Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:29

«Quş qripi» ilə bağlı komissiyaların fəaliyyəti bərpa olundu


ilkin analizlər ev quşlarının «quş qripi»ndən ölmədiyini göstərir
ilkin analizlər ev quşlarının «quş qripi»ndən ölmədiyini göstərir
Bu ilin əvvəlində prezidentin sərəncamıyla «quş qripi» ilə mübarizə məqsədilə rayonlarda yaradılmış Dövlət komissiyalarının fəaliyyəti bərpa olunub. Buna səbəb bir neçə gün öncə Cəlilabad rayonunun Təzəkənd kəndində ev quşlarının tələfatıdır. Bu məqsədlə rayonun Baytarlıq İdarəsi də gücləndirilmiş iş rejiminə keçib. Dövlət Baytarlıq Xidmətinin (DBX) məlumatına görə, ölmüş ev quşlarından götürülmüş nümunələr artıq Respublika Baytarlıq Laboratoriyasında müayinə olunur, nəticələr noyabrın 9-da açıqlanacaq.

DBX-nin mətbuat üzrə sözçüsü Yolçu Xanvəlinin sözlərinə görə, ilkin analizlər ev quşlarının «quş qripi»ndən tələf olmadığını göstərir: «İlkin patoloji müayinə göstərir ki, ev quşları kok mənşəli infeksiya və kolibakterioz xəstəliyi nəticəsində tələf olublar. Bu cür xəstəliklərin «quş qripi» və «nyukasl» xəstəliyi ilə əlaqəsi yoxdur. Amma götürülmüş nümunələr Respublika Baytarlıq Laboratoriyasında daha dəqiq və etibarlı şəkildə müayinə olunur».


Ümumdünya Səhiyyə Təşkilatı da noyabrın 9-da açıqlanacaq analizin cavabını gözləyir. Təşkilatın Azərbaycan nümayəndəliyindən bildirirlər ki, müayinə zamanı «quş qripi» virusu aşkarlanarsa, ötən ilin yazında olduğu kimi, bölgəyə ekspert qrupu gələcək.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirirlər ki, ilin əvvəlində quş ətindən dönər hazırlanmasına qoyulan qadağa ilə bağlı araşdırmalara başlanıb. Mərkəzin Sanitariya və Gigiyena Şöbəsinin müdiri Ziyəddin Kazımovun sözlərinə görə, araşdırma zamanı dönər satan altı obyektin fəaliyyəti dayandırılıb, üç nəfər cərimələnib.


Ötən ilin noyabr-dekabr aylarında da Azərbaycanın cənub bölgəsində ev quşları tələf olurdu. O zaman rəsmilər onların «quş qripi»ndən yox, başqa xəstəliklərdən tələf olduğunu bildirsələr də, az sonra laborator müayinələr çöl və ev quşlarında H5N1 virusu olduğunu təsdiqlədi. Xəstəliyə yoluxmuş beş nəfər dünyasını dəyişdi.


Dövlət Baytarlıq Xidməti dəfələrlə bəyan edib ki, son monitorinqlər Azərbaycanda istər ev, istərsə də köçəri quşlarda H5N1 virusu olmadığını göstərib. Bununla belə, xidmət sərhəd keçid məntəqələrində ciddi rejimdə çalışır. Çöl quşlarının ovlanmasına, diri quşun satılmasına, «quş qripi» olan ölkələrdən quş və quş məhsulları, yem gətirilməsinə qoyulan qadağa qüvvəsində qalır.


XS
SM
MD
LG