Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:15

Hitlerin kitabı məktəblilər üçün buraxılır


-

Almaniyada Hitlerin "Mənim mübarizəm" kitabı yenidən çap olunur

70 illik qadağa bitir

Münxen Çağdaş Tarix İnstitutu (Münchner Institut für Zeitgeschichte) Hitlerin "Mənim mübarizəm" kitabını məktəblilər, yeni nəsillər üçün nəşrə hazırladığını və yeni kitabın detallarını açıqlayıb. Kitabın orijinalı 780 səhifə idi, yeni nəşri isə 5 min elmi qeyd artırılandan sonra 2 min səhifəyə çatıb və iki cildə bölünüb.

Bu, son bir ildə gedən müzakirəni daha da alovlandırıb. Məsələ burasındadır ki, 2015-ci ilin sonunda nasist ideologiyasının lideri Hitlerin “Mənim mübarizəm” kitabının ilk nəşrindən 70 il keçir. Bu o deməkdir ki, kitabın müəllif haqqı ictimaiyyətə keçir.

Çox adam Almaniyada bu kitabın nəşrinin qadağan olduğunu düşünür. Əslində isə yenidən çapı qadağandır, 1925-ci ildə çıxmış köhnə kitabın hələ 12 milyondan çox nüsxəsinin evlərdə yaşadığı güman olunur.

Hitlerin ölümündən sonra kitabın müəllif haqqı onun vətəni Bavariyada, Bavariya hökumətində idi. Bavariya hökuməti qeyri-rasional nifrət manifesti olan bu kitabın Almaniyada yenidən çapını qadağan etmişdi.

Kitab ictimaiyyət üçün çox təhlükəli hesab olunur. Bu yetmiş il ərzində “Mənim mübarizəm” kitabı ingiliscə və başqa dillərdə nəşr edilib, ABŞ-da azad satışdadır. Amma Bavariya hökuməti həmin dillərdəki nəşrə verdiyi icazələrdə kitabdan müəyyən hissələrin çıxarılmasını şərt qoymuşdu və şərtə də əməl olunmuşdu.

İndi ki, 70 illik qadağa bitir, hələ bu ilin əvvəlində bir neçə alman nəşriyyatı 2016-cı ilin əvvəlində kitabı nəşr etmək istədiklərini açıqlamışdı.

Qərar Almaniyada, xüsusən yəhudilər arasında kəskin tənqidlə qarşılanmışdı. Onlar qanunla Almaniyada nasist ideologiyası yaymağın qadağan olduğunu əsas gətirərək, kitabın ümumiyyətlə qadağan olunmasını tələb edirdilər. Qarşı tərəfsə kitabın ciddi, əsaslı, elmi akademik ön sözlə nəşrini çıxış yolu göstərmişdi. Deyilmişdi ki, annotasiyada, məsələn, Hitlerin bu irqçi fikirləri haradan götürdüyü, onun ideya mənbələri göstərilə bilər, bu, onun xarizmasını azaldar.

Yəhudi aktivistlərsə deyirlər: “Siz şərə ön söz yaza bilərsinizmi?”, "Onun səsi qəbirdən yayılacaq.” Münxen yəhudi icmasının rəhbəri kitabın elmi nəşrə gedəcəyi haqda xəbərdən sonra onu “Pandoranın qutusu” adlandırıb; bir dəfə açıldısa, daha bağlana bilməz. Bununla ilk baxışdan sadə görünən bir hərəkətin sonradan gözləniləndən böyük, acı nəticələr verməsinə işarə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG