Həbsdə olan keçmiş nazirlərin istintaqı ilə bağlı dövlət çevrilişi ittihamı tədricən ikinci plana keçməkdədir. Hərçənd Respublika Prokurorluğundan bildirildiyinə görə, dövlət çevrilişinə cəhdlə bağlı istintaq davam edir. Ancaq ötən ilin oktyabrında dövlət çevrilişinə cəhdə görə həbs edilənlərdən həm keçmiş Maliyyə naziri Fikrət Yusifovun, həm də Prezident Aparatı İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyevin məhkəməsində onlara tamam başqa ittihamlar irəli sürüldü. Fikrət Yusifov qanunsuz silah gəzdirmək ittihamı ilə 1il 6 ay, Akif Muradverdiyev isə korrupsiya hallarına görə, 6 il azadlıqdan məhrum edildi.
Sabiq Maliyyə nazirinin dövlət çevrilişinə cəhd məsələləri ilə bağlı ifadəsinə əsasən, həbs edilən keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanovun istintaqı isə davam edir. Hələ altı ay əvvəl Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Fikrət Yusifov 1 il 6 ay azadlıqdan məhrum edilərkən Respublika Prokurorluğundan bildirmişdilər ki, onun istintaqı digər sabiq nazirlərin işindən ayrılıb. Həmin açıqlamada o da qeyd edilirdi ki, Fikrət Yusifov hələ də dövlət çevrilişinə cəhdlə bağlı ittiham olunur. Ancaq son günlər keçmiş məmurlar ətrafında yeni-yeni məlumatlar dövlət çevrilişinə cəhd ittihamı ilə bağlı da müəyyən anlaşılmazlıqlar yaratmaqdadır. İndi bir çoxları keçmiş Maliyyə naziri Fikrət Yusifovun hələ də dövlət çevrilişinə cəhddə ittiham olunduğuna şübhə ilə yanaşır. Respublika Prokurorluğu isə bu şübhələri nəinki aradan qaldırmır, əksinə, onların açıqlamaları müəmmanı bir qədər də artırır. Bu qurumun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev: «Dövlət çevrilişi cəhdi ilə bağlı cinayət işi davam edir. İstintaq başa çatanda məlumat veriləcək».
Cənab Məmmədov deyir ki, dövlət çevrilişinə cəhd ittihamı Fərhad Əliyevin üzərindən götürülməsə də, bu epizod üzrə istintaq çox ləng gedir. Vəkilin sözlərinə görə, bu da həmin ittihamın əsassız ifadəyə söykənməsindən irəli gəlir. Keçmiş Səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov isə deyir ki, dövlət çevrilişi ittihamı siyasi məqsədlərə xidmət edir. Onun sözlərinə görə, Fərhad Əliyevin islahatçı imici, Əli İnsanovun isə Ermənistandan köçürülən azərbaycanlılar arasında nüfuz sahibi olması hakimiyyəti onlardan çəkindirir: «Ona görə də onları uydurma ittihamla həbs edib, nüfuzdan salma yolunu tutdular».
«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, dövlət çevrilişi ilə bağlı ittiham getdikcə aktuallığını itirməkdədir. Onun sözlərinə görə, həm keçmiş məmurların ayrı-ayrılıqda mühakimə olunmaları, həm də dövlət çevrilişi ittihamı ilə bağlı istintaqın uzanması elə bundan irəli gəlir. Cənab Rəşidoğlu hesab edir ki, artıq Fərhad Əliyevlə Əli İnsanov da hakimiyyət üçün o qədər də təhlükəli deyil. Onun sözlərinə görə, Fikrət Yusifovdan sonra digər keçmiş məmurların da taleyinə yaxın zamanlarda aydınlıq gətiriləcək. O, hətta digər keçmiş məmurlarla da daha yumşaq davranılacağını istisna etmir: «Çünki indi prezidentin ətrafında elə məmurlar var ki, onlar hakimiyyət üçün həbsdə olan keçmiş məmurlardan daha təhlükəli və daha güclü görünürlər».
Azər Rəşidoğlu bildirir ki, ən müxtəlif qruplaşmalarla eyni vaxtda mübarizə ciddi problemlər doğura biləcəyindən indi hədəflərin dəyişməsi prosesi getməkdədir.
Belə fikirlər də var ki, dövlət çevrilişinə cəhd ittihamı öz aktuallığını itirsə də, gələcəkdə oxşar ittihamların səslənməyəcəyinə heç bir zəmanət yoxdur. Çünki hakimiyyətdaxili qruplaşmaların mövcudluğu və bu qruplar arasında ziddiyyətlərin kəskinləşməsi ilə bağlı hələ də müxtəlif fikirlər səslənməkdədir. Bu cür qruplardan hər hansı zərərsizləşdiriləndə adətən onlara söylənən ittiham dövlət çevrilişinə cəhd olur.