-
İyunun 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri Ivica Dačić ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, təkbətək və geniş tərkibli görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov deyib ki, görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli strateji əməkdaşlıq məsələləri, xüsusilə siyasi, iqtisadi əlaqələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılıb.
E.Məmmədyarov I.Dačić-in bu səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa irəliləyiş olacağını gözlədiyini bildirib. Qeyd edib ki, bütün tərəflər münaqişənin həllində maraqlıdır.
«Həmsədr ölkələr də çalışırlar ki, bu məsələ artıq yerindən tərpənsin. Yaxın vaxtlarda münaqişənin həlli üçün olmasa da, hansısa yol seçilməsi ilə bağlı görüş keçirilə bilər. Təbii ki, bu, Minsk qrupu formatı çərçivəsində olacaq. Azərbaycan münaqişənin həlli ilə bağlı son sənədlər üzərində tam şəkildə işləməyə hazırdır» -nazir deyib.
E.Məmmədyarov görüşdə serbiyalı həmkarından Yerevana səfər edərkən azərbaycanlı girovların azad edilməsi məsələsinə toxunmağı xahiş etdiyini bildirib.
Cənubi Qafqazın Avropanın sabitliyi üçün əhəmiyyətli region olduğunu deyən I.Dačić ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduğunu bildirib. I.Dačić qeyd edib ki, münaqişənin yeganə həlli yolu sülh yoludur. O, ATƏT-in xüsusi nümayəndəsi və Minsk qrupu vasitəsilə uzunmüddətli həllə nail olunacağına inandığını qeyd edib. Vurğulayıb ki, Minsk qrupu ölkələrinin də xüsusi öhdəliyinə və buna sadiqliyinə ehtiyac var. Onlar atəşkəs haqqında sazişdən irəli gələn tələblərin tam icrasına nail olmalıdırlar.
I.Dačić bildirib ki, Serbiya özü də münaqişədən əziyyət çəkib və Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini çox yaxşı başa düşür, ölkələrin ərazi bütövlüyü məsələsinə də həssaslıqla yanaşır. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, Helsinki Yekun Aktının prinsiplərinə əməl etmək və ikili standartlardan uzaq durmaq lazımdır. O, Ermənistanda keçirəcəyi görüşlərdə bir sıra təşəbbüslər irəli sürəcəyini, azərbaycanlı girovların tez bir zamanda geri qaytarılması məsələsini qaldıracağını diqqətə çatdırıb.