Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Çıxılmaz durum; hər iki halda banklar zərər görəcək


Dollar
Dollar

-

Bu sərlövhə altında məqalə hazırlayan «Bizim yol» qəzeti Konstitusiya Məhkəməsinin dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması ilə bağlı gözlənən qərarını ekspertlərlə şərh edib.

İqtisadçı-ekspert Natiq Cəfərli «Bizim Yol»a bildirib ki, Azərbaycanda bank sektoru olduqca həssas dönəmdən keçir: «Hətta beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə, «Texnika Bank»ın bankrot olma təhlükəsi var, bir neçə bankın isə problemləri mövcuddur. Ümumiyyətlə, ölkəmizdə bu sektorda vəziyyət kövrəkdir, xaricdən xeyli dərəcədə borclanma var. Məzənnənin aşağı olduğu dövrdə xaricdən borclanma çox sərfəli idi. Avropadan xarici valyutada aşağı faizlə kredit cəlb edərək onu manatla yüksək faizlə əhaliyə verirdilər. Azərbaycanda kredit faizləri olduqca yüksəkdir və Mərkəzi Bankın illərdir ki, həll edə bilmədiyi problemə çevrilib».

N.Cəfərli Konstitusiya Məhkəməsinin əhalinin xeyrinə qərar verəcəyini düşünmür: «Əhalinin xeyrinə qərar çıxarılarsa, bank sektoru ciddi stressə girəcək, böyük müflisləşmə dalğası yarana, onlarla bank sıradan çıxa bilər. Bu da əhali arasında panika yaradacaq. Çünki həmin maliyyə qurumlarına qoyulan əmanətlərlə bağlı problemlər meydana çıxa bilər. Eyni zamanda bankların borcları məsələsini gündəmə gətirəcək. Amma əhalini də düşünmək lazımdır».

«AZƏRKOSMOS»UN SƏHMLƏRİNİN SATIŞINA BAŞLANACAQ

fins.az yazır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında «Azərkosmos» ASC-nin səhmləri Bakı Fond Birjasında (BFB), standart bazar seqmentində listinqə qəbul edilib. BFB-dən fins.az-a verilən məlumata görə, səhmlərin satışına mayın 12-də başlanacaq. Hərraca hər birinin nominal dəyəri 20 manat olan 1 milyon 180 min 530 səhm çıxarılacaq. Satış 1 ay üstünlük hüququ nəzərdə tutulmaqla, bu il avqustun 12-nə qədər davam edəcək. Yerləşdirmənin anderrayteri «PSG-broker» MMC-dir. Emissiya baş tutsa, «Azərkosmos»un nizamnamə kapitalı 40 milyon manatdan 63.6 milyon manata qədər artacaq.

Bakıda avtobus
Bakıda avtobus

ZİYA MƏMMƏDOV PAYTAXTI «BİNƏ» SAHİBİNİN ÜZÜNƏ BAĞLADI

«Yeni Müsavat» qəzeti yazır ki, oliqarxlar arasında şəhərdaxili ictimai nəqliyyata nəzarət savaşı qızışıb: «Avropa Oyunları ilə bağlı şəhər nəqliyyatında dəyişikliklər oliqarxlar arasında əsl savaşa çevrilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus «Transqeyt» özəl şirkətini şəhər nəqliyyatından tam sıxışdırıb çıxarmağa başlayıb. Məlumdur ki, ötən ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində payları dövlətə məxsus «Baku Bus» MMC yaradılıb».

«Yeni Müsavat»ın iddiasına görə, Avropa Oyunları ərəfəsi paytaxta gətirilən avtobusların istehsalçısı «Iveco Bus» şirkəti ilə Nəqliyyat Nazirliyi deyil, məhz Bakı şəhər İcra Hakimiyyəti arasında müqavilə imzalanması da sübut etdi ki, Ziya Məmmədovun şəhər nəqliyyatından milyonlar qazandıran inhisarçı mövqeyinə son qoyulur: «Bu ilin fevralında prezidentin şəxsən iştirakı ilə «Baku Bus»un paytaxta gətirdiyi avtobuslara baxış oldu. 200 ədəd iritutumlu avtobusun gətirildiyi «Baku Bus» MMC artıq aprel ayında tam fəaliyyətə başlayıb. Bir neçə gün ərzində də «Transqeyt» də daxil, Ziya Məmmədova yaxın şirkətlərin onlarla avtobusları ya köhnə adı ilə xətdən çıxarılıb, ya da birdəfəlik bağlanıb».

AZƏRBAYCAN DAHA 11 MİLYARD İTİRDİ

«Hökumətin devalvasiyası fayda vermir. Mərkəzi Bank manatın kursunu saxlamaq üçün bir neçə ayda 7 milyard dollar xərcləyib», - Azadlıq» qəzeti yazır.

Mərkəzi Bank
Mərkəzi Bank

«Azərbaycan daha 11 milyard itirdi» başlıqlı məqalədə bildirilir ki, AMB-nin verdiyi məlumata görə, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb. 31 mart tarixinə 9 milyard 472 milyon dollar valyuta ehtiyatları 30 aprel tarixinə azalaraq 8 milyard 387 milyon təşkil edib. Mərkəzi Bankın ehtiyatlarının tükənməsi bu sürətlə davam edərsə, bankı defolt gözləyə bilər. Çünki MB-nin həyata keçirdiyi siyasət hazırkı dönəmdə manatın kursunun sabit qalmasına yardım etmir.

Ekspertlərə görə, baş verənlər onu göstərir ki, artıq ölkədəki iqtisadi sistem normal olaraq işləmir: «Azərbaycanda iqtisadi sistem sırf neftin qiyməti ilə bağlı olduğundan qeyri-neft sektoru hazırda yox dərəcəsindədir. Azərbaycanın ixracının 92-93 faizinin neft və neft məhsulları təşkil edir. Azərbaycanda yerli istehsala ciddi dəstək yoxdur. Devalvasiya addımı atılsa da, hələ də manatın ucuzlaşması davam edir. Mərkəzi Bank başda olmaqla müvafiq təşkilatlar prosesləri müşahidə etməklə kifayətlənirlər. Çünki devalvasiyadan sonra Azərbaycanda anti-böhran addımları atılmayıb. Halbuki, devalvasiyadan sonra hökumət konkret addımlar atmalı idi. Bu addımlardan biri də devalvasiyanın nəticəsi olan qiymət artımının qarşısının indiki kimi inzibati yolla deyil, konkret iqtisadi addımlarla alınması olmalı idi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG