Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 15:17

Səfirin «facebook» qeydləri aranı qatdı


Arif Məmmədov
Arif Məmmədov

-

«Azadlıq» qəzeti mediada və sosial şəbəkələrdə müzakirə edilən bir məsələyə diqqət ayırıb: «Hakimiyyət daxilində yeni skandal; Səfirin facebook qeydləri aranı qatdı».

Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri (2000-2006), Avropa Şurasında daimi nümayəndəsi (2007-2012) olmuş, hazırda isə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında nümayəndəsi vəzifəsini daşıyan Arif Məmmədov «satqınçılıqda» və «xəyanətdə» ittiham olunur. Səbəb onun «facebook» səhifəsində yazdığı bir neçə qeyddir.

Bakıda mayın 19-da penoplast üzlüklü binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra A.Məmmədov belə bir status paylaşıb:

«Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar».

Qəzet yazır ki, diplomatın daha bir qeydi Avropa Oyunları məşəlini Bakıda İlhamə Quliyevanın daşıyacağı haqa saytlardan birinin xəbərinə reaksiyasından ibarətdir. O yazıb:

«Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzov (idmançı və millət vəkili), Əhəd Abıyev (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyev (nəhəng partiyanın rəhbəri) niyə əlavə olunmasın? Ölkənin parlaq «dostları»nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar».

Qəzet yazır: «Hakimiyyət dəhlizlərində A.Məmmədovun bu statusları dərhal «üsyankarlıq» və «düşmən əməli» kimi qarşılanıb. Artıq ona qarşı kampaniyaya da start verilib.

YAP icra katibinin müavini, deputatı Siyavuş Novruzov diplomatın bu qeydini «xalqa hörmətsizlik» kimi şərh edib və onu «erməni» adlandırıb. Onun dərhal tutduğu vəzifədən geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalı olduğunu bildirib. Hakimiyyətin nəzarətində olan saytlardan birində isə onun «ifşasına» həsr olunmuş geniş məqalə dərc edilib. Məqalədə A.Məmmədovu yazdıqlarına görə MTN-in zirzəmisində çürütməyə çağırış belə, yer alır».

Mövzuya AXCP sədri Әli Kərimli özünün «facebook» səhifəsində münasibət bildirib. O, baş verənləri «yuxarıların» daha əvvəlki qaydada idarə edə bilməməsi kimi qiymətləndirib.

Cahangir Hacıyev
Cahangir Hacıyev

OYUNLARDAN SONRA HƏBSLƏR DAVAM EDƏCƏK

«Yeni Müsavat» yazır: «Avropa Oyunlarından sonra iqtidarda həbslər olacaq».

Oxuyuruq: «Beynəlxalq Bankdan təxminən 6.5 milyard dollar kreditin mənimsənilməsinə görə başlanmış həbslər son bir neçə gündə səngiyib, üstəlik qeyri-rəsmi məlumata görə, saxlanılan 43 nəfər də borcunu ödədiyi üçün azadlığa buraxılıb. Avropa Oyunlarına son hazırlıqlar səbəbindən iqtidar gündəmi bu idman yarışına kökləmək istəyir və bu səbəbdən də «oliqarxqeyt işi» sanki səngimiş kimi görünür. Amma bu, yalnız media üçün görünən tərəfdir və mötəbər mənbələr bu qalmaqalla bağlı hakimiyyət içərisində gərginliyin sənginmədiyini, əksinə, artığını iddia edir. Gərginliyə ən əsas səbəb kimi Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı hakimiyyətin qərarsızlığıdır. Bankı çıxılmaz duruma salmış bir rəhbər şəxsin hələ də məsuliyyətə cəlb edilməməsi bu işdə mənafeyinə toxunulan məmur-oliqarxların narazılığına səbəb olub.

Məhz bu səbəbdən də son günlər C.Hacıyevlə bağlı «informasiya müharibəsi» başlayıb. Bəzi mənbələr mediaya belə bir informasiya ötürürlər ki, Cahangir Hacıyev bu işlə bağlı araşdırma başlayandan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Ancaq hələlik onun haqqında həbs-qətimkan tədbiri seçilməyib. İddia olunur ki, bankir Beynəlxalq Banka borcu olan iş adamları ilə üzləşdirilir, bir növ ondan şahid kimi faydalanırlar: «Ona hələ ki rəsmi ittiham elan edilməyib. Borclu iş adamlarının dindirilməsi başa çatandan sonra ona qarşı rəsmi ittiham irəli sürüləcək. Burada məqsəd kreditlərdən nə qədər «şapka» alınmasını müəyyənləşdirmək və Cahangir Hacıyevin dövlətə vurduğu real zərəri hesablamaqdır. Proses başa çatandan sonra onun haqqında cinayət işi açılacaq» - deyə yayılan məlumatlarda bildirilir. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə həbs edilənlərlə bağlı monitorinq keçirib və bəyan edib ki, Cahangir Hacıyev Azərbaycandan qaçmayıb, həbs olunmayıb».

Qəzet yazır ki, Beynəlxalq Bank işinə görə milyonlarla hesablanan əmlaklarını bazar qiymətindən bir neçə dəfə aşağı satışa çıxarmağa məcbur edilənlər C.Hacıyevin toxunulmaz statusundan çox narahat olurlar və bəziləri dindirmələr zamanı buna açıq etiraz da bildiriblər:

Rəşad Həsənov
Rəşad Həsənov

«Çünki Cahangir Hacıyev ölkə rəhbərliyinin etibarından sui-istifadə edərək dövlətin pullarını təkcə biznesmenlərə deyil, özünün qurduğu iri şirkətlərə yönəldib, həmçinin özünəyaxın müxtəlif adamlara verib. Mətbuata sızdırılan xəbərə görə, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankdan toplam olaraq 3.5 milyard manat kredit götürüb».

BANKLARIN BAĞLANMAQ TƏHLÜKƏSİ VAR

«Bizim yol»da oxuyuruq: «Bir neçə bankın bağlanmaq təhlükəsi var».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov qəzetə bildirib ki, hazırki situasiyada bankların konsolidasiyasına ehtiyac yaranıb:

«İlk maliyyə böhranından sonra Azərbaycan banklarının problemləri yarandı. Onların dayanıqlığında, likvidikliyi sahəsində, eyni zamanda son 20 ildə həyata keçirilən kredit siyasətinin diversifikasiya edilməməsi kimi nöqsanlar üzə çıxdı. Bütün bunlar göstərdi ki, Azərbaycanda bank sektoru proseslərə qarşı çox həssasdır və dayanıqlı deyil. Sözügedən maliyyə təşkilatlarının əksəriyyəti bir nəfərə və ya məmurlara bağlıdır ki, bu da əlavə bir problemdir.Deməli, həmin məmur ətrafında hər hansı bir problem yaranırsa, bankın taleyi sual altına düşür».

İqtisadçının dediyinə görə, bank sektorunda ciddi islahatların aparılması günün tələbinə çevrilib: «Birləşmə elə təşkil edilməlidir ki, heç bir əmanətçinin hüququ pozulmasın. Burada söhbət tək qorunan deyil, eyni zamanda qorunmayan əmanətlərdən də gedir, onlar da dövlət tərəfindən nəzarətə alınmalıdır. Banklar birləşib, güclüləri ortaya çıxacaqsa, onda xarici kapital axınını da təmin etmək asanlaşar».

HEYDƏR ƏLİYEVİN XİLASKARLIQ MİSSİYASI…

«1993-cü ildə qurtuluşla bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu».

Parlamentin üzvü İqbal Məmmədov YAP-ın saytına – yap.org.az-a müsahibəsində belə deyib.

Heydər Əliyevin plakatı
Heydər Əliyevin plakatı

«1993-cü ildə biz yeni qazandığımız müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Məhz 15 iyun Milli Qurtuluş Günü, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır zamanda Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə qayıdışı, həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib gələcəyə inamla baxan güclü və sabit bir dövlətə çevirməsinin başlanğıcı sayılan gün kimi tariximizə həkk olundu» - söyləyir deputat.

O daha sonra bunları bildirib: «Bu gün Azərbaycanın istifadə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetik, mədəni, ictimai və sosial potensial məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. O dövrdə ölkəmizdə xaos yaratmağa çalışan xarici dövlətlər bu gün Azərbaycanla hesablaşmaq məcburiyyətindədirlər. Azərbaycanın bugünkü iqtisadi, siyasi və hərbi qüdrəti 1993-cü ildə qurtuluşla başlayan uğurlu siyasi yolun nə dərəcədə düzgün olduğu və müvəffəqiyyətlə izlənməsinin nəticəsidir. Məhz Milli Qurtuluş Gününün memarı olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu, bu kursun bu gün layiqli davam etdirilməsi nəticəsində ölkəmiz bu səviyyəyə gəlib çatmış və hər keçən gün daha da inkişaf etməkdədir».

XS
SM
MD
LG