Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:35

Elçin Şıxlı: «Mətbuatın 130 illiyində daha güclüydük»


Elçin Şıxlı
Elçin Şıxlı

-

Ölkə prezidenti İlham Əliyev Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı fərman verib, yubiley tədbirlərinə hazırlaşmağı tapşırıb.

Azərbaycan mətbuatı 140 yaşına nə ilə gedir? Bir neçə ay öncə fəaliyyətini dayandırmış «Ayna»-«Zerkalo» qəzetlərinin keçmiş baş redaktoru Elçin Şıxlı AzadlıqRadiosunun suallarını cavablandırır:

- Çox qəliz sual oldu - yubileyə nə ilə gedirik... Bayramdır, bayramagedirik, amma 130 illiyimizdə olduğumuzdan çox zəifləmiş halda gedirik. 130 illikdə daha güclüydük... İndi «Ayna»-«Zerkalo», AzadlıqRadiosunun ofisləri bağlanıb, jurnalistlər həbsdədir. Rauf Mirqədirov, Xədicə İsmayıl, digər həmkarlarımız həbsdədir. Bir «Azadlıq» qəzeti qalıb ki, orda alternativ fikrə yer verilir, bir də barmaq sayılacaq qədər sayt. O da məhdud çərçivədə alternativ fikrə yol verir. Epizodlar ümumi, normal şəkli yaratmır: hamı eyni şeydən danışır, hamı bir-birindən razıdır..

- Elçin bəy, ötən əsrin 80-90-cı illərlə indini müqayisə etmək olarmı?

- 80-90-cı illərlə indini müqayisə etmək də bir az uyğun gəlmir. Amma bunu deyə bilərəm ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində sərbəst, senzuradan nisbətən azad qəzetlər meydana çıxdı. ANS bir telekanal kimi yarandı. AzTV-də sovet verilişlərindən fərqli proqramlar yarandı. Azadlıq, «Molodyoj Azerbaydjana», «Aydınlıq», «Gənclik» jurnalı çap olunmağa başladı. Qəzet köşklərində «The New York Times» qəzetinə qədər tapmaq olurdu. İndi gedin əvvəl qəzet köşkü tapın, sonra da həmin qəzet köşkündə qəzet tapın, görün, tapacaqsızmı? Vəziyyət bu dərəcədə korlaşıb. O zaman dirçəliş idi, gələcəyə bir inam vardı, böyük bir həvəslə, şövqlə sovetdən qalma zəif nöqtələri vurub sıradan çıxarmağa, senzuranı da üstələyib müstəqilliyə, söz azadlığına, fikir müxtəlifliyinə doğru getməyə çalışırdıq. O zaman üçqat, dördqat senzuradan keçirdik, fövqəladə bir vaxtda işləyirdik, ancaq nikbin idik. Ümidlərimiz vardı, çünki bilirdik ki, işimizi görürük. Düzdür, o vaxt jurnalistləri döymürdülər, tutmurdular. Bir «Çeşmə» qəzetinin əməkdaşlarını tutmuşdular, yəni bu hallar o qədər epizodik idi ki. Demirəm ki, vəziyyət çətin deyildi, amma hamı nikbin idi, inanırdı ki, hər şey öz axarına düşəcək. İndi bunların heç biri yoxdur.

- Azərbaycan mətbuatı nə vaxt zəifləməyə başladı?

- Belə bir yanlış baxış var ki, qəzetçilik təşkilatçılıq, təbliğ və təşviqat vasitəsidir. Bu yanaşmada ən pisi qəzetə təşkilatçılıq kimi yanaşmadı. Qəzet heç təbliğat və təşviqat vasitəsi də deyil. Bizdə çox təəssüf ki, cəmiyyət də bölündü, qəzetlər də partiya orqanlarına çevrildilər. Partiya qəzetləri də peşəkarlıqdan, klassik jurnalist tələblərindən uzaq olmağa məcburdurlar, çünki bir mövqeni müdafiə etməyə, başqa mövqeləri aşağılamağa məhkum olurlar. Cəmiyyətdə qütbləşmə getdi. Kim ki hamının dediyini demədi, onu «müxalifət, ölkənin düşməni» adlandırdılar. Bu proses də 15-17 il çəkdi.

- Sizcə, bu gün jurnalistlər yazmağa qorxur?

- Təbii yazmaq istəyən peşəkarlar qorxurlar.

- Bəs cəmiyyət mətbuatın bu vəziyyətindən nə itirir?

- Cəmiyyət özünü itirir. Mətbuat cəmiyyətin bir hissəsidir. Cəmiyyət necədirsə, mətbuat da elədir. Mətbuatdan çox cəmiyyət itirir. Gərək cəmiyyət keyfiyyətsiz mətbuata «yox» desin, amma cəmiyyət bunu udur və nəticədə özünü itirir.

- Sizcə, populyar olan sosial şəbəkələr mətbuatı əvəz edə bilirmi?

- Həmişə sosial şəbəkələrin media ilə müqayisənin əleyhinə olmuşam. Sosial şəbəkə kommunikasiya vasitəsidir, mətbuat deyil. Sosial şəbəkə istifadəçiləri jurnalist deyil. Buna görə də sosial şəbəkə mətbuatı əvəz edə bilməz.

- Elçin bəy, yubileyə ay yarım var. Sizcə, nə etmək olar ki, dediyiniz kimi, mətbuata nəfəs verilsin?

- Bizdən heç nə asılı deyil. Əlimizdən nə gəlir, edirik. Sadəcə, dövlətin alimənsəbli şəxsləri həbsdə olan jurnalistləri ədalətli istintaqla təmin etməlidir. Bu ədalətli istintaqda onların günahsızlığı sübut ediləcək və həmkarlarımız azadlığa çıxacaqlar. Bu, mətbuata böyük töhfə olardı. Yox, bunu etməyəcəklərsə... Əslində, çətin ağlım kəsir ki, bunu etsinlər...

- Elçin bəy, mətbuatda bu durum nə vaxta qədər davam edəcək?

- Proses illərlə də davam edə bilər. Hər şey ictimaiyyətin tələblərindən, istəyindən asılıdır. Təbii, bunun iqtisadi məqamları da var. Azərbaycanda zənginlik, maliyyə bolluğu olacaqsa, cəmiyyət «buna da şükür» deyib yaşayacaq və heç nə tələb etməyəcək, deyəcək ki, «Allah kərimdir, görək sabah nə olur». Amma neftin qiyməti həddindən artıq aşağı ensə, Azərbaycanı böyük problemlər gözləyir və onda nə olacaq, bilmirəm, çünki insanlar uzun müddət ac qala bilmir. Azərbaycanda normal bazar münasibəti olarsa, liberal iqtisadi münasibətlər işləyərsə, ədalətli rəqabət şəraiti yaranarsa, sizi inandırıram ki, deyirlər ha, 3 mindən çox qəzet var, onlardan bur-tut 4-5-i meydanda qalacaq. Söhbət pulun az-çoxluğundan yox, sağlam rəqabətdən gedir. İndi isə qəzetləri yaşadacaq heç bir müstəqil mənbə yoxdur. Mətbuat tirajdan, reklamdan gəlir götürür, bu mənada indi özünü saxlaya bilən qəzet, sayt yoxdur.

XS
SM
MD
LG