Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

«Manat yenidən kəskin ucuzlaşacaq»


Manat
Manat

-

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan hakimiyyəti növbəti devalvasiyaya hazırlaşır. «Növbəti devalvasiya parlament seçkilərindən dərhal sonraya planlaşdırılır. Məsələ burasındadır ki, fevralın 21-də verilən devalvasiya qərarı ilə böhranın qarşısını almaq mümkün olmayıb. Devalvasiyadan sonra da Mərkəzi Bank manatın kursunu saxlamaq üçün ayda 1 milyard 500 min xərcləyir.

Artıq Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard manat qalıb. Bu da yalnız parlament seçkilərinə qədər bəs edər. Hökumət də məhz bunu hesablayaraq seçkilərdən sonra devalvasiyaya getməyi planlaşdırır. Lakin mümkündür ki, devalvasiya qərarı Avropa Oyunlarından sonra da verilsin».

Qəzetyazır ki, statistik məlumatlara diqqət yetirdikdə növbəti dəfə daha kəskin devalvasiyaya gediləcəyi görünür: «Mərkəzi Bankın açıqladığı məlumatlara görə, bu ilin yanvar-mart aylarında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 faiz artıb. Əməliyyatların 91 faizi ABŞ dollarında, qalan 9 faizi isə digər valyutalarda aparılıb».

«Azadlıq» bildirir ki, «kredit qalmaqalı»na görə həbslərin kökündə də növbəti devalvasiyaya hazırlıq dayanır.

PUTIN GENERALINDAN SÖZƏBAXMAZ ÖLKƏLƏRƏ İSMARIŞ

«Yeni Müsavat»da oxuyuruq: «Rusiyadan Azərbaycana və «Yaxın xaric»ə işğal anonsu».

Qəzet yazır ki, bu günlərdə Rusiyanın hazırkı Hava-Desant Qüvvələrinin bazasında Çevik Hərbi Qüvvələr (yeni və xüsusi qoşun növü) yaratmağı planlaşdırdığı məlum olub. Plan barədə desant qüvvələrinin komandanı, general Vladimir Shamanov «Ruskaya slujba novostey» radiostansiyasına müsahibəsində bildirib:

Vladimir Shamanov
Vladimir Shamanov

«Baş Qərargah tərəfindən müəyyən edilmiş vəzifələri və onların tətbiq olunma prinsiplərini nəzərə alaraq, Rusiya əsasını hərbi desant qüvvələrinin təşkil edəcəyi Çevik Hərbi Qüvvələr yaratmağı planlaşdırır. Bu qüvvələr həm müstəqil qruplaşma kimi, həm də ayrıca, xüsusi seçilmiş istiqamətlərdə qruplaşmalar tərkibində hərəkət edəcək».

Yeni (hərbi-desant) qüvvələrinin tərkibinə ilk dəfə olaraq tank batalyonları daxil ediləcək, qruplaşma pilotsuz təyyarələrlə təmin ediləcək. Shamanov onu da deyib ki, onlar əmr olarsa, «dünyanın istənilən nöqtəsinə» müdaxilə edə bilərlər. «Məndən bir dəfə viza haqda soruşmuşdular. Bizə viza lazım deyil, yalnız Ali Baş Komandanın əmri lazımdır» - əlavə edib general...

«Bu, əlbəttə ki, Rusiyanın yeni əzələ nümayişinə hazırlığı, daha dəqiqi, növbəti işğal anonsudur və ilk növbədə də «Yaxın xaric»in sözəbaxmayan ölkələrinə - Ukraynaya, Moldovaya, Gürcüstana, Azərbaycana, hətta Belarusa ünvanlanıb» - yazır qəzet.

«Yeni Müsavat» yada salır ki, Shamanov-un özünün də müsahibədə etiraf etdiyi kimi, onun desantları 2008-ci ildə suveren Gürcüstana qarşı «5 günlük müharibə»də və Krımın işğalında seçiliblər.

Məqalədə daha sonra deyilir: «Yəni artıq «təcrübə» də var. İndi isə ona xüsusi çevik qüvvələrin komandanı kimi qat-qat böyük səlahiyyətlər və imtiyazlar verilir, bu qüvvələr müasir zirehli texnika və hərbi aparatlarla təmin edilir...

...Əlbəttə ki, burada söhbət açıq şəkildə güclə hədədən gedir. Demək, Krım işğal olunmuş ərazilər sırasında sonuncu bölgə olmaya bilər. Onu da əlavə edək ki, bu yaxınlarda prezident Vladimir Putin öz müsahibələrinin birində müstəqil postsovet ölkələrinin Rusiyanın ərazisi olduğunu bildirmişdi. Rusiya XİN-i isə Avropa Birliyinin Riqa sammiti ilə bağlı 6 «tərəfdaş ölkəni» sərt şəkildə hədələmişdi».

Avropa Oyunlarının məşəli Sabirabadda - 7 may 2015
Avropa Oyunlarının məşəli Sabirabadda - 7 may 2015

SOSİAL DÖVLƏT QURUCULUĞU UĞURLA HƏYATA KEÇİRİLİR

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü İlham Məmmədov yap.org.az-a müsahibə verib.

İyunda keçiriləcək ilk Avropa Oyunlarından danışan deputat deyib: «Bu, çox böyük bir nailiyyətdir. Çünki regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə bir əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək...

Beləliklə, ilk Avropa Oyunları Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açır. «Bakı-2015» birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasından hər birimiz qürur duyuruq. Bu hadisə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək.

Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür».

Deputat hesab edir ki, kimsə Azərbaycana «maneələr yaratmağa çalışsa da, məqsədlərinə nail ola bilməyib. Bu dəfə də belə olacaq. Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və hansısa saxta informasiyalar onda yanlış rəy formalaşdıra bilməz. Ona görə də, belə qərəzli kampaniyalar ictimai rəyə təsir etmir. Çünki bütün bunların haradan qaynaqlandığını xalqımız yaxşı bilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG