Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Xəstə şəhər


-

Bu şeirlər "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflər heyətindən bal alsa da, bu, 20-liyə keçmək üçün bəs etməyib.

Vahid Aslan

Xəstə şəhər

Kənddə doğuldum,

- Gözlərim orman yaşıllığına,

Ürəyim bulaq nəğməsinə açıldı,

Ayaqlarım torpaqda,

Qollarım dəryazda,

Oraqda bərkidi;

Bir payız almalar qızaranda,

Qonşu qızının alma yanaqlarında

Dünyanın şirinliyini gördüm,

Elə bildim bu dünya

Sevgi adlı nağıldı,

Bir gün də

Nağıllı dünyamı tərk edib

Şəhərə üz tutanda,

Ürəyimdə için-için ağladım,..

İnstitut bitirməsəydim,

Atamı vaxtsız itirməsəydim,

Kəndi tərk etməzdim,

Şəhərin “böyüklüyü”,

İçi boş hay-küyü

Aldatdı məni,

Gəldim,..

Şəhərin mazut havası,

Gözəllərin pozuq qafası,

Ağlatdı məni...

Şəhər budusa,

İstəmirəm belə şəhəri,

İstəmirəm hər addımbaşı

Ürəyimdən asılan ağrını,

Boğazımda düyünlənən qəhəri;

... Arxada nağıllı dünyam qaldı,

Atamın ot basan qəbri,

Anamın daşları qıran səbri qaldı;

Arxada ağıllı leylam qaldı...

Bu çirkli şəhərdə

Nə hakimiyyət hərisliyim,

Nə vəzifə davam yox,

Nə bir içim saf suyum,

Nə bir udum təmiz havam yox...

Bu şəhər neftbazlarındı,

Küçə-küçə, dalan-dalan

Yadlara keyf bazarıdı,

Bu şəhər xəstədi, anam,

Canı yaman azarlıdı;

...Bilirsənmi, ay ana!

Bizim Bakı deyilmiş

Sən demə ağlımdakı,..

- Yaman dəyişib Bakı...

Arxada qalan anam,

Yanına qayıdıram!

Qayıdıram kəndimə,

Burda ölməmək üçün,

Bakının dərdlərini

Hər gün görməmək üçün...

Qəlbimdən keçənlər

Ən çox sevdiyim şəhərdən

Uzaq bir kənd,

Bu kəndin torpaq adamları,

Ürək bulandıran

Qəribə işlərdən uzaq adamları,..

Bu adamların halallığa uzanan

Fəhlə yolu,

Yolların sinəsi

Cadar-cadar olmuş

Ümidlə dolu,..

Yol qırağında

Pərişan saçını küləklər oxşayan

Tənha söyüd,

Söyüd ağacının kolgəsinə çəkilən

Qərib bir daş,

Və mən də,..

Bu daşa söykənib

Səni düşünəydim yavaş-yavaş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG