idi.

Adəm övladı onu dinləmirdi...

Elis, Adəm övladını buraxıb, ayağa qalxdı. geriyə bir addım atıb, əllərini önündə birləşdirərək dayandı – mənim növbəm. Dizlərimin üzərinə çökdüm. Ona yaxın idim, amma mənə toxunacağı qədər yox. Üzünü mənə çevirdi, baxışlarını mənə dikdi – məni dinləyirdi.

- Adəm övladı...

- Adım...

- Göylərdə Adəm övladlarına ad verilmir, Adəm övladı. Dinlə, itaət et və sus.

- Düşün, et və sorğula.

Adəm övladı danışan Elisə sərt bir baxış atdı. Belə dəyərsiz bir ruha görə çox böyük cəsarət. O, Elisi dinləmək istəmirdi. Yenidən mərhəmət dilənən gözlərini mənə dikib, danışdı, yox, zarıldadı:

- Mən peşmanam! Bütün günahlarım üçün, hə, hamısına görə peşmanam! Tövbə edirəm, məni bağışlayın. Yalvarıram! Mən, mən bilmirdim! Mən axmaq idim... Amma, mən həmişə inandım! Düzdü, günahlarım var. Içki içmişəm, amma məni məcbur eləyiblər. Məcbur ediblər deyəndə... hə, məcbur idim, yoxsa mənə lağ edərdilər! Bəlkə... Çox ibadət etməmişəm, amma həmişə dua etmişəm, həmişə! Yalvarıram, bağışlayın! Çox peşmanam... mən... Məcbur idim, dünyada yaşamaq belədir. Başqa yolun olmur... Məcbur edirlər. O qədər pis adamlar var ki! Adamı elə yoldan çıxarırlar ki! Günahkaram, Allah şeytana lənət eləsi...

Sonsuzluqda əks-səda verən qəhqəhə... Gülə bilsəydim...

Adəm övladı, Elisə baxdı. Səsini çıxarmadan, dodaqlarını belə aralamadan etdiyi lənətləri eşitməmək mümkün deyil. Unutmuşdu, tamamilə unutmuşdu: Göy üzünün qanunları fərqlidir...

Sonsuzluq qədər çəkən sükut... Ax, bu sükutu sevə bilsəydim, sevərdim. Elis bir anda yox oldu. Bilirdim : yenə mənim növbəmdir.

- Qərara gələ bildin, Adəm övladı?

- Nə qərarı?!

- Itaət və üsyan – hansı?

Təəccübü anlamırdım, amma, görə bilirdim. Adəm övladının bədəninin, yox, ruhunun hər zərrəsi bu hisslə lərzəyə gəlmişdi.

- I-indi?! Axı, axı... Mən bilmirəm... Belə tez...!

- ...

- Həm, nə seçimi?! O, İblisin dediklərini necə seçə bilərəm!

Qəribədir, yenə dəyişdi. Üzü... Elə bir çirkinliyə büründü ki, ruhu elə bir qaranlığa gömüldü ki... Dodaqlarım tərpəndi: “Nifrət.”

- Hə, əlbəttə! Ona nifrət edirəm! O, da mənə nifrət edir! Sən ona nifrət etmirsən ki?!

- “Nifrət” Adəm övladlarına məxsusdur. Mələklər, nifrət edə bilməz.

- Bəs şeytanlar?

- Ulu İblisin özü belə o qədər kirlənmədi.

- “Ulu İblis”?! Bir mələk şeytana necə belə müraciət edə bilər?!

- Ulu İblisin özü də bir mələk idi. Bəlkə də ən yaxşısı.

- Axı, o, şeytandır! Insanları yoldan çıxarır! Məni də o, yoldan çıxartdı...

Adəm övladı ağlamağa başladı. Gülə bilsəydim, gülərdim. Bir günahkarın göz yaşları... Danışmaq istədim, amma, bir fısıltı məni qabaqladı:

- Yoldan çıxanlar yolu olmayanlardır...

Hə, ulu İblis həmişə bunu deyir. Göy üzünün qanunlarından biridir, amma, Yer üzündə varlığı çoxdan unudulub. Dinləmirdi. Elisi, dinləmirdi. Onun belə gülüşü itmişdi. Səssiz, ya da gulrultulu bir pıçıltı ilə dedi:

- Vaxtdır, seç, Adəm övladı.

-Nə?!

- İtaət və üsyan – hansı?

Əlimi ona uzaqdım. Elis də. Susdu. Dondu. Əlini qaldırdı. Üzündə sevinc vardı – buradan qurtulmağın sevinci. Elisin caynaqlarına iyrənirmiş kimi baxıb, əlimi tutdu. Gülümsəyirdi. Birdən, hayqırdı:

- Sən iblissən!

Əlini çəkməyə çalışdı, gec idi. Çırpınırdı, bağırırdı, ağlayırdı... Caynaqları ilə əlimi didməyə, parçalamağa çalışırdı – bir Adəm övladı! Gülə bilsəydim, gülərdim. Axırda, təslim olub, fısıldadı:

- Yenə yoldan çıxartdın!... Cəhənnəmə gedəcəm...

- Göy üzündə nə cəhənnəm var, nə də cənnət, Adəm övladı. Təkcə, “Azad ruhlar” var. – Elisin fısıltısı sonsuz boşluqda əks-səda verdi. Kədər. Səsində, üzündə, ruhunda kədər. Ağlaya bilsəydi, ağlayardı. Seçilmədiyi üçün yox, onun seçmədiyi üçün. Təəssüf – bu hiss də ancaq Adəm övladlarına məxsus idi.

Adəm övladı cavab verməyə belə macal tapmadı. Milyonlarla zərrələrə parçalandı. Alovdan kəpənəklər kimi, ətrafımda uçuşan kiçik, parıldayan zərrələr... Yer üzündə buna necə “cəhənnəm” deyə bilirlər? Axı, bu çox gözəldir...

****

Sonsuz heçlikdə dayanan iki bədənsiz ruh. Biri İblis, biri mələk. Biri üsyan, biri itaət. Biri kədər...

****

O, gülürdü.

****

Sonsuz boşluqda həzin bir ağlamaq səsi yayıldı...

Son

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG