-
“Lent.az” yazır: “Avropa Oyunları vaxtı stadionlara nələri aparmaq qadağandır?”
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bilet satışı üzrə layihə meneceri Zaur Məmmədov bildirib ki, I Avropa Oyunları üçün 600 min bilet satışa çıxarılıb.
Onun sözlərinə görə, martda açılış mərasimi üçün satışa çıxarılan 20 və 200 manatlıq biletlər satılıb. Hazırda isə 50 və 100 manatlıq biletlərdən məhdud sayda qalıb.
Zaur Məmmədov deyib ki, əcnəbi vətəndaşlar da Azərbaycanda keçiriləcək bu mötəbər yarışları yaxından izləmək üçün bilet əldə ediblər:
"Əsasən Böyük Britaniya, Rusiya, Almaniya, İtaliya, Fransa ardıcıl olaraq maraq göstərirlər".
“Lent.az” daha sonra yazır: “Bilet alıb açılış mərasimində iştirak etmək, eləcə də oyunlara baxmaq istəyənlər! Əməliyyat Komitəsi bir çox qaydalara riayət etməyiniz xahiş edir:
"Əsas məsələ isə qadağan olunmuş əşyalardır. Hər bir biletin arxa hissəsində qadağan olunmuş əşyalar haqqında məlumatlar var. Test zamanı insanlar çantalarında müxtəlif dəmir əşyalar, 100 milliqramdan artıq parfümerya, digər mayelər gətirmişdilər. Onlar idman qurğularına buraxılmayacaq. Hava limanında yoxlama necə aparılırsa, eyni yoxlama stadionlarda da həyata keçiriləcək".
BEYNƏLXALQ BANKLA BAĞLI YENİ İDDİA...
“Azadlıq” qəzeti “Cahangir Hacıyevin şirkətilə bağlı şok məlumat” üzə çıxardığını bildirir.
“Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirirən “Inter Security” şirkətinin işçilərinin adına külli miqdarda kredit götürülüb. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, adlarına kredit götürən işçilərdən bəziləri DIN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə Idarəsinə (MCQMI) çağırılıb. Dindirmə zamanı bəlli olub ki, onların adına krediti şirkətin rəhbərliyi götürüb.
Eyni zamanda bəlli olub ki, kredit müqabilində heç bir girov qoyulmayıb. Mənbə iddia edir ki, kreditin bir hissəsi qaytarılsa da, hazırda 24 işçisinin adına 7 milyona manata yaxın kredit var.
“Işçiləri Beynəlxalq Banka şirkətin rəhbəri Ibrahim Hüseynov aparıb. Bu şəxs Cahangir Hacıyev ən inandığı adamlardan biridir”, - deyə mənbə əlavə edib.
DEPUTAT ÖLÜM HÖKMÜNÜN BƏRPASINI TƏKLİF EDİR...
“Virtualaz.org”da oxuyuruq: “ Deputat qəzəbləndi: “Canınız çıxsın içməyin, çəkməyin...”
Deputat Fazil Mustafa Bakıda baş verən cinayətə - Pirallahıda 5 yaşlı Aişə Qələndərovanın zorlanandan sonra öldürülməsinə sərt reaksiya verib. O bu cinayət hadisəsinin fonunda ölüm hökmünü bərpa etmək ideyasını bir daha gündəmə gətirib:
“İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər.
Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun. Bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki? 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik. Həqiqətən utancvericidir".
ÖTƏN İL SAHİBKARLARA 295 MİLYON GÜZƏŞTLİ KREDİT VERİLİB...
“Azərbaycan” yazır: “Məhsul istehsalını artırmaq üçün potensial genişdir”.
Məqalədə deyilir ki, son 10 ildə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün dövlət tərəfindən mühüm işlər görülür. Aqrar sektorda sahibkarlığı stimullaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunmasının vaxtı uzadılır, fermerlərə güzəştli şərtlərlə gübrə, toxum, damazlıq heyvanlar verilir, onların istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə maliyyə yardımı göstərilir:
“Bunlardan əlavə, məhsul istehsalçılarına güzəştli kreditlər verilir. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölgələrdə çalışan 12 min 500-dən çox sahibkara 295 milyon manat güzəştli kredit verilib”- deyə, yazıda bildirilr.