Ermənistanda da "Talana son" aksiyası olacaq
Ermənistanda bir qrup ictimai fəal "Talana son" aksiyası keçirmək təşəbbüsü ilə çıxış edib.
Onlar işıq pulunun qaldırılması planlarına etiraz olaraq iki saatlıq tətil təşəbbüsü elan ediblər. Bundan başqa tərəfdarlarını mayın 25-də işığı 2 saatlığına söndürməyə səsləyiblər.
Bildirdiklərinə görə, təşəbbüsü xeyli vətəndaş və bir neçə aparıcı media orqanı dəstəkləyir.
Rusiyanın «Интер РАО ЕЭС» şirkətinə aid olan «Электрические сети Армении» qurumu Ermənistan hökumətinə müraciət edərək ziyanla işlədiyi üçün enerji tariflərini təxminən 40 faiz qaldırmağı təklif edib:
Gündüz tarifini 1 kVt. s üçün 41,85 dramdan 58,93 drama, gecə tarifini isə 31,85 dramdan 48,93 drama.
Gələn ay dövlət komissiyası təklifə baxmalıdır.
AzadlıqLive 25 may tarixində öz işinə başalayır.
Günün maraqlı hadisə, xəbər və videolarını burdan izləyə bilərsiz.
AXCP-çı gəncə 7 il həbs cəzası istədilər
Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Elvin Abdullayevə qarşı keçirilən prosesdə prokuror ona 7 il həbs cəzası istəyib.
AzadlıqRadiosunun müxbiri bildirir ki, müttəhimin vəkili hal şahidlərinin məhkəməyə çağırılması və digər vəsatətlər versə də, məhkəmə bunları təmin etməyib.
Proses mayın 27-də müdafiə tərəfin çıxışı ilə davam edəcək.
Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.
Elvin Abdullayevin partiyadaşları, yaxınları onun həbsini siyasi fəaliyyəti ilə izah edirlər.