Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:11

"Evimizə bitişmiş obyektlər nəfəs almağa imkan vermir"


Bərdə rayonu
Bərdə rayonu

-

"Mənim dörd azyaşlı övladım nəmişlikdən xəstəlik tapıb. Böyük oğkumun böyrəkləri tamamilə sıradan çıxıb. Bizi bu şəraitə salanlarla çarpışmaqdan əsəblərim pozulub".

"Qaynar xətt"ə şikayət edən Bərdə sakini İmran İsrafilovdur. Deyir, evi dörd bir tərəfdən köhnə sexlər və yeməkxanalarla əhatələnib. Bu obyektlər mənzilə o qədər yaxındır ki, pəncərələri açmaq mümkün olmur. Yağış yağanda isə nisbətən hündürlükdə olan obyektlərin üstünə yığılan sular evə axır:

"SEVİNDİK Kİ, TƏMİZ HAVA UDACAĞIQ"

"Böyrümüzdə məktəb tikiləndə, sovet dövründən qalmış sexlər söküldü. Sökəndə də dedilər ki, istismara yararlılıq vaxtı keçmiş sexlərdir. Biz də sevindik ki, evimiz azadlığa çıxdı, təmiz hava udacağıq. Ancaq sonradan soyuducu sexinin rəisi evimin yaxınlığındakı dörd divardan ibarət köhnə tikilinin üstünü örtüb oranı soyuducu sexi etdi. İndi bir tərəfdən, yeməkxana, o biri tərəfdən, həmin sex günümüzü qara edib".

Şikayətçi deyir ki, hara üz tutubsa, cavab alıb ki, məhkəməyə müraciət et. O da son ümidlərlə məhkəməyə yollanıb. Ancaq rayon məhkəməsi bu son ümidlərə işıq salmayıb:

"Hakim özü də gəlib yaşayış şəraitimi gördü. Dedi, ay oğlum, burda insan yaşamaz ki, sən yaşayırsan. Hakimin sözündən ürəkləndim, düşündüm, yəqin, vəziyyəti nəzərə alıb ədalətli qərar çıxaracaq. Ekspert də gəldi, baxdı, ölçdü-biçdi, o da təsdiqlədi ki, həqiqətən də evim ətrafdakı obyektlərdən zərər çəkir".

Soyuducu sexinin rəisi Nəriman İskəndərov deyir ki, azı 30 ildir həmin sexi işlədir. Sexlə şikayətçinin yaşadığı ev arasında 80 santimetrlik daş hasar, 1 metrdən artıq məsafə var. Sex əvvəllər Məişət Xidməti İdarəsinin balansında olub. Bir neçə il əvvəl evində yanğın baş verərkən sexin sənədləri də yanıb, buna görə obyekti özəlləşdirə bilməyib.

"GETSİN, EVİNİN DAM ÖRTÜYÜNÜ TƏZƏLƏSİN"

Evin divarına yapışıq olduğu iddia edilən yeməkxananın sahibi Aftandil Məmmədov isə bildirir ki, obyekt 50 ilə yaxındır fəaliyyət göstərir:

"Onun evi ilə yeməkxana arasında 30 santimetr məsafə var. Evindəki nəmişliyə səbəb evin dam örtüyünün yararsız olmasıdır. Getsin, evinin dam örtüyünü təmir etdirsin".

Elə Bərdə rayon Məhkəməsi də bu cür hesab edib. Qətnamə çıxarıb ki, ətrafdakı obyektlərin İmran İsrafilovun evinin viranəyə çevrilməsində heç bir günahı yoxdur. Məhkəmə onun şikayətini təmin etməyib. Beləliklə, sex də yerində qalacaq, yeməkxana da.

Ancaq İmran İsrafilovun məhkəməyə ümidləri böyük imiş. Deyir, ən azı ona görə ki, qətnamı çıxarmamışdan əvvəl hakim gəlib ailənin yaşadığı şəraiti görüb və ailənin halına acıyıb. İndi ailə başçısı ümidini bir başqa hakimə bağlamaq məcburiyyətindədir. O, rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG