Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

Bakıda məşhur Grace Kelly sərgisi açılır


Grace Kelly (1929-1982)
Grace Kelly (1929-1982)

-

Bakıda, Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan «Grace Kelly: şahzadə və stil ikonası» sərgisi açılır.

Mərkəzin yaydığı xəbərə görə, Azərbaycanda ilk dəfə keçiriləcək sərginin rəsmi açılış mərasimi iyunun 12-də olacaq.

Sərginin açılışında Monako knyazı Albert II iştirak edəcək.

Sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Grace Kelly-nin (1929-1982) həyat yoluna həsr olunub. Eksponatlar Grace Kelly-nin kinoaktrisalıq karyerası, eləcə də həyatının Monako knyazı Rainier III ilə evləndikdən sonrakı dövrünü əks etdirir.

Sərgidə Grace Kelly-yə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim ediləcək.

Heydər Əliyev Mərkəzindəki sərgi bir ilkə də imza atacaq. Grace Kelly-yə məxsus avtomobillərizləyicilərə ilk dəfə məhz bu sərgidə təqdim olunacaq.

Bu avtomobillərdən biri- 1952-ci il istehsalı olan «Austin Taxi» avtomobilində şahzadə öz övladları ilə gəzməyi çox sevərmiş.

Grace Kelly-nin həyat hekayəsini nəql edən «Grace Kelly: şahzadə və stil ikonası» adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulu, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Grace Kelly Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Gary Cooper-lə birlikdə çəkildiyi «Günorta çağı» filmi daxil 11 ekran əsərində rol alıb.

Grace Kelly tanınmış rejissor Alfred Hitchcock-un sevimli aktrisası idi. Hitchcock gözəl aktrisanı bir neçə filmində - «Moqambo» (1953-cü il) və «Qətl üçün M-i yığın», «Arxa pəncərə», «Oğrunu tutmalı» (1955-ci il) adlı ekran əsərlərində baş rola çəkib.

Grace Kelly «Kənd qızı» filmində yaratdığı obraza görə «Oskar» mükafatına layiq görülüb. O, iki dəfə «Qızıl qlobus» mükafatını qazanıb.

1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı Rainier III ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib.

Grace Kelly bu tanışlıqdan bir il sonra Rainier III ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Grace ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsusluğuna, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib.

Grace Kelly 1982-ci ildə avtomobil qəzasında həlak olub.

Heydər Əliyev Mərkəzində açılan sərgi iyunun 13-dən ictimaiyyət üçün açıq olacaq.

Sərgi noyabrın 1-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG