-
Sara Selcan
MƏHƏMMƏD ƏMİN ÜÇÜN
Adının üstünü örtüb kölgə
Elə uzun deyil əlimiz,
Elə cəsarətli ki
bu toru silə...
Sənin bizə qoyduğun miras,
Üçrəngli bayraq yırğalanır,
Dalğalanmır...
Saxta təbəssümlə gülümsərik gəlib-gedənə,
Bu sənin dediyin azadlıq deyil,
Belə olmur sən deyən vətən...
Bir şəklin də yox
Bu şəhərdə
Bir-birimizə təssəlli verək.
(Səni pula həkk etdik,
Onu da çox ucuz etdilər amma..)
Sən
azadlıq eşqindən “şəkər”ə tutuldun,
Hər şeyini vətən üçün unutdun:
Ananı, oğul-qızını.
Bizi “acılar” öldürəcək..
Bu günkü körpələr
Səni yaxşı tanımır ,
Atatürksayaq...
Ən yaxşı müəllim tarixdir,
(Bu gün
ustad deyil,
Haramyeyən, boşboğaz tarix.)
Onun kitabı
Həmişə oxunacaq.
Biz səni ucaltmadıq,
Səni Zaman ucaldacaq.