Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Rusiyadan küsən "Mimino" Ukraynada ilin adamı oldu


Məşhur gürcü müğənnisi Vaxtanq Kikabidze bu yaxında Ukraynadan konsert turnesindən qayıdıb. Konsert Kiyevdə Avromaydandakı etirazlar zamanı həlak olanların xatirəsinə həsr olunub.

Ukraynanı dəstəklədiyinə görə, o “İlin adamı” tituluna layiq görülüb. Kikabidze Krımın ilhaqına qarşı çıxıb, 2008-ci ildə Moskva Gürcüstana hücum edəndə soydaşlarıyla həmrəy idi. O zaman Moskvanın təcavüzünə etiraz olaraq Rusiyanın verdiyi “Dostluq” ordenindən imtina etmişdi.

- Ukraynada dörd şəhərdə oldum: Kiyev, Xarkov, Odessa... Necə konsertlər idi, sözlə deyiləsi deyil. Mənə “İlin adamı” fəxri adından başqa Ukrayna xalq artisti adını verdilər. Ukraynada durum birmənalı deyil, baxaq görək bütün bunlar necə bitəcək. Xalq azadlığa təşnədi, azadlıqla yanır. Yəqin əl-ələ verib, hər şeyi etməlidir ki, nəticə olsun. Mən düşünürəm ki, hər şey yaxşı olacaq.

- Siz keçmiş sovet ölkələrinə tez-tez qastrollarda olursunuz. Sizi Rusiyaya dəvət ediblər və edirlər. Ancaq son illər məlum hadisələrə görə Rusiyaya qastrola gəlmirsiniz. Rus publikası üçün darıxmamısız ki?

Mixeil Saakaşvili ilə
Mixeil Saakaşvili ilə

- Publika üçün çox darıxmışam. Amma ürəyim arzulayanda Ukraynaya gedirəm, rus dilində oxuyuram, orda məni hamı başa düşür. Mən düşünmürdüm ki, “Dostluq” ordenindən imtinam - Gürcüstana müdaxiləyə görə mənim prinsipial mövqeyim belə ajiotaj yaradar. Düzü, düşünmürdüm ki, belə reaksiya olacaq. İnternetdə haqqımda çox pis şeylər yazırdılar, mənim dostlarım, moskvalı ulduzlar sonra deyirdilər ki, bunu onlar yazmayıblar, guya kimsə onların əvəzindən yazıb.

- Ad çəkməyəcəksiz?

- Ad çəkməyəcəm. Onları hamı tanıyır. Onlardan biri Kiyevdə qalxıb mikrofonu götürdü və dedi ki, o belə şey yazmayıb. Mən də deyirəm ki, sən yazmamısan, Allah canını sağ eləsin. Burda bir şey var, masa arxasında hamıya yaxşıdır, problem yaranandasa insan da sınanır. Mən ona görə bağışlamağı bacarıram.

- 2008-ci ilin avqustundakı beşgünlük müharibədən sonra siz Rusiya inteligentsiyasına müraciətlə “Məyus etdilər” adlı mahnı yazdınız. Bu mahnının sözlərini izah edərdinizmi, siz Rusiyadakı dostlarınıza, həmkarlarınıza nə demək istəyirsiniz?

Tbilisidə Mimino abidəsi
Tbilisidə Mimino abidəsi

- Mətni çox maraqli bioqrafiyası olan, Abxaziyada döyüşən dostum, jurnalist yazıb. O mətni gitara melodiyası üçün yazmışdı, verdi mənə. Bu, ziyalılara, dostlara bir antimüharibə müraciəti idi, onlar gəlirdilər, hər yerdə qarşılayır, yola salır, yedirir-içirirdilər. Hər şey başlayanda onlardan çox azı bizim yerimizə ağzını açıb minnətçi düşdü. Çoxu utandı, mən bilirəm, bu çevrədən adamlarla qarşılaşmışam. Hər şey ziyalıların başında çatlayır, təəssüf ki. Bilirəm ki, Rusiyada çox güclü müxalifət var, ancaq adamlar qorxurlar yəqin. Ancaq nə qədər qorxmaq olar? Hər şeyin həddi var.

- Mahnıya reaksiyalar oldu?

- Oldu. Bu yaxında konsertdə oxudum, adamlar ayaq üstdə dinlədilər onu. Mən özüm üçün bir mahnı yazmışam, burda yəqin bilmirlər, “Hardasa uzaqlarda” adlanır, antimüharibə balladasıdır. Mahnıda mən ölkəmi tapmaq istəyirəm, orda qocaları sevirlər, dostları unutmurlar, balıq suda üzür, gül açır, hər şey sakit, dincdir. Finalda ifaçı deyir ki, bu yerin adı cənnətdir. İnsanlar zir-zibildən cana doyublar. İndi bütün dünya dəli olub, hərənin öz dərdi var. Mən indi mahnılarımı özüm yazıram, işlədiyim bəstəkarların çoxu yoxdu. Bir dəfə iki şüşə vodka götürdüm, otağa qapandım və beş mahnı yazdım. Həyatda belə iş görməmişəm.

- Məhz vodka?

- Vodka. Mən rusca yazırdım... İndi hamısı populyardı.

- Sizi çox adam “Mimino” filmindən tanıyır. Frunzik Mkrtçyanla, filmlərdə çəkildiyiniz dostlarınızla bağlı nəsə danışardızmı? Bilirik ki, Polad Bülbüloğluyla dost olmusuz. Bəlkə indi də münasibətiniz var. Müxtəlif millətlərdən insanlarla ünsiyyətin sizin üçün anlamı nədir?

- Mən təbiətcə beynəlmiləlçiyəm, həmişə hesab etmişəm ki, millətçilik uydurulmuş addır. Sadəcə biri bir dildə danışır, o biri ayrı. Bir baş, iki əl, iki ayaqdır. Bu gün sizdən qabaq kinoyla bağlı jurnalistlər gəlmişdi, Daneliyadan, “Mimino”dan, “Fikir etmə”dən danışqdıq uzun-uzadı. Yenə də eyni sual.

Kikabidze və Mkrtçyan "Mimino" filmində
Kikabidze və Mkrtçyan "Mimino" filmində

Mkrtçyan çox istedadlı aktyordur, ağır taleyi oldu. Birinci dəfə onu görəndə heyrət etdim ki, adamın belə gülməli üzü olduğu halda necə də kədərli gözləri var. Sonra nə baş verdiyini bildim, ailə işləri... kimi varsa öldü... Bəxtim gətirdi ki, kinematoqrafa düşdüm. Dahiyanə artistlərlə oynamışam, indi adlarını sadalamaq da çətindir. Demək olar heç kim qalmayıb. “Mimino”ya Avlabaridə abidə qoyanda məni də apardılar, çox utanırdım, Frunzik yoxdur, Leonov yoxdur. Mən hətta üzr istədim: “Bağışlayın ki, bura gəlmişəm, nəsə yaxşı çıxmır.”

- Abidə ideyası hardan gəldi?

- İdeya Tseretelidən gəlib, bu haqda heç nə bilmirdim. Mənə Moskvadan zəng vurdular və dedilər ki, Tsereteli abidə hazırlayıb. Yeri gəlmişkən, Kremldən zəng vurmuşdular və abidəni Daneliyanın evinin yanında qoyacaqlarını demişdilər. Sonra Putin Mişa Saakaşvilidən incidi ki, abidəni qoymadınız…

- İndi Gürcüstanda mədəniyyətə lazımi diqqət göstərilirmi? Sizə kömək edirlərmi?

Səni döyürlərsə, onlara mahnı oxumamalısan. Bu şərəf gətirmir. Onlar çox istəyirlər ki, mən ora gedim, amma getmirəm.

- Mən həmişə tək olmuşam, indi də təkəm. Onlar yəqin düşünürlər ki, mən çox qocalmışam, daha heç yerə çağırmırlar. Tbilisidə çoxdandır çıxış etməmişəm. Ötən il yubileyim idi – 70 yaşım oldu, konsert zalı götürülmüşdü. Sonra özümünkülərə dedim ki, nəsə Tbilisidə oxumaq istəmirəm. Yubileyi Batumidə keçirtdik.

-Tbilisidə oxumaq istəmədiniz? Niyə?

- Aydın deyil, orda kimsə məndən inciyib.

- Sizcə, bu işə siyasət qarışıb?

- Niyəsə düşünürəm ki, hə. Zorla gözəllik olmaz.

- Yadımdadır demişdıniz ki, “həmin iki basketbolçu orda olduğu müddətdə” Rusiyaya gəlməyəcəksiniz…

- Onlar hələ ki oynayan basketbolçulardır. Burda izah olunur: “səni döyürlərsə, ona mahnı oxumamalısan”. Bu şərəf gətirmir. Onlar çox istəyirlər ki, mən ora gedim, amma getmirəm. Xalqla işim yoxdur. Mən ağzımı açdımsa, sonra fikrimi dəyişmirəm.

-Yəni siyasət və mədəniyyət tam ayrılmayıb?

- Yox, tam ayrılmayıb. Əvvəlcə vətəndaş olmalısan, sonra artist. Mən belə düşünürəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG