Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:41

Bakıda şokolad kimi sərgi açılıb


Şahmat taxtası
Şahmat taxtası

-

Soyuq havada içilən şokolad adama necə ləzzət edirsə, bu şokoladlı sərgiyə baxmaq da elə ləzzət edir. Bakıdakı Muzey Mərkəzində açılan sərgidə şokoladdan nələr yoxdur ki...

Nələr var? Gedib baxmamışdan oxuyun.

ŞAHMAT TAXTASI, AZƏRBAYCAN BAYRAĞI, QIZ QALASI, EYFEL QÜLLƏSİ..

Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Şahmat həvəskarları üçün şahmat taxtasını, fiqurları ağ-qara şokoladdan görməkdən maraqlı nə ola bilər? Baxanda elə bilirsən, şahmat taxtasıdır, iki nəfər lazımdır ki, oyuna başlasın. Ancaq biləndə ki, at da, şah da, fil də, vəzir də, top da, piyadalar da şokoladdandır, şahı olmasa da, heç olmasa, piyadalardan birini yemək istəyirsən.

Ya da ağ şokoladdan bəmbəyaz bir royal, dilləri qara şokoladdan. Çəkisi düz 40 kiloqramdır. Hələ üstündə bir qızılgül də var. Əlbəttə, o da şokoladdandır.

Qız Qalası
Qız Qalası

Hələ Parisin Eyfel qülləsi... 512 şokolad hissəsindən hazırlanıb. İki metr hündürlüyündədir, çəkisi də 45 kq-dır. Hazırlanması müəllifə üç həftəyə başa gəlib.

Şokolad kimi bayraq var burda - üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı. Çəkisi 3 kq-dır.

Bakının Qız Qalası. Elə öz rəngində - sən demə, Qız Qalası əsl şokolad rəngindəymiş. Çəkisi düz 65 kq-dır.

Misir piramidası da burdadır, çəkisi 15 kiloqramdır.

Pianino
Pianino

MANQAL, PİVƏ, QATAR? O DA ŞOKOLADDANDIR

Kabab həvəskarları da unudulmayıb. 12 kiloluq şokolad manqal şokolad şişlərini gözləyir.

Pivə sevənlər üçün pivə parçları, yanında da balıq, xərçəng. Görünüşü belədir, özü şokoladdır.

Çantalar
Çantalar

Başqa nələr var? Şokolad relslərin üstünə şokolad qatar. Səhər yeməyi – içində iki yumurta olan tava, qara çörək, kartof – hamısı şokoladdandır. Bir-birini qucaqlamış zebralar, qadınların vaz keçilməz aksesuarları – çanta, dodaq boyası. Venesiya maskaları, rəsm əsərləri, qədim əşyalar, taclar, bir sini meyvə, müxtəlif heyvan fiqurları, hər şey şokoladdandır. Bir sözlə, şokolad kimi sərgidir.

Bu qədər şokolad görəndən sonra ürəyinizdən şokolad yemək keçəcək. Birinci mərtəbədə satış üçün də şokoladlar var – usta alətləri, açar, dəmir, xəncər, bıçaq, müxtəlif suvenirlər şəklində. Qiyməti 2-12 manat arasındadır.

Bütün bunlar «Nikolya Şokolad Muzeyi» sərgisindədir. Sərgi Muzey Mərkəzində iyunun 28-ə qədər davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG