Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:55

Erdoğan və Türkiyə üçün böyük an


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

-

«The Economist» jurnalı qarşıdakı parlament seçkiləri ilə əlaqədar Türkiyənin yol ayrıcında olduğunu vurğulayan məqalə yazıb.

«Erdoğan və Türkiyə üçün böyük an» başlıqlı məqalədə AKP hökumətinin xarici siyasəti, iqtisadiyyat və kürdlərlə bağlı siyasət ayrı-ayrılıqda təhlil olunur.

«Türkiyədə demokratiyanın təhlükə altında olduğu bildirilir. Ancaq seçki ərəfəsində küçələr belə görünmür. Kəndlərdə yüzlərlə, şəhərlərdə on minlərlə adam siyasətçilərin çıxışlarını eşitmək üçün küçələrə axışır. Bundan əvvəl də seçki qutularında saxtakarlıq edilməsi iddiaları ortaya atılsa da, seçkilər böyük ölçüdə ədalətli keçirilib».

Məqalədə deyilir ki, 2001-ci ildən bu yana seçkilərdən qalib çıxan AKP-nin iyunun 7-də keçiriləcək seçkilərdə də qalib olmaq ehtimalı çoxdur. Məqalədə son 10 ildə güclənmiş iqtisadiyyatın durğunluq keçirdiyi, işsizliyin artdığı da vurğulanır.

Erdoğan-ın Konstitusiyanı dəyişdirib güclü prezidentlik sistemi qurmaq istədiyini bildirən jurnal yazır ki, «bu seçki Erdoğan-ın bunu edib-etməyəcəyini ortaya çıxaracağı üçün Türkiyənin gələcəyi baxımından çox şey ifadə edir».

İQTİSADİ İNKİŞAF YAVAŞLAYIB

«The Economist» AKP-nin populyarlığında iqtisadiyyatın böyük əhəmiyyəti olduğuna diqqət çəkir:

«AKP ölkəni iflasın bir addımlığına sürükləmiş koalisiya hökumətlərindən sonra, Beynəlxalq Valyuta Fondunun 2001-ci ildə xilas planı dövründə hakimiyyətə gəldi. 2001-ci ildən bu yana inflyasiya azalıb, xarici sərmayələr artıb. Türkiyənin 10 il ərzində dünyanın ilk 10 iqtisadiyyatından biri olma hədəfi var. Ancaq iqtisadiyyatın artım sürəti aşağı düşür. Türk lirəsinin dollara nisbətdə kəskin ucuzlaşması bu zəifləməyə bir misaldır».

Məqalədə Türkiyə iqtisadiyyatının əmlak və tikinti sektorundan asılılığı da qeyd olunur.

R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 2014
R.T.Erdoğan İstanbulda tərəfdarları qarşısında çıxış edir - 2014

Bildirilir ki, prezident Erdoğan-ın Mərkəzi Banka qarşı olan çıxışı xarici sərmayədarların ölkəyə inamını azaldır. İşsizliyin artması, yüksək texnoloji məhsulların istehsal olunmaması da Türkiyə iqtisadiyyatının zəifləməsi ilə bağlı sadalanan qeydlər sırasındadır.

XARİCİ SİYASƏT

Məqalədə Türkiyənin xarici siyasəti də təhlil olunur. İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin rəhbəri Sina Ülgen bildirir ki, «Erdoğan yerli seçkilər üçün xarici siyasəti məhv edib».

Məqalədə deyilir ki, üç il əvvəl Erdoğan-ın xarici siyasətini Qərb və Yaxın Şərq alqışlamışdı. Ancaq indi bu siyasətin bəzi qolları uğursuzluğa düçar olub:

«Türkiyənin Suriyadakı kürdləri müdafiə etməkdə istəksiz görünməsi Qərbdə qınandı. Misirdə Morsi-nin üsyanla devrildiyi, Suriyada hakimiyyətin hələ də Assad-ın əlində olduğu bir vaxtda Türkiyə ərəb dünyasına nümunə olmaqdan uzaqlaşır. Hazırda Türkiyə Misir, İsrail, Liviya və Suriyada, bundan başqa erməni soyqırımı ilə bağlı müzakirələrə görə Avstriya və Vatikanda səfiri olmayan qəribə bir mövqeyə gəlib çıxıb».

Yazıda belə bir vəziyyətin Erdoğan-ın ölkə daxilində dəstəyi itirməsinə də səbəb olduğu bildirilir.

KÜRD SİYASƏTİ

Məqalənin son hissəsi kürdlərlə bağlıdır.Erdoğan-ın ölkədə 15 milyon kürdlə barışığa can atmasının təqdirəlayiq olduğu bildirilir: «Erdoğan PKK-nın həbsdəki lideri Abdullah Öcalan-la danışıb kürdlərlə razılaşmanı təmin etmək üçün əvvəlki liderlərdən daha artığını etdi».

Diyarbəkirdə HDP-nin mitinqi - 2014
Diyarbəkirdə HDP-nin mitinqi - 2014

Məqalədə Xalqların Demokratik Partiyasının (HDP) parlamentə girməsi məsələsinə də toxunulur. «The Economist»ə görə, HDP 10 faizlik səddi aşıb parlamentdə təmsil olunarsa, bu, münasibətlərə çox müsbət təsir göstərə bilər. Ancaq HDP-nin parlamentdə nümayəndəsi olmasa, sülh danışıqlarının müddəti sona çata bilər».

Məqalədə deyilir ki, «HDP seçki baryerini aşmasa, səslər digər partiyalara verilsə, Erdoğan Konstitusiyanı dəyişdirə biləcək millət vəkili sayı əldə edərək güclü prezidentlik sisteminə qovuşa bilər».

1982-ci ildə hərbçilərin yazdığı Konstitusiyanın dəyişdirilməsinin elə də pis fikir olmayacağını bildirən «The Economist» bunları yazır:

«Erdoğan-ın güclü prezidentlik planları narahatedicidir. Onun gücünə nəzarət edə biləcək mexanizmlər aradan qaldırılıb. Onu tənqid edənləri əzir. Tənqid edən qəzetlərə vergi cəzaları gəlir, yazarlar işdən qovulur. Keçən il Türkiyə dünyada jurnalistlərin ən çox həbsdə olduğu ölkə olmuşdu, 40-dək jurnalist həbsdə idi.

Məqalədə həmçinin hökumətin sosial mediaya qadağaları, iki il əvvəl «Gezi parkı» etirazlarına sərt müdaxiləsi, Gülen camaatı ilə qarşıdurması, korrupsiya iddiaları, hüquq və polisə nəzarəti artırmağa yönəlmiş yeni qanunlara da toxunulur. Bununla da Türkiyənin iki yol arasında olduğu göstərilir.

«Bir tərəfdə Türkiyədə fərqli düşünənləri daha çox əzib Qərbdəki müttəfiqlərinə daha çox meydan oxuya biləcək güclü bir avtokrat prezident, digər tərəfdə isə ölkədəki müxalifəti də yanına çəkib iqtisadiyyatda islahatlar aparacaq bir hökumət var. İkinci yol HDP-nin parlamentə daxil olmasından keçir».

XS
SM
MD
LG