Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Plana düşən torpaq sahələrinə görə kompensaisyalar vərəsələr arasında necə bölünür?..


Arxiv fotosu
Arxiv fotosu

-

"Dədə-baba torpaqlarımız yeni çəkilən «dairəvi yol»a düşür, ancaq kompensasiyaların verilməsində qeyri-şəffaflıq var".

Kürdəxanı sakini Malik Quliyev deyir, dədə-babadan miras qalmış 18 sot torpaq sahəsinə görə 108 min manat kompensasiya ayrılıb. Ancaq 4 varisin arasında bölünməli olan kompensasiyanı əmisi Üzeyir Quliyevə veriblər. İndi əmi digər vərəsələrə düşməli olan paylarını onlarla bölüşmək istəmir:

"2 il əvvəl may ayında mən xəstəxanada olmuşam, əmimi çağırıb hamımızın pulunu ona veriblər. Xəstəxanadan çıxandan sonra getdim bələdiyyəyə, İcra hakimiyyətinə, dedilər vaxtında çağıranda gəlib alaydın. Halbuki, həmin vaxt mən xəstəxanada olmuşam və onlar mənim xəstəxanadan çıxmağımı gözləməli idilər. İndi də deyirlər ki, get əmindən pulunu özün al".

Şikayətçi deyir ki, əmisinə müraciət edəndə məlum olub ki, sonuncu 18 sot torpağın 12 sotunu bir, 6 sotunu isə digər oğlunun adına sənədləşdirməklə 108 min manata sahib olub və digər vərəsələrə pul vermək fikrində olmadığını bildirib.

"Sabunçu rayon İcra Hakimiyyətinin başçısının yanına getdim, başçı söz verdi ki, mənə kömək edəcək. Ancaq o da məsələni bir yerə çıxartmadı".

«SƏNƏD VARSA MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN»

Sabunçu rayon İcra Hakimiyyətindən bildirdilər ki, mübahisələndirilən torpaq sahəsinə Üzeyir Quliyevin adına icazə müqaviləsi olduğuna görə kompensasiya da ona ödənilib. Əgər əmi həmin torpaq sahəsinə vərəsəlik hüququnu təsdiq edən sənədi varsa, məhkəməyə müraciət edə bilər.

İcra hakimiyyətindən o da bildirilib ki, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolunun tikintisi ilə əlaqədar Kürdəxanı ərazisindən keçən yola düşmüş torpaq sahələrinə görə kompensasiyaların verilməsi çoxdan başa çatıb. 85 ailə kompensasiya alıb.

Üzeyir Quliyev isə deyir, şəxsən ona kompensasiya ödənilməyib, adı da kompensasiya alanların siyahısında yoxdur. Kompensasiya övladlarına ödənilib, həm də özlərinə məxsus olan torpaq sahələrinə görə.

VARİSLİK İSTİSNA OLUNUR?

Vəkil Namizəd Səfərov deyir ki, əgər birinci növbəli vərəsə varsa və Malik Quliyevin əlində həmin torpağa vərəsəliyini təsdiqləyən hər hansı sənədi yoxdursa, onun varisliyi istisna olunur.

"Əgər hesab edirsə ki, o da dədə-baba torpağına varislərdən biridir, varisliyini məhkəmə yolu ilə tanıtdırıb kompensasiya tələb edə bilər. Bundan əvvəl o, arxiv idarəsinə müraciət edib torpağa dair sənəd tapmalıdır. Həmin sənədi məhkəməyə təqdim etməlidir. Sənəd olmasa vərəsəliyini təsdiq etdirə bilməyəcək".

Vəkil bildirir ki, Malik Quliyev uzun müddət həmin torpağın istifadəçisi olmasını təsdiqləyən sənəd də əldə etməlidir.

XS
SM
MD
LG