Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:01

Ölü nəzarətçisi


Ambrose Gwinnett Bierce (1842 – 1914)
Ambrose Gwinnett Bierce (1842 – 1914)

Ambrose Bierce

Ölü nəzarətçisi

1

San Fransiskonun Şimal Sahili adı ilə tanınan tərəfində yerləşən uzaq evin yuxarı otaqlarının birində kəfənə bükülü meyid vardı. Axşam saat doqquz radələri idi, otağa işıq salan yeganə şey şamın ölgün alovu idi. Hava yetərincə isti olsa da, pəncərənin hər ikisi kip örtülü, pərdələri bağlı idi, hərçənd, ənənəyə görə mərhuma daha çox hava vermək lazım idi. Otağın avadanlığı cəmi üç əşyadan ibarət idi: kürsü, üzərində şam dayanan püpitr bir də meyidin üzandığı mətbəx masası.

Bir az diqqətli adam olsaydı, o dəqiqə başa düşərdi ki, əşyaların hamısı, o cümlədən elə meyid də bura təzəlikcə gətirilib, çünki bütün otaq toz və hörümçək toru içində olduğu halda, bunların üzərində bir damcı da toz yox idi. Kəfənin altından bədənin cizgiləri aydın bilinirdi, hətta sifətin cizgilərini belə sezmək olurdu: sifətdə bütün ölülərdə müşahidə olunan ifrat sərtlik vardı, amma əslində bu sərtlik bütün ölülərə deyil, ölümdən əvvəl ağır və üzücü xəstəlikdən əzab çəkənlərə xas idi.

Otaqdakı sakitlikdən belə qərara gəlmək olardı ki, pəncərələr küçəyə baxmır. Doğrudan da pəncərələr evin yaslandığı hündür qayaya tərəf açılırdı. Kilsə zəngxanasındakı saatlar tənbəl-tənbəl, vaxta o qədər laqeydliklə doqquzu vurdu ki, adamda belə bir sual yaranırdı ki, zəngxana ümumiyyətlə bu işi niyə öz üzərinə götürüb? Elə həmin an da otağın qapası açıldı və otağa bir adam girdi. Qapı öz özünə bağlananda, yayları adamın əsəbləri ilə oynayan bir səslə cırıldadı, sonra qapının o tayından burulan açarın və bağnana kilidin şaqqıltısı eşidildi. Qapıdan uzaqlaşan addım səsləri isə otağa girən adamın burda bir növ məhbusluq dönəminin başlanmasından xəbər verirdi.

Adam meyidə yaxınlaşaraq, ona baxaraq bir dəqiqə dayandı, sonra çiyinlərini çəkərək, pəncərələrdən birinə yaxınlaşıb, pərdəni çəkdi. Pəncərənin o tayı tamam qaranlıq idi. Pəncərənin tozunu barmaqları ilə siləndən sonra adam fərqinə vardı ki, pəncərə o taydan bir neçə santimetr aralıda bərkidilmiş barmaqlıqlarla mühafizə olunur. İçəri girən ikinci pəncərəni də yoxladı: eyni şey idi. Bu, onu zərrə qədər də təəccübləndirmədi və adam heç pəncərəni açmağa belə çalışmadı.

Əgər bu adam məhbus idisə, görünür, üzüyola məhbus idi. Pəncərələrə baxışı keçirəndən sonra o kürsüdə oturub, cibindən kitab çıxararaq, üzərində şam dayanan püpitri qaldıraraq, oxumağa başladı.

Bu, cavan bir adam idi, yəqin ki, yaşı heç otuzdan o yana olmazdı. Qaralmış dərisi, təmiz qırxılmış üzü, şabalıdı saçları vardı. Üzü arıq, burnu donqar, alnı geniş, çənəsi sərt idi və bütün bu göstəricilərdən çıxış edərsək, qətiyyətli xarakterə sahib idi. Gözləri alaydı, iti baxışları isə heç bir əşyaya məqsədsiz şəkildə baxmırdı. İndi onun gözləri kitaba dikilmişdi, amma aradabir gənc adam başını kitabdan qaldırıb, ölü bədənə baxırdı. Görünür, onu buna hansısa şər və cazibədar qüvvə deyil, çəkingən adamı başını çevirməyə məcbur edən qorxuya qarşı şüuurlu müqavimət deyildi. O meyidə elə baxırdı ki, sanki oxuduğu kitabda onun harada olması ilə bağlı nəsə məlumat vardı.

Aydın məsələ idi ki, ölü qorovulçusu öz missiyasını lazım olduğu kimi, yəni şüuurlu və özünü ələ alaraq, yerinə yetirirdi. Təxminən yarım saatdan sonra o görünür, bir fəsli oxuyub bitirərək, kitabı sakitcə bir qırağa qoydu. Sonra qalxıb, püpitri qaldırdı, onu otağın küncünə, pəncərənin yanına aparıb, şamı götürərək, indiyə qədər yanında oturduğu divar sobasının yanına gəldi. Bir azdan sonra o mərhuma yaxınlaşaraq, üstündəki kəfəni qırağa atdı. Kəfənin altından bir çəngə qara tük və qara yaylıq göründü. Yaylığın altından cizgilər daha aydın bildirirdi. Boş əli ilə gözlərini şamın işığından qoruyaraq, o meyidin üzünə sakitcə, ciddi və hörmət hissi ilə baxırdı.

Seyrindən razı qalaraq, o kəfəni təzədən mərhumun üstünə çəkdi. Sonra geri, yerinə qayıdıb, şamdanın yanından bir neçə kibrit dənəsi götürərək, geniş paltosunun yan cibinə qoydu və kürsüyə əyləşdi. Daha sonra şamı şamdandan çıxararaq, ona tənqidi nəzərlərlə baxdı: sanki onun nəzərdə tutduğu iş üçün bu şam çatmayacaqdı, axı cəmi iki düym şam qalmışdı və o tezliklə qaranlıqda qalacaqdı. O şamı yerinə qoyub, üfürərək söndürdü.

2

Kerni-stritdə həkimin kabinetindəki masanın arxasında üç nəfər kişi oturmuşdu. Onlar punş içir və siqaret çəkirdilər. Gecə yarısı yaxınlaşırdı, xeyli punş içilmişdi. Bu üç nəfərin birinin, ev sahibi Helbersonun yaşı otuzdan çox olmazdı. Qalanları daha gənc idilər. Üç nəfərin hamısı tibb işçisi idi. Doktor Helberson dedi:

- Dirilərin ölülərə yanaşdığı mövhumatçı qorxu irsi və sağalmazdır. Əgər məsələn insan irsən riyaziyyata meylinin olmamasından və yalana meylindən utanmırsa, bu qorxudan da utanmaq lazım deyil.

Qonaqlar gülüşdülər.

Aralarındakı ən gənc adam, hələ tələbə olan soruşdu:

- Məgər adam yalan danışmaqdan utanmamalıdır?

- Əzizim Harper, mən bunu demirəm. Biri var yalana meyllilik, biri də var, yalanın özü.

- Amma siz fikirləşirsiniz ki, - üçüncü adam dedi, - ölü qarşısıdakı bu mənasız qorxu məhz hamıya xasdır? Məsələn, mən bunu hiss eləmirəm.

- Amma o qorxu sizin daxilinizdədir, - Helberson etiraz elədi. - Sadəcə onun üzə çıxması üçün lazım olan şərtlər lazımdır. Uyğun an lazımdır ki, Şekspir demişkən bu qorxu, ən naqolay şəkildə üzə çıxsın. Təbii ki, həkimlər və hərbçilər bu qorxuya hamıdan az tutulub.

- Həkimlər və hərbçilər... Niyə ləavə eləmirsiniz ki, bir də cəlladlar? Bir halda ki, söz düşdü, gəlin qatillərin bütün kateqoriyalarını sadalayaq.

- Yox, əziz Mançer andlılar məhkəmələri imkan vermir ki, cəlladlar bu qorxunun öhdəsindən gələcək qədər ölümə öyrəşsinlər. - Gənc Harper masanın üstündən siqaret götürüb, təzədən yerinə oturdu.

- Sizcə şərtlər necə olmalıdır ki, qadının dünyaya gətirdiyi insan bilsin ki, bizim ümumi zəifliyimizə yoluxub? - deyə o, yetərincə mənalı şəkildə soruşdu.

- Məsələn, deyək ki, insanı bir gecə boyu ölü il ətək otaqda qoyub, qapını arxadan kilidləyiblər. Boş evdə, qaranlıq otaqda, başının üstünə çəkib, bu qorxunc görüntüdən onu zgizlədə biləcək bir ədyalın da olmadığı bir yerdə. Görəsən, o həmin gecəni dəli olmadan keçirə bilərmi? Əgər sabaha normal çıxsa, o adamın haqqı var ki, öyünsün və desin ki, onu qadın doğmayıb, hətta Makduf kimi qeysəriyyə kəsiyinin də məhsulu deyil. «İfritələrin vəd elədiyi kimi, Maktuf qadının doğduğu kimsədən qorxa bilməzdi. Makdufu ananın bətnindən çıxarmışdılar, yəni onu qadın doğmamışdı, buna görə də, Maqbeti öldürə bilərdi». (Tərcüməçinin qeydi.)

- Mənə elə gəldi ki, siz heç vaxt səbəbləri sadalayıb, bitirməyəcəksiniz, - Harper dedi. - Neynək, mən bir adam tanıyıram ki, nə həkimdir, nə hərbçi, amma bu işin öhdəsindən mərc xatirinə gələ bilər.

- Kimdir o?

- Onun adı Ceretdir, bura Kaliforniyaya mənim kimi, Nyu-Yorkdan gəlib. Onu mərc qoymağa pulum yoxdu, amma o özü istənilən məbləği qoyar.

- Hardan bilirsiniz?

- Onu yemək vermə, içmək vermə, mərc ver. Qorxuya gəlincə, mən bildiyim qədərilə, Ceret bunu bir növ dəri xəstəliiyi, hətta küfr hesab edir.

- Onun görünüşü necədir? - Helberson yavaş-yavaş bu adamla maraqlanırdı.

- Bir az Mençerə oxşayır, hətta elə bil, onun ekizidir.

- Mən onun çağırışını qəbul edirəm, - Helberson düşünmədən dedi.

- Belə gözəl müqayisəyə görə sizə ürəkdən minnətdaram, - artıq yuxulamağa başlayan Mençer dedi. - Bəs, mən də mərcə qoşula bilərəmmi?

- Bir şərtlə ki, mənə zidd getməyəsən, - Helberson dedi, - sizin pullarınız mənə lazım deyil.

- Yaxşı, - Mençer dedi, - onda mən meyid olacağam.

Hamı gülüşdü. Bu çılğın söhbətin nəticəsini isə biz artıq görmüşük.

3

Mister Ceret şamı, daha doğrusu şam qırığını söndürdü ki, onu daha vacib ola biləcək anlar üçün saxlasın. O düşündü ki, qaranlıq onsuz da tez ya gec, çökəcək, ona görə də onun bu ehtiyatı olsa yaxşıdı. İstənilən halda, şammı ən azından saata baxmaq üçün yandırmaq lazımdır.

Şamı söndürüb, onu yanına, döşəməyə qoydu və kürsüdəki yerini rahatlayaraq, gözlərini yumub yuxalamağa çalışdı. Amma tez məyus oldu. Ceret hələ həyatından heç vaxt yuxudan belə uzaq olmamışdı. Bir neçə dəqiqədən sonra o yuxulamaq sevdasından birdəfəlik əl çəkdi. Axı o nə ilə məşğul ola bilər? Axı qaranlıqda otağı gəzə bilməzdi, ayağı nəyəsə toxunub, yıxıla və mərhumu narahat edə bilərdi.

Biz hamımız ölülərin sakitlik və hər cür zorakılıqlardan azad olma haqqını tanıyırıq. Ceretə bircə bu qalmışdı ki, özünü inandırsın, onu gecə gəzintilərindən ayırıb, bu kürsüyə otuzduran da elə bu təsəvvürlərdir.

O bunlar barədə düşünəndə, birdən nədənsə ona elə gəldi ki, masa tərəfdən zəif bir səs gəldi, amma bu nəyin səsiidi, başa düşə bilmədi. Ceret başını döndərmədi, qaranlıqda bunu etməyin nə mənası vardı ki? Amma o qulaq asırdı. Niyə də yox? Diqqətlə qulaq verəndə, o bir başgicəllənməsi hiss elədi və kürsünün qoltuqlarından yapışdı. Qulaqlarında qəribə bir cingilti vardı, bahı az qalırdı partlasın, paltarı sinəsini sıxırdı. O başa düşə bilmridi ki, bu nədir? Yəni, doğrudanmı, qorxu?

Qəfildən sinəsi əzablı bir köks ötürüb, endi. O titrəyərək, nəfəs aldı, ciyərləri hava ilə doldu, başgicəllənməsi keçdi və o başa düşdü ki, elə diqqətlə qulaq asırmış ki, özündən asılı olmayaraq, nəfəsini saxlayıb və az qala boğulurmuş. Bu kəşf onu bərk məyus elədi. O yerindən qalxıb, kürsünü ayağı ilə otağın ortasına itələdi. Qaranlıqda uzağa getmək mümkün deyil. O əllərini havada oynatmağa başladı, əl havasına divarı tapıb, otağın ortasına qədər getdi, geri dönüb, pəncərənin qarşısından keçdi və o biri küncdə qəfildən püpitrə dəyib, onu aşırtdı.

Yaranan səs Cereti qorxutdu. Bu hiss onu əsəğiləşdirdi. "Lənətə gələsən! Mən onun harda olduğunu necə yaddan çıxara bilərəm?" deyə donquldanaraq, üçüncü divar boyunca divar sobasına tərəf irəlilədi. Mən hər şeyi qaydasına salmalıyam - deyə düşündü. Əlləri ilə döşəmədəki şamı axtardı. Şamı tapıb, onu yandırdı və o dəqiqə də meyidin uzandığı masaya tərəf baxdı və əmin oldu ki, heç nə dəyişməyib. Püpitr hələ də otağın küncündə yıxılıb qalmışdı. Cerit onu «qaydasına salmağı» unutmuşdu.

O diqqətlə otağa baxdı, şam tutan əllərinin hərəkəti ilə qatı kölgələri dağıtdı və nəhayət qapıya yaxınlaşıb, var gücü ilə dəstəyini o tərəf-bu tərəf çevirib, açmağa çalışdı. Qapı açılmadı və görünür, bu onu bir qədər sakitləşdirdi. O qapını bayaq fərqinə varmıdığı cəftələrdən biri ilə də bağladı. Təzədən kürsüyə oturub, saata baxdı. Onun yarısı idi. Heyrətlə saatı qulağına yaxınlaşdırdı. Saat işləyirdi. Şam əməlli-başlı qısalmışdı.

O şamı təzədən söndürüb, yerinə oturdu. Mister Ceret özündə deyildi, bu otağın ovqatı onun heç xoşuna gəlmirdi və buna görə də özünə acığı tuturdu. Düşünürdü ki, axı mən nədən qorxuram? Bu axmaqlıqdı və rüsvayçılıqdır. Mən axı elə axmaq adam deyiləm.

Amma məsələ burasındadı ki, mən qorxmuram deməklə, adamın cəsarəti artmır. Ceret bu qorxuya görə özünə nəqədər acıqlanırdısa, əsəbiləşmək üçün bir o qədər də özünə səbəb verirdi. Meyidin təhlükəsizliyi barədə nə qədər çox variantlar düşünsə də, bir o qədər qorxmağa başlayırdı.

- Bu, necə ola bilər axı?! - deyə, o qaranlıqda bərkdən dedi. - Məndə bir damcı da mövhumatçılıq yoxdur, mən ölümsüzlüyə inanmıram, indi də həmişəkindən daha yaxşı bilirəm ki, ölümdən sonrakı həyat heç vaxt həyata keçməyəcək bir arzudur. Yəni doğurdanmı mən mərci uduzacam, şərəfimi, özümə hörməti, ağlımı ancaq buna görə itirəcəm ki, mağaralarda yaşayan əcdadlarımız ölülərin gecələr oyandıqlarına inanıblar. Birdən Ceret arxa tərəfdən ona tələsmədən yaxınlaşan yumşaq və aram addım səslərini eşitdi.

4

Dan yeri söküləndə doktor Helberson gənc dostu Harperlə faytonla Şimal Sahilinin küçələri boyu irəliləyirdi.

- Hə, gənc, siz hələ də düşünürsünüz ki, dostunuz belə cəsarətlidir? Hələ də düşünürsünüz ki, mən uduzmuşam?

- Əminəm ki, siz uduzmusunuz,- gənc əminliklə dedi.

- And içirəm ki, buna ancaq sevinərəm.

Doktor bu sözləri bir növ təntənə ilə dedi. İkisi də bir neçə dəqiqəlik susdu.

- Harper,- tutqun küçə fənərlərinin işığında sifəti daha da ciddi görünən doktor dedi, - bu məsələdə məni narahat edən çox şey var. Sizin dostunuz onun dözümü barədəki şübhələrimə elə nifrətlə yanaşır ki (hərçənd, bu, sırf fiziki xüsusiyyətdir və burada inciməklik bir şey yoxdur), məndən meydiin həkim meyidi olmasını tələb elədi. Bu mənim bərk xətrimə dəydi, yoxsa belə dərinə getməzdim. Əgər nəsə baş versə, biz məhv olmuşuq, özü də, düşünürəm ki, buna layiq olacağıq.

- Axı nə baş verə bilər? Hətta məsələ başqa şəkil alsa belə, düşünürəm ki, qorxmaqlıq bir şey yoxdu. - Mençer dirilib, Ceretə hər şeyi izah eləsə, bəsdi. Prozektor otağındakı əsl meyidlə məsələ daha çətin olardı. Beləliklə, doktor Mençer öz vədini yerinə yetirdi, özünü ölülüyə vurdu.

Doktor Helberson uzun müddət susdu, fayton isə küçə boyu tısbağa sürəti ilə hərəkət edirdi. Sonra dedi:

- Amma ümide dək ki, Mençer dirilməli olubsa, özünü ehtiyatla aparıb. Belə hallarda istənilən səhv hər şeyi düzəltmək əvəzinə korlaya bilər.

- Hə,- Harper dedi,- Ceret onu öldürə bilər. Amma baxın, doktor, - o əlavə elədi və fənər işığında saatına baxdı. Axır ki, tezliklə saat dörd olacaq. Onlar saatlardı ki, eyni küçələri dolaşırdılar.

Bir dəqiqə sonra ikisi də faytondan düşərək, doktorun uzaq evinə tərəf addımladılar. Çılğın mərcin şərtlərinə görə Ceret meyidlə bu evdə tək qalmışdı. Uzaqdan onlara tərəf qaçan bir adam göründü. Adam onlara çatan kimi, həyacanla qışqırdı:

- Burda hardan həkim tapmaq olar?

Helberson söhbətdən yayınaraq, soruşdu:

- Nə baş verib ki?

Adam dedi:

- Gedin özünüz baxın, - və qaçmağına davam elədi.

Onlar addımlarını yeyinlətdilər. Evə çatanda, onlar təlaşla evə girən xeyli adam gördülər. Yaxınlardakı evlərin hamısının pəncərələri açıq idi və hamısından başlar boylanırdı. Hamı bir-birinə suallar verərdi, amma sualların hamısı cavabsız qalırdı. Pərdələri çəkili evlərin hamısının işığı yanırdı, görünür, bu evlərdəki adamlar tələsik halda geyinirdilər ki, aşağı düşsünlər.

Helbersonun və Harperin qarşısından keçdiyi evin həyətindəki fənərin sarı işığı deyəsən, bacarsaydı, çox şey danışa bilərdi. Rəngi ölü rəngi kimi ağarmış Harper qapının yanında ayaq saxladı və əli ilə doktora toxundu.

- Deyəsən, axıımız çatıb, doktor,- onun həyacanlı səsi sualının zarafatyanalığına tamamilə zidd idi. - Oyun bizim əleyhimizə çevrildi. Bəlkə içəri girməyək, mən kölgədə qalmağın tərəfindəyəm.

- Mən həkiməm, - Helberson sakitcə dedi,- mənim köiəyimə ehtiyac ola bilər.

Pillələri qalxanda, ayaq saxladılar. Qapı açıq idi. Küçə fənəri evin adamla dolu vestibülünü işıqlandırırdı. Bəziləri artıq pilləkənin yuxarı meydançasına çxmışdılar və qabağa keçə bilmirdilər. Hamı birdən danışırdı, heç kim bir-birinə qulaq asmırdı. Qəfildən yuxarıda çaxnaşma başladı, bir adam qapıdan qçıxdı, onu tutmaq istəyənlərin əlindən qurtulmağa çalışdı. O qorxudan ağzı açıq qalmış adamları itələyə-itələyə, onları divara çırpa-çırpa, bəzilərinin boğazından yapışıb, bəzilərinə zərbələr endirərək, yıxılanların üstündən addımlayıb, pilləkənlərlə sürətlə aşağı düşürdü. O şlyapasız, cırıq paltarda idi. Onun ora-bura qaçan, çılğın gözlərində özünün insani gücündən daha dəhşətli bir şey vardı. Təmiz qırxılmış üzü qansız, saçları isə ağappaq idi.

Pilləkənin yanındakı adamlar tez aralandılar ki, adama yol versinlər, elə o dəqiqə Harper həmin adamın dalınca götürüldü.

- Ceret! Ceret! - deyə qışqırdı.

Doktor Helberson onun qolundan yapışıb, geri dartdı. Adam Harperlə Helbersonun üzünə nifrətlə baxdı və qapıdan çıxaraq götürüldü. Onun kimi asanlıqla qaça bilməyən kök polis nəfəri bir dəqiqə sonra onun arxasınca küçəyə atıldı. Başlarını pəncərədən çıxarıb maraqla baxan qadınlar və uşaqlar qaçanın arxasınca baxıb, cikkə çəkirdilər.

Piləkən demək olar ki, boşalmışdı, çünki hamı həyətə atılmışdı ki, qaçana və onu qovana baxsınlar. Doktor Helberson Harperlə birlikdə yuxarı qalxdılar. Yuxarıda polislər onların qarşısını kəsdilər. Helberson dedi:

- Biz həkimik, - və onları içəri buraxdılar.

Otaq masanın başına yığışmış adamlarla dolu idi. Təzə gələnlər qabağa keçib, duranların çiyinləri üstündən qabağa baxdılar. Masanın üstündəki meyidin sinəsi açıqdı, meyidin ayaqlarının yanında dayanan polis nəfərinin əlində tutduğu fənər isə onun üzünü bərk işıqlandırırdı. Ölünün baş tərəfində vurnuxanları çıxmaq şərtiylə, hamı, elə polisin özü də donub qalmışdı. Ölünün saralmış sifəti dəhşət saçırdı!

Yarıaçıq gözlər hədəqədən çıxmış, çənəsi aşağı sallanmış, dodaqlarında və yanaqlarında köpük qurumuşdu. Hündür bir adam, deyəsən, həkim idi, əlini ölünün sinəsinə qoyub, dayanmışdı, sonra barmağını ölünün ağzına soxub, dedi:

- Bu adam altı saatdır ki, ölüb. Onu müstəntiqə təhvil vermək lazımdı.

Sonra kartını çıxarıb, polisə göstərərək, qapıya tərəf getdi. Polis nəfəri qəfil hərəkətlə fənəri yuxarı qaldırdı:

- Hamı otaqdan çıxsın! -

Masanın üstündəki meyid qəfildən elə yoxa çıxdı ki, elə bil kisə onu masanın üstündən yerə atdı. Polis nəfəri fənəri adamların üstünə tutdu, hər birinin ayrılıqda sifətinə baxdı. Dəhşətli effekt idi!

Gözləri işıqdan kor olan, çaşqın, qorxmuş adamlar bir-birini itələyə-itələyə qaçmağa çalışdılar. Polis nəfəri fənəri amansızlıqla bu çaxnaşan, bir-birini ayaqlayan kütlənin üzərinə tutmuşdu. Ümumi axının ağzına alıb apardığı Helberson və Harper bir anın içində küçəyə çıxdılar.

- İlahi, doktor, axı mən sizə demişdim ki, Ceret onu öldürəcək, - kütlədən aralanan kimi dedi.

- Deyəsən, demişdiniz, - doktor xüsusi həyacan nümayiş etdirmədən dedi.

Onlar dinməzcə bir-bir məhəllələri ötüb keçirdilər. Şərq tərəfdəki təpələrin başındakı evlərin siluetləri görünürdü. Küçə boyu hər günki südsatan araba irəliləyirdi. Tezliklə çörək paylayan, qəzetsatanlar da görünəcəkdiö

- Mənə elə gəlir ki, cavan oğlan, -Helberson dedi, - biz sizinlə səhərin təmiz havasından kifayət qədər udduq. Sağlamlıq üçün həddən artıq zərərdir bu, məncə havanı dəyişmək lazımdır. Avropaya getmək barədə nə düşünürsünüz?

- Nə vaxt?

- Hm, bunun fərqi yoxdur. Düşünürəm ki, bu gün saat dörddə çıxsaq, elə də gec olmaz.

- Gəmidə görüşərik, - Harper dedi.

Yeddi il sonra bu iki adam Nyu-Yorkda, Medison-skverdəki bir skamyada oturub, söhbət edirdilər. Onları bir müddət müşahidə edən naməlum bir adam yaxınlaşıb, qar kimi ağappaq saçlarını bir anın içində gözə soxaraq, şlyapasını çıxarıb, dedi:

- Məni bağışlayın, cənablar, amma dirilməyi ilə adam öldürən kəs üçün ən yaxşısı budur ki, öldürdüyü adamın paltarını geyinib, ilk fürsətdə qaçıb aradan çıxsın.

Helberson və Harper çoxmənalı şəkildə bir-birinə baxdılar. Bu sözlər onlara maraqlı gəldiö Helberson mehribanlıqla yad adama baxaraq, dedi:

- Mən də həmişə belə fikirləşmişəm. Məncə bunun üstünlüy...

Qəfildən o kiridi və rəngi ölü kimi ağappaq ağardı. O ağzını açıb, adama baxırdı. Bədənini titrəmə tutmuşdu.

- Aha! - yad adam dedi. - Görürəm ki, siz xəstəsiniz, doktor. Əgər özünüzü müalicə edə bilmirsinizsə, əminəm ki, doktor Harper sizi sağaldar.

Harper kobudcasına soruşdu:

- Siz kimsiz, lənət şeytana?

Naməlum adam bir az da yaxına gəlib, təzim edərək dedi:

- Hərdən mənə Ceret də deyirlər, amma köhnə dostluğun xətrinə deyim ki, mən doktor Uilyam Mençerəm.

Harper yerindən sıçradı.

- Mençer!

Helberson əlavə elədi:

- And içirəm ki, özüdür!

- Bəli, - naməlum adam dayanmadan gülümsəyərək, dedi, - şübhəsiz ki, belədir.

O susub, nəsə xatırlamağa çalışaraq, dəbdə olan bir mahnını zümzümə etməyə başladı. Deyəsən, doktorların yanında olduğunu tamam unutmuşdu.

- Qulaq asın, Mençer, - Helberson dedi, - həmin gecə Ceretə nə oldu, yadınızdadı?

- Hə, Ceretlə, - o dedi. - Maraqlıdır ki, bunu sizə danışmamışam, adətən hamıya danışıram. Bilirsiniz, onun özü ilə danışdığı görəndə, başa düşdüm ki, bərk qorxub. Dirilib onunla bir az məzələnməkdən özümü saxlaya bilmədim. Dirildim, amma bilməzdim ki, bunu belə ciddi qəbul edəcək. Sonra da onunla yerimi dəyişmək elə də asan olmadı, bir də ki, siz məni ordan buraxmırdınız, lənət şeytana!

Sonuncu sözləri o bərk qəzəbli halda dedi. Dostlar qorxmuş halda səslərini içinə çəkdilər.

- Biz? Axı... Axı... - Helberson özünü tamamilə itirərək, kəkələdi. - Bizim bura nə dəxlimiz var?

- Bəyəm siz doktor Helborn i Şarper deyilsiniz? - adam gülərək soruşdu.

(Soyadlarının dəyişməsində söz oyunu var. Helborn cəhənnəm uşağı, Şarper isə oyunçu, fırıldaqçı deməkdir (Tərcüməçinin qeydi)

- Doğrudan da mənim soyadım Helbersondur. Bu centlmenin adı isə Harperdir, - Mençerin gülüşündən bir qədər sakitləşən doktor dedi. - Amma biz daha həkim deyilik, biz, biz....biz qumarbazıq, dostum.

Bu doğru idi.

- Gözəl peşədir, gözəl. Yeri gəlmişkən, ümid edirəm ki, Şarper namuslu oyunçu olaraq, Ceretin uduzduğu pulu ödədi.

Oçenğ xoroşaə, poçtennaə professiə, - o fikirli halda bunu deyib, onlardan aralandı, - amma mən köhnəni davam edirəm. Mən bluminqdeyl dəlixanasının baş həkimiyəm. Nəzarətçiyə nəzarət eləməyi mənə tapşırıblar.

Tərcümə Günel Mövlud

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG