Yeni ştatların açılması ilə əlaqədar dövlət büdcəsindən lazımi vəsait ayrılacaq. Şakir Quliyev bununla yanaşı xərclərin azaldılmasına xidmət edən dəyişikliklərin də nəzərdə tutulduğunu deyir.
Onun sözlərinə görə Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin səhmdar cəmiyyətə çevrilməsi, Bakı şəhərinin rayon təhsil və səhiyyə şöbələrinin ləğv edilməsi ilə əlaqədar inzibati xərclər azaldılacaq. Müzakirədə iştirak edən Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov isə XİN aparatında işçilərinin sayının artırılmasını təklif edib.
Gələn il həmçinin Vergilər Nazirliyinin Maddi Məsələlər və İnkişaf Fondu ləğv ediləcək. Şakir Quliyev deyir ki, bununla bağlı təkliflər MM-ə təqdim edilib. Həmin təkliflərə əsasən Vergilər Nazirliyinin xərclərinə yenidən baxılacaq.
Maliyyə Nazirliyinin idarə müdirinin sözlərinə görə gələn il dövlət orqanında çalışan 30 minə yaxın adamın vəzifə maaşı da artırılacaq. Bundan ötrü 2007-ci ilin dövlət büdcəsində 53,5 milyon manat vəsait proqnozlaşdırılır.
Bu artıq 2007-ci ilin dövlət büdcəsinin Milli Məclisin komissiyalarında son müzakirəsi idi. Gələn ilin büdcəsi noyabrın 7-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.