Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Əlilin "ruzi yeşiyi" olimpiadanın güdazına getdi


Arxiv fotosu
Arxiv fotosu

-

" "28 may" metrosunun yaxınlığında uzun illər idi ki, yeşiyin üstünə siqaret yığıb satırdım. O yeri mənə 20 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti vermişdi. Əlil olduğuma görə şərait yaratmışdı ki, xırdavat satıb ailəmi dolandırım, dava-dərmanımı alım. Sağ olsunlar, 20 il idi dəyib dolaşan yox idi".

"RUZİ YEŞİYİ" NECƏ ƏLDƏN GETDİ...

Qarabağ müharibəsi əlili Hüseyn Dadaşov bir həftədir ki, qazancsız qaldığını deyir və buna görə hökuməti qınayır. Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq yerli polis onu da yerindən "oynadıb". Əlil uzun illərdir ailəsini ruzi ilə təmin edən yeşiyi - üzərinə müxtəlif xırdavat yığıb satdığı "piştaxtanı" bir həftə əvvəl itirib. Daha doğrusu, bu ruzi yeşiyini əlindən zorla alıb kənara tullayıblar, özünü isə 20 il dayanıb alver etdiyi ərazidən uzaqlaşdırıblar.

Şikayətçi:

"Dedilər, get gir evə, 1 ay ortalıqda görünmə. 4 uşaq saxlayıram, ikisinin ciyərləri nəmişlikdən sıradan cıxıb. Qazancımın çox hissəsi uşaqların dərmanına gedir. Bədənimdə qəlpələr var, dövlətdən bircə dəfə pulsuz dərman almamışam. Öz müalicəmi də öz qazancımla edirdəm. Daha doğrusu, bir neçə ildir ki, başım azyaşlı övladlarımın müalicəsinə qarışdırından öz canım yaddan çıxıb. Məni niyə gizlədirlər, kimdən gizlədirlər? Bir ay niyə ortalıqda görünməyim? Məgər evə qonaq gələndə ailə üzvlərini çarpayının altında gizlədərlər?"

ƏLİL "RUZİ YEŞİYİNƏ" MÜVƏQQƏTİ "SIĞINACAQ" İSTƏYİR

Əlilin istədiyi odur ki, şərait yaradılsın, qadağan olunmuş müddətdə "ruzi yeşiyini" başqa ünvana qoysunlar, alverini orada davam etdirsin.

"Vallah, müharibə görmüş, kontuziyalı adamam. Mənə "1 ay otur, evdən çölə çıxma" deyən polislər analarının qucağında olanda mən onların erməni əlinə keçməməsi üçün sinəmi sipərə döndərmişəm. Canımda 11 qəlpəylə gəzirəm. İndi mənə deyir, gir evə, burnunu çölə çıxartma. Ancaq sabah erməni gəlib Bakıya çıxsa, yenə mənimkimiləri qabağa verəcəklər, bax, onda özləri girəcəklər evə, burunlarını çölə çıxartmayacaqlar".

Nəsimi rayon polis idarəsindən konkret Hüseyn Dadaşovla bağlı məsələyə aydınlıq gətirmək istəməsələr də, Olimpiya oyunları ilə əlaqədar idarənin nəzarətində olan ərazilərdə polisin icra hakimiyyətinin əməkdaşları ilə birlikdə reydlərdə iştirak etdiyini bildirdilər. Polis belə məsələlərə görə vətəndaşın yerli icra hakimiyyətinə müraciət etməsini tövsiyyə edir:

"Polisin vəzifəsi deyiləni icra etməkdir. Deyirlər yığışdırın, yığışdırırıq. Bunun üçün icra hakimiyyəti var, qoy vətəndaş məsələni onlarda aydınlaşdırsın".

Nəsimi rayon İcra Hakimiyyətindən isə telefon zənglərimizə hər dəfə işçilərin ərazidə olduğunu bildirərək dəstəyi asdılar.

XS
SM
MD
LG